YAP İdarə Heyətinin üzvü Rauf Əliyevə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni təqdim olunub




Sentyabrın 22-də Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatında YAP İdarə Heyətinin üzvü Rauf Əliyev ilə görüş keçirilib.
Azturkxeber.az xəbər verir ki, YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov bildirib ki, Rauf Əliyev Heydər Əliyev ideyalarına sadiq, möhkəm əqidəli və vətənpərvər şəxsiyyət kimi uzun müddət müxtəlif sahələrdə uğurlu fəaliyyət göstərərək öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirib.
Rauf Əliyevin Yeni Azərbaycan Partiyasının təşkilatlanmasında və inkişafında xidmətlər göstərdiyini vurğulayan Tahir Budaqov qeyd edib: “Təsadüfi deyil ki, çoxillik və məqsədyönlü fəaliyyətiniz ölkə rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə 2016-cı ildə “Şöhrət”, 2026-cı ildə isə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordenləri ilə təltif olunmağınız əməyinizə verilən yüksək dəyərin bariz nümunəsidir”.
Tahir Budaqov vurğulayıb ki, Rauf Əliyev hazırda YAP İdarə Heyətinin üzvü kimi məqsədyönlü fəaliyyətini uğurla davam etdirərək partiyanın həyatında yaxından iştirak edir: “Sizə möhkəm cansağlığı, uzun ömür və YAP İdarə Heyətinin üzvü, eləcə də Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının birinci vitse-prezidenti kimi milli-mənəvi dəyərlərin, dövlət maraqlarının qorunması və gənc nəslin vətənpərvərlik ruhunda sağlam yetişməsi istiqamətində şərəfli fəaliyyətinizdə yeni-yeni nailiyyətlər arzulayıram”.
Sonra Rauf Əliyevə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni təqdim olunub.
YAP İdarə Heyətinin üzvləri, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Milli Məclisin deputatları Musa Quliyev və Pərvin Kərimzadə, Vüqar Rəhimzadə çıxış ediblər. Qeyd olunub ki, Rauf Əliyev uzun müddət müxtəlif vəzifələrdə uğurla çalışaraq ona göstərilən etimadı layiqincə doğruldub. Natiqlər R.Əliyevin YAP İdarə Heyətinin üzvü kimi səmərəli fəaliyyət göstərdiyini diqqətə çatdıraraq ona möhkəm cansağlığı və işlərində uğurlar arzulayıblar.
Göstərilən diqqətə və yüksək etimada görə Azərbaycanı Zəfər zirvəsinə yüksəldən ölkə başçısı, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevə minnətdarlığını bildirən Rauf Əliyev Ümummilli Liderin ideyaları əsasında və Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edən, Azərbaycanın tərəqqisində müstəsna rol oynayan Yeni Azərbaycan Partiyasının həyatında yaxından iştirak etməkdən qürur duyduğunu, bundan sonra da öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirmək üçün səylərini əsirgəməyəcəyini vurğulayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: