QUBADLI: 31 avqustdan 25 oktyabra... — Orxan Aslan yazır

Bəzi insanların taleyi doğulduğu gündən deyil, ölümdən döndüyü andan yazılır.
1993-cü il idi. Cəmi 1 yaşım var idi... Erməni raketinin qəlpələri Qubadlıdakı evimizin qapısını yerindən söküb atanda, uşaqlığıma qismət olacaq o balaca çarpayını darmadağın edəndə mən orada yox idim. Anamın hansısa qeyri-ixtiyari hissiyyatı, “Nənəmgilə gedək” təkidi bizi o ölüm saçan qəlpələrdən qurtarmışdı. Qonşumuz həmin gün həlak oldu, biz isə sağ qaldıq...
Amma o gün raketin darmadağın etdiyi təkcə evimizin qapısı və şüşələri olmadı. Bizim sakit həyatımız, gələcəyimiz və uşaqlığımız da darmadağın oldu.
Sonra 31 avqust gəldi. Qubadlı işğal olundu. Biz bir gecədə hər şeyimizi o torpaqda qoyub, adına “köçkünlük” deyilən və sonu görünməyən bir sürgünə çıxdıq.
Böyüdüyüm o yarımtikili yataqxana... Külək əsəndə damı silkələnən, yağış yağanda tavanından su sızan, divarlarının sarı ləkəsi günü-gündən böyüyən o qocaman bina. Balaca ikən onu dünyanın ən hündür binası sanırdım. Sonra böyüdüm... Şəhərin göydələnlərini gördükcə gözümdə o bina kiçildi, amma içimdəki utanc böyüdü.
Yaşıdlarım harada qaldığımı soruşanda küncə sıxılardım. Ünvanı deməyə dilim gəlməzdi. Utanaraq “metroya yaxındır...” deyib yalan danışardım. O yalan mənim uşaqlıq sığınacağım, yoxsulluqdan və kimsəsizlikdən qorunduğum tək sipərim idi.
Kasıblıq o yataqxananın divarlarını da deşmişdi. İmkanı olanlar köçüb gedir, qalanlar isə boşalan mənzillərin divarlarını söküb bir-birinə qapı açırdı. Biz isə o çökməkdə olan qocaman bina ilə baş-başa qaldıq.
İllərimiz, gəncliyimiz, arzularımız o tavanı sızan otaqlarda, yurd həsrətinin kölgəsində əriyib getdi. Bizə bu cəhənnəm həyatını yaşadan erməni faşizmi idi! Amma bu ah yerdə qala bilməzdi!
25 oktyabr 2020-ci il... Müzəffər Ali Baş Komandanın sarsılmaz qətiyyəti, dəmir iradəsi və uzaqgörən siyasi zəkası sayəsində 30 illik o qara həsrətə son qoyuldu! Rəşadətli Ordumuz düşməni darmadağın etdi, işğalçı qüvvələri müqəddəs torpaqlarımızdan qovdu. Qubadlı azad olundu!
Bu Zəfəri bizə bəxş edən şanlı Ordumuza, qəhrəman əsgərlərimizə minnətdarıq! Torpaq uğrunda canını fəda edən müqəddəs şəhidlərimizin ruhu qarşısında baş əyir, onlara dərin ehtiramla rəhmət diləyirik. Canını Vətənə sipər edən qazilərimizə möhkəm cansağlığı, məğrur Ordumuza isə hər zaman yenilməz güc və qüvvət arzulayırıq!
Bu gün 31 avqustdur... Artıq təqvimdəki bu gün matəm deyil, intiqamımızın alındığı, qürurumuzun göylərə yüksəldiyi gündür. Biz o saralmış yataqxana divarlarını, yarımçıq qalmış uşaqlıq kədərimizi arxada qoyub öz evimizə — azad Qubadlıya qayıdırıq!
Başın dik olsun, Vətən! Qubadlı azaddır, biz də azadıq!
Orxan Aslan
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: