Övladlarımızın həyatını səhlənkarlığımıza qurban verməyək!
Təəssüf ki, hələ də azyaşlı uşağı qucaqda saxlamaqla avtomobil idarə edən şəxslərə rast gəlinir ki, bu da həm qanunazidd, həm də son dərəcə təhlükəli əməldir.
Ekstremal vəziyyətlərdə aciz qalacaqlarını nəzərə almayan belə sürücülər, təhlükədən xəbərsiz, özlərini qorumaq iqtidarında olmayan uşaqların həyatını riskə atdıqlarını, sonradan bərpası mümkün olmayan xətaya yol verdiklərini sanki unudurlar.
Paytaxtın Zabrat qəsəbəsində Tural Süleymanov qucağında 7 yaşlı oğlu ilə avtomobil idarə edərkən, azyaşlının anidən sürüşərək sürət pedalını sıxması nəticəsində nəqliyyat vasitəsi hasara çırpılıb. Azyaşlı hadisə yerində həyatını itirib, ata isə ağır xəsarətlə xəstəxanaya yerləşdirilib.
Övladını sükan arxasında daşıyan valideyn onun təhlükəsizliyini düşündüyünü zənn edir. Amma bəzən yol verdiyimiz səhlənkarlıq səbəbindən qəza anında düşünməyə vaxt qalmır.