Xəsarət alaraq köməksiz vəziyyətdə qalan Niderland vətəndaşı dağlıq ərazidən təxliyə edilmişdir

Avqust ayının 29-da saat 17:00 radələrində Şəki rayonunun Baş Zəyzid kəndinin dağlıq ərazisində Niderland
Krallığının vətəndaşının köməyə ehtiyacı olması barədə Dövlət Sərhəd Xidmətinin
Sərhəd Qoşunlarının “Şəki” sərhəd dəstəsinə məlumat daxil olmuşdur.
Bu barədə Azturkxeber.az-a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.
Müəyyən edilmişdir ki, turizm məqsədilə avqustun 26-da Frankfurt – Bakı aviareysi ilə Azərbaycan
Respublikasına gələn Niderland vətəndaşı avqustun 29-da səhər saatlarında Şəki rayonunun dağlıq ərazisində piyada yürüşə çıxmışdır.
Baş Zəyzid kəndinin Çələngi
yaylağı istiqamətində hərəkət edən turist itlərin hücumuna məruz qalaraq müxtəlif
dərəcəli bədən xəsarətləri almışdır.
Ağır yaralı şəxsin təxliyəsi
məqsədilə Dövlət Sərhəd Xidmətinin Xüsusi Hava Əməliyyatları Qüvvələri Komandanlığının
helikopteri ilə dərhal əraziyə Dövlət Sərhəd
Xidmətinin tibb heyəti və xilasetmə qrupu göndərilmişdir.
Dəniz səviyyəsindən 2000
metr yüksəklikdə, qaranlıq hava şəraitində, çətin dağlıq relyefdə həyata
keçirilən təxirəsalınmaz xilasetmə əməliyyatı nəticəsində başından və bədənindən çoxsaylı açıq yara xəsarətləri alan, köməksiz vəziyyətdə qalan Niderland vətəndaşına DSX-nin tibb heyəti tərəfindən hadisə yerində ilkin tibbi yardım göstərilmiş və operativ şəkildə helikopterlə Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq təcili əməliyyat olunmuşdur.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: