Azərbaycan–Özbəkistan münasibətləri: müttəfiqlikdən əbədi dostluğa

Azərbaycanın xarici siyasəti milli maraqların təmin olunması, dövlət müstəqilliyi və suverenliyinin daha da möhkəmləndirilməsi, eləcə də beynəlxalq əlaqələrin şaxələndirilməsi məqsədlərinə əsaslanaraq ardıcıl və çevik şəkildə həyata keçirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasət kursunda dost və qardaş ölkələrlə münasibətlərin strateji tərəfdaşlıq və müttəfiqlik müstəvisində inkişaf etdirilməsi mühüm yer tutur. Bu kontekstdə Azərbaycanın dostluq və müttəfiqlik münasibətlərini daim yüksələn xətt üzrə inkişaf etdirdiyi dövlətlərdən biri də Özbəkistandır. Hazırda ölkələrimiz arasında əlaqələr yalnız ikitərəfli münasibətlərin inkişafı ilə məhdudlaşmır, həmçinin Türk dünyasında həmrəyliyin gücləndirilməsinə, Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında əlaqələrin genişlənməsinə və Avrasiya məkanında yeni əməkdaşlıq imkanlarının formalaşmasına mühüm töhfə verir.
Avqustun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistana dövlət səfəri edib.
Səfər çərçivəsində dövlət başçımız Daşkənddə Müstəqillik abidəsini ziyarət edib, Daşkənddəki Heydər Əliyev Meydanında Ümummilli Liderin barelyefi önünə gül dəstələri qoyub. Daha sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev ilə təkbətək görüşü keçirilib.
Səfər çərçivəsində Daşkənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin iştirakı ilə Azərbaycan–Özbəkistan Ali Dövlətlərarası Şurasının üçüncü iclası keçirilib.
Bununla belə, Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycanın Özbəkistanda həyata keçirdiyi layihələrin açılış və təməlqoyma mərasimində onlayn formatda iştirak ediblər.
Avqustun 23-də Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin təltifolunma mərasimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ali dərəcəli “Dostluq” ordeni ilə, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev isə “Heydər Əliyev” ordeni ilə təltif olunub.
Dövlət başçılarının iştirakı ilə Azərbaycan və Özbəkistan arasında bir sıra sənədlərin imzalanması, həmçinin ölkələrimiz arasında imzalanmış sənədlərin mübadiləsi mərasimi keçirilib.
Dövlət səfəri çərçivəsində Prezident İlham Əliyev Özbəkistanın ən böyük şəhərsalma layihəsi olan “Yeni Daşkənd”lə tanış olub. Dövlət başçısı Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ilə birlikdə Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılış mərasimində iştirak edib. Bundan başqa, Yeni Daşkənd şəhərində “Azərbaycan” parkının təməli qoyulub.
Avqustun 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevlə birlikdə Buxara şəhərində İsmayıl Samani türbəsi, “Ark” qalası və “Poyi-Kalon” kompleksi ilə tanış olub.
Özbəkistana dövlət səfəri çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mətbuata bəyanatlarla çıxış edib.
Prezident İlham Əliyevin mətbuata verdiyi bəyanat dövlətlərimiz arasında mövcud münasibətlərin yalnız iki ölkə arasındakı ikitərəfli əlaqələr baxımından deyil, Mərkəzi Asiyanın və bütövlükdə Avrasiyanın geosiyasi və geoiqtisadi mənzərəsi baxımından da mühüm əhəmiyyət daşıdığını göstərdi.
Prezident İlham Əliyev bəyanatında Özbəkistanın son illərdə keçdiyi inkişaf yolundan bəhs etdi, dövlət başçımız Özbəkistanı “yüksəliş dövrünü yaşayan” ölkə kimi xarakterizə etdi.
Bakı ilə Daşkənd arasında münasibətlərin sürətlə dərinləşməsi yalnız siyasi iradənin deyil, həm də iqtisadi maraqların qarşılıqlı şəkildə tamamlanmasının nəticəsidir.
Azərbaycan–Özbəkistan münasibətlərinin yeni mərhələsini xarakterizə edən ən mühüm göstəricilərdən biri iqtisadi əlaqələrin sürətli genişlənməsidir. Prezident İlham Əliyevin bir milyard dollarlıq ticarət dövriyyəsi hədəfini “uzaq bir xəyal” kimi deyil, yaxın illərdə reallaşa biləcək nəticə kimi təqdim etməsi iki ölkənin iqtisadi münasibətlərində yeni mərhələnin formalaşdığını göstərir.
Əslində, bu hədəfin arxasında yalnız ticarət göstəricilərinin artırılması deyil, qarşılıqlı investisiyaların genişləndirilməsi, sənaye kooperasiyasının dərinləşdirilməsi və yeni istehsal zəncirlərinin yaradılması dayanır. Azərbaycan və Özbəkistan iqtisadiyyatlarının müxtəlif sahələrdə bir-birini tamamlayan imkanlara malik olması gələcəkdə bu əməkdaşlığın daha da genişlənməsi üçün ciddi potensial yaradır.
Azərbaycanın Xəzər dənizi vasitəsilə Mərkəzi Asiyanı Avropa ilə birləşdirən nəqliyyat və logistika imkanları, Özbəkistanın isə Mərkəzi Asiyanın mühüm iqtisadi və demoqrafik potensiala malik ölkələrindən biri olması dövlətlərimizin əməkdaşlığını regional miqyasda daha əhəmiyyətli edir.
Beləliklə, Bakı–Daşkənd əlaqələri artıq Şərq–Qərb və Mərkəzi Asiya–Cənubi Qafqaz bağlantılarının gücləndirilməsinə xidmət edən daha geniş geoiqtisadi prosesin tərkib hissəsidir.
Prezident İlham Əliyevin sadaladığı əməkdaşlıq istiqamətləri Özbəkistanla münasibətlərimizin nə qədər geniş spektri əhatə etdiyini göstərir. Energetika, nəqliyyat, investisiya, turizm, dağ-mədən sənayesi, avtomobil istehsalı, kənd təsərrüfatı, emal sənayesi və bankçılıq kimi sahələrdə əlaqələrin inkişaf etdirilməsi münasibətlərin yalnız siyasi bəyanatlar səviyyəsində qalmadığını, konkret iqtisadi layihələrlə möhkəmləndirildiyini göstərir.
Xüsusilə SOCAR-ın Özbəkistan bazarında fəaliyyətinin genişlənməsi, Azərbaycan bankının Özbəkistan bazarına daxil olması və neft-qaz kəşfiyyatı sahəsində əməkdaşlığın yeni mərhələyə keçməsi iqtisadi əlaqələrin institusional xarakter aldığını nümayiş etdirir.
Bu proses qarşılıqlı investisiyaların artması ilə yanaşı, iki ölkənin biznes dairələri arasında daha sıx əlaqələrin formalaşmasına da zəmin yaradır. Belə əməkdaşlıq modeli siyasi münasibətlərin iqtisadi dayaqlarını gücləndirməklə yanaşı, onların uzunmüddətli xarakterini də təmin edir.
Özbəkistanla münasibətlərimizdə Qarabağ amili də xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin çıxışında Prezident Şavkat Mirziyoyevin Qarabağın bərpası prosesinə verdiyi dəstəyin ayrıca qeyd edilməsi ölkələrimiz arasındakı münasibətlərin mənəvi və siyasi ölçüsünü bir daha göstərdi.
Füzulidə Mirzə Uluqbəy adına məktəbin tikilməsi və Xankəndidə tikiş fabrikinə investisiya yatırılması Özbəkistanın Azərbaycanın postmünaqişə dövründə həyata keçirdiyi bərpa və yenidənqurma siyasətinə konkret töhfələridir.
Bu layihələr xalqlarımız arasında qardaşlıq münasibətlərinin praktiki müstəviyə keçirilməsinin simvoluna çevrilib.
Qarabağda yaradılan Özbəkistan izləri iki ölkənin siyasi həmrəyliyinin və qarşılıqlı etimadının mühüm göstəricisidir.
Prezident İlham Əliyevin qeyd etdiyi investisiya layihələri Azərbaycan–Özbəkistan münasibətlərinin gələcək inkişaf istiqamətlərindən birinin qarşılıqlı kapital qoyuluşlarının artırılması olduğunu göstərir.
İnvestisiya fondunun yaradılması, Azərbaycanın turizm infrastrukturu və avtomobil sənayesində Özbəkistan investisiyalarının genişlənməsi, eyni zamanda Azərbaycan şirkətlərinin Özbəkistan bazarına daxil olması iqtisadi münasibətlərdə yeni keyfiyyət mərhələsinin başlanğıcıdır.
Burada mühüm məqam ondan ibarətdir ki, investisiya qərarlarının arxasında qarşılıqlı etimad dayanır. Prezident İlham Əliyevin də vurğuladığı kimi, investisiyalar, bir qayda olaraq, dost və etibarlı ölkələrə yönəldilir.
Dövlətlərimiz arasında münasibətlərinin ən mühüm xüsusiyyətlərindən biri onların həm mənəvi, həm də maddi təmələ söykənməsidir. Dövlətimizin başçısının qeyd etdiyi kimi, dünya siyasətində bu iki amilin belə sintezinin geniş yayılmadığı bir şəraitdə Azərbaycan–Özbəkistan münasibətləri xüsusi nümunə təşkil edir.
Ortaq tarixi və mədəni irs, türk dünyasının birliyinə bağlılıq, qarşılıqlı siyasi dəstək və iqtisadi maraqlar münasibətlərin çoxsəviyyəli xarakterini müəyyənləşdirir. Bu baxımdan “qardaş ölkələr” ifadəsi real siyasi və iqtisadi məzmunla tamamlanan münasibət modelidir.
Ökələrimiz arasında münasibətlərin gələcəyi baxımından Prezident İlham Əliyevin “çox dəqiq fəaliyyət planımız var” fikri xüsusi əhəmiyyət daşıyır. Bu ifadə Azərbaycan–Özbəkistan əməkdaşlığının konkret layihələrə və uzunmüddətli strateji planlaşdırmaya əsaslandığını göstərir.
Regionlararası əməkdaşlığın inkişaf etdirilməsi, investisiya layihələrinin genişləndirilməsi, sənaye kooperasiyasının artırılması və nəqliyyat əlaqələrinin gücləndirilməsi Bakı–Daşkənd münasibətlərinin gələcək gündəliyinin əsas istiqamətlərini təşkil edir.
Burada diqqətçəkən digər məqam əməkdaşlığın yalnız Bakı və Daşkəndlə məhdudlaşmamasıdır. Müxtəlif regionlarda həyata keçirilən layihələr iqtisadi münasibətlərin daha geniş əraziyə yayılmasına və xalqlar arasında birbaşa əlaqələrin güclənməsinə xidmət edir.
Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər Azərbaycan–Özbəkistan münasibətlərinin artıq ənənəvi diplomatik əlaqələr çərçivəsini aşaraq strateji və çoxşaxəli tərəfdaşlıq mərhələsinə daxil olduğunu bir daha nümayiş etdirdi.
Bu münasibətlərin əsas dayaqları siyasi etimad, tarixi-mədəni yaxınlıq, qarşılıqlı investisiyalar, iqtisadi maraqlar və regional baxışların uzlaşmasıdır. Azərbaycan və Özbəkistanın paralel inkişaf trayektoriyası isə iki ölkənin əməkdaşlığını daha geniş geosiyasi proseslərlə əlaqələndirir.
Prezident İlham Əliyevin Şavkat Mirziyoyevə Azərbaycana dövlət səfərinə dəvəti münasibətlərin yeni mərhələsinin davamlı siyasi dialoq və konkret layihələrlə möhkəmləndiriləcəyinə dair mühüm mesajdır. Şübhəsiz ki, Azərbaycan–Özbəkistan münasibətlərinin gündəliyi artıq yalnız əldə olunan nəticələrdən deyil, qarşıdakı illərdə reallaşdırılacaq daha böyük regional və qlobal miqyaslı təşəbbüslərdən ibarətdir.
Ziyafət ƏSGƏROV,
Azərbaycan Respublikası Milli Məclisinin Sədr müavini
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: