Azərbaycan Beynəlxalq Dəniz Təşkilatının Dəniz ətraf mühitinin mühafizəsi üzrə Komitəsinin sessiyasında təmsil olunub
Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) nümayəndə heyəti Londonda keçirilən Beynəlxalq Dəniz Təşkilatının (BDT) Dəniz ətraf mühitinin mühafizəsi üzrə Komitəsinin 2-ci növbədənkənar sessiyasında ölkəmizi təmsil edib.
Agentlikdən bildirilib ki, tədbirdə İdarə heyəti sədrinin müşaviri Habil Abbasov və Dəniz ətraf mühitinin mühafizəsi şöbəsinin müdiri Fərid Murtuzov iştirak ediblər.
Sessiya zamanı “Dənizin gəmilərdən çirkləndirilməsinin qarşısının alınması haqqında” 1973-cü il tarixli Beynəlxalq Konvensiyanın VI əlavəsinə təklif olunan dəyişikliklər, BDT-nin “Xalis sıfır çərçivəsi”, İşçi qrupların hesabatları və iş planları müzakirə olunub, müvafiq qərarlar qəbul edilib.
Tədbir çərçivəsində “Xalis sıfır çərçivəsi”nin qəbulu ilə bağlı müzakirələrin davam etdirilməsinin bir il müddətinə təxirə salınması barədə razılıq əldə olunub. Bu müddət ərzində üzv dövlətlər BDT-nin “Xalis sıfır çərçivəsi” üzrə konsensus istiqamətində işləməyə davam edəcəklər.
DDLA-nın İdarə heyəti sədrinin müşaviri Habil Abbasov sessiyanın vacibliyini vurğulayaraq gəmilərdən atılan istixana qazları emissiyalarının azaldılması istiqamətində komitə tərəfindən qəbul edilən qərarların əhəmiyyətindən danışıb. Bildirib ki, sənəd layihəsinin yenidən işlənməsi məqsədilə müzakirələrin davam etdirilməsinin bir il müddətinə təxirə salınması əhəmiyyətli addım hesab olunur.