azturkxeber.az
http://azturkxeber.az

Xocalı – ruhların qisası, yaxud şəhid şəhərdən abad şəhərə

24-02-2025

Xocalı – ruhların qisası, yaxud şəhid şəhərdən abad şəhərə


XX əsrin sonu əsasən irqçi və “sinifçi” təlimlərin formalaşdığı dövr olaraq xarakterizə edilir. Onlardan birincisi “faşizm”, ikincisi “bolşevizm” doktrinasında ifadəsini tapdı. Son iki əsrin ən böyük sosial-siyasi bəlaları, ideoloji kataklizmləri öz qidasını bu təlimlərdən almışdır: iki dünya müharibəsi, yüzlərlə inqilablar, həbs düşərgələri, hər cür totalitarizm və militarizm çeşidləri, daşnakçılıq və sionizm, rasizm, dini fanatizm, Hokkaydo, Xirosima, Xatın, Baqanis Ayrım və s. Bu faciələr içərisində Xocalı soyqırımı törədilən vəhşətin miqyasına və amansızlığına görə onlarla eyni sırada dayanır. Təsadüfi deyil ki, Ümummilli Lider Heydər Əliyev azərbaycanlılara qarşı çevrilmiş etnik təmizləmə siyasətinin yolverilməz qanlı cinayət, dəhşətli soyqırımı olduğunu qeyd edərək demişdir: “Xocalı faciəsi 200 ilə yaxın bir müddətdə azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamıdır və qanlı səhifəsidir”.

Bu barədə açıqlamasında Milli Məclisin deputatı, filologiya elmləri doktoru Elnarə Akimova söyləyib.

Deputat qeyd edib ki, 1990-cı illər XX əsr daxilində öz əlahiddəliyi ilə xüsusi əhəmiyyət kəsb edir: “Keçid dövrü kimi xarakterizə olunan bu mərhələnin bir-biri ilə ziddiyyət təşkil edən ikili səciyyəsi – onun həm qopub ayrıldığı sovet dövrünün rudimentlərini özündə daşıması, həm də bu qalıqlarla mübarizə apararaq yeni biçimdə özünü ifadə etməyə çalışması kimi əlamətlər onilliyin əsas göstəricisini təşkil edir. Bu dövr həm də qlobal proseslərin milli ədəbiyyatımıza yansıdığı zaman vahidi kimi səciyyəvidir. Bir tərəfdən böyük bir imperiyanın süqutu, onunla bağlı ümidlərin puç olması, bütün postsovet ölkələrinin azadlığa can ataraq imperiya əsarətindən qurtulma çabaları, Azərbaycanın milli müstəqilliyini əldə etməsi, digər tərəfdən üzləşdiyimiz Qarabağ problemi, 20 Yanvarda sovet ordusunun törətdiyi qanlı qırğın, torpaqlarımızın ard-arda itirilməsi, Xocalı soyqırımı... hadisələr elə sürətlə cərəyan etdi ki, Azərbaycan vətəndaşı üçün baş verənləri dərk etmək, onu müşahidə etmək, yaşamaq qədər çətin idi. Digər tərəfdən, beynəlxalq səciyyəli proseslər baş verirdi ki, insan çaşqınlığa düşür, özünü mənəvi deqradasiyanın pik həddində sanırdı. Bəşəriyyətin taleyi təhlükədə idi. Ona görə XX əsrin sonlarında Azərbaycanda baş verən proseslərə – xaos, müharibə, siyasi çəkişmələr və oyunlar, terror hadisələri və qətliamlara yalnız lokal bir cəmiyyətin problemi kimi yanaşılmır, bu böhran həddi dünya səviyyəsində gedən xaos dalğasının təzahürü olaraq qavranılırdı. Xocalı faciəsi onların arasında ona görə fərqlənir ki, özündə erməni qəsbkarlığının məşum obrazını – ağlasığmaz qəddarlıq və qeyri-insani cəza üsulları ilə gerçəkləşdirdikləri rəftarı ehtiva eləyir”.

E.Akimova vurğulayıb ki, Xocalı soyqırımı 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə törədilən, Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri olaraq tarixi yaddaşımızda qalacaq. Həmin gecə Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini pozaraq keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücum edib və dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutub.

“Biz bu gün Ümummilli Lider Heydər Əliyevin obrazını milli tarix və siyasi xidmətlər fonunda təqdim edərkən onun Xocalı faciəsinə münasibətdə sərgilədiyi təəssübkeş davranışı da nəzərdə tuturuq. Heydər Əliyev şəxsi təşəbbüs göstərərək Xocalı hadisəsinə siyasi qiymət verib və erməni şovinistlərinin törətdiyi cinayətlərin dünya dövlətləri və beynəlxalq ictimaiyyətə çatdırılması üçün təcili tədbirlər görüb. Milli Məclisin 1994-cü il 24 fevral tarixli qərarı ilə fevralın 26-sı Xocalı soyqırımı günü elan olunub. Eyni zamanda, Ulu Öndərin 1997-ci il 25 fevral tarixli Sərəncamı ilə Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək məqsədilə hər il fevral ayının 26-sı saat 17:00-da Azərbaycan Respublikası ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan edilib.

Bu işğal nəticəsində Xocalı şəhəri xarabalığa çevrildi. Sosial-məişət obyektləri, fərdi yaşayış binaları, məktəblər, klublar, kitabxanalar, mədəniyyət evləri, qəbiristanlıqlar yerlə-yeksan edildi, vandalizmə məruz qaldı. Amma ən böyük fəlakət insan itkiləri, onların başlarına gətirilən amansızlıqlar, ağlasığmaz işgəncələrlə bağlıdır. Bu soyqırımı nəticəsində rəsmi rəqəmlərə görə, 613 nəfər öldürülüb ki, onlardan 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri isə qoca idi. Bunların içərisində 8 ailə tamamilə məhv edildi, 56 nəfər xüsusi qəddarlıqla - diri-diri yandırılaraq, başının dərisi soyularaq, boynu vurularaq, gözləri çıxarılaraq, hamilə qadınların isə qarın boşluğuna süngü ilə vurularaq öldürüldü. Neçə uşaq valideynsiz, neçə ailə başsız qaldı, neçə insan şikəst qoyuldu, neçəsi əsir götürüldü, taleyi naməlum olan neçə insan oldu. Çeşidli insan mənzərələri, insan faciələri! Bəli, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dediyi kimi, Xocalı faciəsi iki yüz ildən çox müddətdə erməni millətçilərinin xalqımıza qarşı apardığı soyqırımı siyasətinin qanlı səhifəsidir”, - deyə E.Akimova vurğulayıb.

Milli Məclisin deputatı qeyd edib ki, Xocalı soyqırımının tanınması istiqamətində zəruri addımlar atılıb. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən “Xocalıya ədalət!” kampaniyasına start verilib, faciənin miqyasının tanıdılması istiqamətində müvafiq addımlar atılıb. Bu kampaniyanın bir sıra mühüm məqsədləri var. Bu sıraya Xocalı soyqırımının dünya ictimaiyyəti tərəfindən tanınması, ona hüquqi və siyasi qiymət verilməsi; Ermənistan hökuməti tərəfindən Xocalı soyqırımına görə rəsmi üzr istənilməsi, bu hadisələrin bir daha törədilməyəcəyinə təminat verilməsi və vurulmuş ziyana (maddi və mənəvi) görə tam olaraq kompensasiyanın ödənilməsi, müvafiq cinayətlərin törədilməsinə görə məsuliyyət daşıyan şəxslərin cəzalandırılması daxildir. Bununla yanaşı, Xocalı soyqırımı barədə dünya ictimaiyyətinin məlumatlılığının artırılması, soyqırımı qurbanlarının xatirəsinin yad edilməsi, sağ qalmış ailələrə dəstək göstərilməsi, bu hadisələrin yaddaşlarda yaşaması, xüsusən də gənc nəsil tərəfindən unudulmaması kimi məsələlər də kampaniyanın məqsədləri sırasındadır.

Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 2020-ci il Vətən müharibəsində torpaqlarımızı azad etməklə 30 illik işğala son qoydu. Döyüş meydanında Xocalı qurbanlarının da qisası alındı. Xocalı şəhəri 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılardan təmizləndi. Prezident İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı. 2024-cü il fevralın 26-da dövlətimizin başçısı Xocalı şəhərində Xocalı Soyqırımı Memorialının təməlini qoydu. Bu gün bütün azad edilən torpaqlarımızda olduğu kimi, Xocalıda da abadlıq, quruculuq işləri başlayıb, təmir, bərpa işləri aparılır, sakinlər doğma yurdlarına qayıdırlar.

“Müharibələr, soyqırımlar insan mədəniyyətinin çöküşü nəticəsində yaranan faciədir. Amma müharibələrdən, soyqırımlardan sonra yeni mədəniyyət yaratmaq zərurəti meydana çıxır. Bu gün Xocalı başına gətirilmiş qeyri-insani bəlalardan sıyrılıb yeni yaranacaq dirçəlişin, insan əli ilə qurulacaq yeni mədəniyyətin astanasındadır. Qiyama və qisasa qalxan ruhlar da əlbəttə, şad və xürrəmdir!”, - deyə deputat Elnarə Akimova fikrini yekunlaşdırıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    February 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
2425262728