azturkxeber.az
http://azturkxeber.az

Gəncə Dövlət Universitetində “Qan yaddaşımız” adlı anım tədbiri keçirilib

26-02-2025


Gəncə Dövlət Universitetində (GDU) Xocalı faciəsinin 33-cü ildönümünə həsr olunmuş “Qan yaddaşımız” adlı anım tədbiri keçirilib.

Tədbirdən öncə Xocalı faciəsinin 33-cü ildönümünə həsr olunmuş rəsm və kitab sərgisi təşkil edilib. Universitetin rektoru Yusif Yusibov və professor-müəllim heyəti sərgiyə baxış keçiriblər.

Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ümummilli Lider Heydər Əliyevin, Xocalı soyqırımı qurbanlarının, eləcə də torpaqlarımızın azadlığı uğrunda canlarını verən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Xocalı soyqırımının dəhşətlərini özündə əks etdirən videoçarx nümayiş olunub.

Gəncə Dövlət Universitetinin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva çıxış edərək, 1992-ci il fevralın 25-dan 26-na keçən gecə Xocalıda törədilən faciədə Azərbaycan xalqının başına gətirilən müsibətlərdən, bu kütləvi qırğında yüzlərlə insanın vəhşicəsinə qətlə yetirilməsindən, yandırılmasından və girov götürülməsindən danışıb. Diqqətə çatdırılıb ki, faciə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Xocalı soyqırımının dünyaya tanıdılması istiqamətində Ulu Öndər Heydər Əliyevin yürütdüyü siyasət bu gün dövlət başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Rektorun baş müşaviri Asif Cavadov çıxışında bildirib ki, Azərbaycan xalqının XX əsrdə üzləşdiyi dəhşətli Xocalı faciəsi yalnız Holokost soyqırımı kimi insanlıq tarixinə düşmüş qanlı faciə ilə müqayisə oluna bilər. XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir.

Universitetin Elm və İnnovasiyalar üzrə prorektoru, deputat Pərvin Kərimzadə vurğulayıb ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan Zəfər nəticəsində Xocalı soyqırımı qurbanlarının, eləcə digər şəhidlərin qanı yerdə qalmadı. 2023-cü il sentyabrın 19-da Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri zamanı Xocalı şəhəri separatçılardan tamamilə təmizləndi. Dövlət başçısı İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xocalı şəhərində Azərbaycanın Dövlət Bayrağını ucaltdı.

Tədbirdə çıxış edən Gəncə Dövlət Universitetinin Azad Həmkarlar İttifaqı Komitəsinin sədri Afaq Qasımova Xocalıda törədilən faciənin acılarından söz açıb, bu dəhşətli qətliamın və onun ağır nəticələrinin unudulmamasının vacibliyini vurğulayıb.

Ümumi tarix kafedrasının dosenti Hüseyn Bəxtiyarlının “Xocalı dəhşəti – XX əsrin faciəsi”, Azərbaycan tarixi kafedrasının baş müəllimi Tünzalə Cahangirovanın “Xocalı faciəsi tariximizin qan yaddaşı”, Sosial fənlər kafedrasının baş müəllimi Üzeyir Balakişiyevin “Xocalı faciəsi XX əsrin ən böyük soyqırımıdır”, Fizika və texniki fənlər fakültəsinin tələbəsi Ülviyyə Məmmədlinin “Xocalı harayı” məruzələri dinlənilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    February 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
2425262728