Çində yaz festivalı ilə əlaqədar rekord sayda səyahət qeyd alınıb
Şərq xalqlarının Ay təqvimi üzrə qeyd olunan Yeni il bayramı və ya Yaz festivalı ilə əlaqədar Çində ictimai və fərdi nəqliyyat vasitələri ilə 9,02 milyard sərnişin səyahəti qeydə alınıb. Bu, ölkə tarixində rekord göstəricidir.
Azturkxeber.az Çinin Nəqliyyat Nazirliyinə istinadla xəbər verir ki, builki səyahətlərin sayı ötənilkindən 7,1 faiz çox olub. Səyahətlərin böyük hissəsi (8,39 milyard) avtobus və avtomobillər, 510 milyonu qatar, 90,2 milyonu hava nəqliyyatı ilə reallaşıb. Su nəqliyyatı ilə daşınan sərnişinlərin sayı 31 milyondan çox olub.
Yaz festivalı ilə əlaqədar səyahət mövsümü ay təqvimi ilə Yeni ilin ilk günündən (Miladi təqvimlə 29 yanvar) 15 gün əvvəl başlayıb və 40 gün davam edib. Bu dövrdə çinlilər ailə üzvlərini, doğmalarını, yaxınlarını, dostlarını görmək, habelə bayram tətilindən yararlanaraq turizm məqsədilə səfərlər edirlər. Elə buna görə də bütün növ ictimai nəqliyyata tələbat artır. Çində yaz festivalı dövründəki səyahət dünyada ölkədaxili ən böyük miqrasiya hesab olunur.
Festival iqtisadiyyatın müxtəlif sahələrində, xüsusilə də turizm, ticarət, xidmətlər sektorlarında böyük canlanmaya səbəb olur. Elə ümumi səyahətlərin 500 milyonunun turizm məqsədli olması bunun bariz nümunəsidir. Bayram tətilində ölkənin turizm sektorunda dövriyyə 677 milyard yuana (təxminən 93,4 milyard ABŞ dolları) çatıb. Bu rəqəm pandemiyadan əvvəlki (2019-cu il) göstəricidən 31,7 faiz çoxdur. Bayram günlərində kinoteatrların kassa yığımı 2,76 milyard dollar təşkil edib. Bu göstərici ilə Çin kassa yığımına görə dünyada lider ölkəyə çevrilib.
Qeyd edək ki, Şərqi Asiya ölkələrinin ənənəvi Ay təqvimi ilə ilan ili yanvarın 29-da başlayıb. Bayram tətili rəsmən 8 gün olsa da, Çində xüsusən özəl sektorda tətil bir aya yaxın davam edir.