azturkxeber.az
http://azturkxeber.az

Ombudsman: Sülh mədəniyyətinin möhkəmləndirilməsi hər birimizin gündəlik münasibətlərindən başlayır

21-09-2026


Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən 21 Sentyabr - Beynəlxalq Sülh Günü münasibətilə elan edilmiş “Sülh Aylığı” başa çatır. Avqustun 21-dən sentyabrın 21-dək davam edən Aylıq çərçivəsində Ombudsman Aparatı və regional mərkəzləri, eləcə də müxtəlif dövlət qurumları, yerli özünüidarəetmə orqanları, vətəndaş cəmiyyəti institutları və digər qurumlar tərəfindən sülh və insan hüquqları mövzusunda tədbirlər və maarifləndirmə təşəbbüsləri həyata keçirilib.

Beynəlxalq Sülh Günü münasibətilə AZƏRTAC-ın suallarını cavablandıran Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva “Sülh Aylığı”nın yekunları, regionda sülh və sabitliyin möhkəmləndirilməsi perspektivləri, Aylıq çərçivəsində görülən işlər və cəmiyyətdə sülh mədəniyyətinin təşviqi barədə danışıb.

– “Sülh Aylığı”nı keçirməkdə əsas məqsəd nə idi?

– Əsas məqsədimiz sülh və insan hüquqları arasındakı əlaqə barədə cəmiyyətdə məlumatlılığı artırmaq, hörmət və etimad mühitini gücləndirmək, dialoq və anlaşma imkanlarını genişləndirmək idi. Eyni zamanda, müxtəlif dövlət və ictimai institutların da bu istiqamətdə həyata keçirilən fəaliyyətlərə cəlb olunmasını istəyirdik.

Sülh və insan hüquqları bir-birini tamamlayan dəyərlərdir. İnsanların təhlükəsiz yaşaması, ləyaqətinə hörmət edilməsi, ayrı-seçkiliyə məruz qalmaması və hüquqlarından bərabər istifadə edə bilməsi davamlı sülh üçün mühüm şərtlərdəndir. Eyni zamanda, sülh mühiti insan hüquq və azadlıqlarının daha səmərəli təmin olunmasına imkan yaradır.

Ona görə də “Sülh Aylığı”nı yalnız tədbirlər toplusu kimi görmürük. Burada əsas məqsəd sülh və insan hüquqları ilə bağlı dəyərlərin cəmiyyətimizdə daha geniş təşviq olunması və Aylıq başa çatdıqdan sonra da insanların gündəlik münasibətlərində özünü göstərməsidir.

– Sülh dedikdə nəyi nəzərdə tuturuq? Bu anlayış yalnız müharibənin olmaması ilə məhdudlaşırmı?

– Xeyr, sülhü yalnız müharibənin və zorakılığın olmaması kimi başa düşmək onun mahiyyətini tam əks etdirmir. Davamlı sülh insan hüquq və azadlıqlarına hörmət, insan ləyaqətinin qorunması, ədalət və bərabərlik, etimad, dialoq və əməkdaşlıq kimi fundamental dəyərlərə əsaslanır.

İnsanların hüquqlarının qorunduğu, özlərini təhlükəsiz hiss etdikləri və cəmiyyət həyatında bərabər iştirak imkanlarına malik olduqları mühit sülhün dayanıqlılığı üçün çox vacibdir. Bu yanaşma BMT-nin 2026-cı il Beynəlxalq Sülh Günü üçün müəyyən etdiyi “Sülhə sərmayə qoyaq - hər kəs üçün, hər yerdə, hər gün” mövzusu ilə də səsləşir.

Sülh mədəniyyəti, ilk növbədə fərqli fikirləri dinləmək, fikir ayrılıqlarına hörmətlə yanaşmaq və mübahisələri zorakılıq yolu ilə deyil, dialoq və anlaşma vasitəsilə həll etmək bacarığıdır.

– Azərbaycanın yaşadığı münaqişə təcrübəsini nəzərə alsaq, bu gün sülh mədəniyyətinin formalaşdırılması nə üçün xüsusilə vacibdir?

– Azərbaycan uzun illər davam edən münaqişənin ağır humanitar nəticələri ilə üzləşib. İnsanların öz doğma yurdlarından didərgin düşməsi, itkin düşmüş şəxslərin taleyi, mina və partlamamış hərbi sursatların yaratdığı təhlükə, insanların həyat və sağlamlığına vurulmuş zərər bunun nə qədər ağır nəticələr doğurduğunu göstərir.

Azərbaycanın 30 ilə yaxın işğal altında qalmış ərazilərinin azad edilməsi ilə ərazi bütövlüyümüz bərpa olunub, 2023-cü ilin sentyabrında isə dövlət suverenliyimiz tam təmin edilib. Bununla regionda yeni reallıq yaranıb və sülhün möhkəmləndirilməsi üçün yeni mərhələ başlayıb.

Münaqişə dövründə BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri qəbul edilmişdi. Həmin qətnamələrdə işğal olunmuş ərazilərdən qüvvələrin çıxarılması və münaqişənin həlli ilə bağlı müddəalar müəyyənləşdirilmişdi. Təəssüf ki, uzun illər ərzində bu qətnamələrin tələbləri həyata keçirilmədi.

Ötən il avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülhə dair saziş layihəsi paraflanıb, Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri Birgə Bəyannamə imzalayıblar. Bu, münasibətlərin normallaşdırılması və regionda sülh gündəliyinin inkişafı baxımından mühüm mərhələdir.

Amma münaqişənin başa çatması onun bütün humanitar nəticələrinin bir anda aradan qalxması demək deyil. Ombudsmanın son bəyanatında da qeyd olunduğu kimi, Birinci Qarabağ müharibəsi nəticəsində 4000-dən artıq Azərbaycan vətəndaşı itkin düşmüş şəxs kimi qeydiyyata alınıb. Azad edilmiş ərazilərdə aşkar edilmiş 32 kütləvi məzarlıq üzrə aparılan tədbirlər nəticəsində 328 nəfərin şəxsiyyəti müəyyən edilib, 250 nəfərin qalıqları ailələrinə təhvil verilib, 3682 nəfərin taleyi isə hələ də naməlum qalır.

Bu rəqəmlər göstərir ki, müharibənin humanitar izləri cəmiyyətimiz üçün hələ də aktualdır. Ona görə də bu ağrı və narahatlıqların qısa müddətdə insanların yaddaşından silinməsini gözləmək real deyil. Əsas məsələ həmin təcrübədən nəticə çıxararaq gələcək nəsillər üçün daha təhlükəsiz və dinc həyat şəraitinin formalaşdırılmasıdır.

Azərbaycan üçün bu mərhələdə sülh yalnız dövlətlərarası münasibətlərin normallaşdırılması demək deyil. Sülh həm də insanların təhlükəsizliyi, hüquq və azadlıqlarının təmin olunması, cəmiyyətin inkişafı və gələcək nəsillərin dinc şəraitdə böyüməsidir.

Əlbəttə, davamlı sülh yalnız siyasi masalarda qəbul edilən qərarlardan asılı deyil. Cəmiyyətlərin və insanların bu prosesə münasibəti də çox vacibdir. Müharibədə olduğu kimi, sülhün qurulmasında da əsas tərəf insandır. İnsanlar sülh mədəniyyətini mənimsəməli, fərqli fikirlərə və müxtəlifliyə hörmət etməli, mübahisələrin dialoq və anlaşma yolu ilə həllinə üstünlük verməlidirlər.

Bizim məqsədimiz keçmişi unutmaq deyil. Əksinə, keçmişin ağır təcrübəsindən nəticə çıxararaq gələcəyi sülh, təhlükəsizlik, qarşılıqlı hörmət və insan hüquqları üzərində qurmaqdır.

– Uşaqların və gənclərin bu prosesdə rolunu necə görürsünüz?

– Əsas mesajlarımızdan biri ondan ibarət idi ki, sülh mədəniyyəti hər bir insanın hüquq və azadlıqlarına, ləyaqətinə və fərqliliklərə hörmətdən başlayır. Bu dəyərlərin erkən yaşlardan mənimsənilməsi uşaqların və gənclərin hüquqlara hörmət və məsuliyyət ruhunda formalaşması baxımından xüsusi əhəmiyyət daşıyır.

Uşaqlar və gənclər sülh mədəniyyətinin yalnız gələcək daşıyıcıları deyil, onun bu gün formalaşmasında da fəal iştirak edən tərəflərdir. Onların ictimai və rəqəmsal mühitdə fəallığını nəzərə alaraq, fərqli fikirlərə hörmət etmələri, ayrı-seçkilik və nifrət nitqindən uzaq olmaları, məsuliyyətli ünsiyyətə və dialoqa üstünlük vermələri mühümdür.

Bu istiqamətdə vətəndaş cəmiyyəti institutlarının, təhsil müəssisələrinin və medianın da imkanları böyükdür. Onlar sülh və insan hüquqları ilə bağlı dəyərlərin daha geniş auditoriyalara çatdırılmasına mühüm töhfə verə bilərlər.

– “Sülh Aylığı” çərçivəsində hansı işlər görülüb?

– Aylıq çərçivəsində Ombudsman Aparatı və regional mərkəzlərimiz tərəfindən müxtəlif auditoriyaları əhatə edən hüquqi maarifləndirmə tədbirləri keçirilib. Bu tədbirlərdə sülh və insan hüquqlarının əlaqəsi, milli müdafiə mexanizmləri və Ombudsman təsisatının fəaliyyəti barədə məlumat verilib.

Xüsusilə həssas əhali qruplarının hüquqlarının müdafiəsinə, bərabərliyin təmin edilməsinə, ayrı-seçkiliyin qarşısının alınmasına və inklüzivliyin təşviqinə diqqət yetirilib. Uşaqların hüquqları, nifrət nitqi, ifadə azadlığı, rəqəmsal mühitdə bərabərlik, əlilliyi olan şəxslərin hüquqları və zərərli stereotiplərin aradan qaldırılması kimi məsələlər müzakirə olunub.

Ombudsmanın çağırışına uyğun olaraq dövlət orqanları, bələdiyyələr, elm və təhsil müəssisələri, mədəniyyət, tibb və sosial xidmət qurumları, cəzaçəkmə müəssisələri, vətəndaş cəmiyyəti institutları, media və digər qurumlar tərəfindən də müxtəlif tədbir və təşəbbüslər həyata keçirilib.

Görülən işlərin ictimaiyyətə çatdırılmasına, o cümlədən sosial media platformalarında “#SülhAylığı” və “#PeaceMonth” həştəqləri ilə paylaşılmasına da diqqət yetirilib.

– “Sülh Aylığı”nın əsas nəticəsini nədə görürsünüz? Bundan sonra hansı istiqamətlər davam etdirilməlidir?

– Mən “Sülh Aylığı”nın əsas nəticəsini sülh və insan hüquqları mövzusunun geniş maarifləndirmə müstəvisində təşviq edilməsində və müxtəlif qurumların, vətəndaş cəmiyyəti institutlarının və ictimaiyyətin bu prosesdə iştirakında görürəm.

Amma Aylığın başa çatması bu işlərin bitməsi demək deyil. Əksinə, burada təşviq olunan dəyərlərin davamlı şəkildə möhkəmləndirilməsi vacibdir. Hüquqi maarifləndirməni və insan hüquqları üzrə təhsili davam etdirmək, uşaqların və gənclərin fəal iştirakını təşviq etmək, hüquqlara və müxtəlifliyə hörmət mədəniyyətini gücləndirmək əsas istiqamətlərdən olmalıdır.

Bununla yanaşı, dövlət qurumları, yerli özünüidarəetmə orqanları, vətəndaş cəmiyyəti, təhsil və media subyektləri arasında əməkdaşlığı genişləndirmək, dialoq və maarifləndirmə təşəbbüslərini davam etdirmək də mühüm əhəmiyyət daşıyır.

Əsas istəyimiz odur ki, sülh mədəniyyəti yalnız müəyyən tarixlərdə keçirilən tədbirlərlə məhdudlaşmasın. O, insan hüquqlarına hörmətin, dialoqun, bərabərliyin və məsuliyyətli davranışın əsasını təşkil edən gündəlik münasibətlərin ayrılmaz hissəsinə çevrilsin.

– Sonda, Beynəlxalq Sülh Günü münasibətilə cəmiyyətimizə nə demək istərdiniz?

– İlk növbədə, Beynəlxalq Sülh Günü münasibətilə hər kəsi təbrik edir, dünyada sülhün və təhlükəsizliyin möhkəmlənməsini arzulayıram. Arzu edirəm ki, insanlar müharibə və zorakılıqdan uzaq, hüquq və azadlıqlarına hörmət olunan şəraitdə yaşasınlar.

Sülhün qorunması və möhkəmləndirilməsi, əslində, insanların gündəlik münasibətlərindən başlayır. Bir-birimizə hörmətlə yanaşmaq, fikir ayrılıqlarında dialoqa üstünlük vermək və məsuliyyətli davranmaq hər birimizin sülh mədəniyyətinə verə biləcəyi töhfədir.

İstərdim ki, sülh yalnız xüsusi günlərdə səsləndirdiyimiz çağırış olmasın. O, hər gün davranışımızda və bir-birimizə münasibətdə rəhbər tutduğumuz ortaq dəyərə çevrilsin. Çünki davamlı sülh dövlətlər arasında əldə olunan razılaşmalarla yanaşı, insanların düşüncəsində, davranışında və cəmiyyətlərin gündəlik münasibətlərində də möhkəmlənir.

Fürsətdən istifadə edərək “Sülh Aylığı”na göstərdikləri həssaslıq və diqqətə, keçirilən tədbir və təşəbbüslərə fəal iştiraklarına görə bütün dövlət qurumlarına, beynəlxalq və ictimai təşkilatlara, qeyri-hökumət təşkilatlarına, təhsil müəssisələrinə, mediaya və bütün iştirakçılara təşəkkürümü bildirirəm. Bu dəstəyi çox yüksək qiymətləndirirəm.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2026    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930