azturkxeber.az
http://azturkxeber.az

İlham Əliyevin Özbəkistana səfəri Azərbaycan-Özbəkistan strateji tərəfdaşlığını yeni mərhələyə yüksəldir

24-08-2026


Prezident cənab İlham Əliyevin Özbəkistana səfəri və Daşkənddə Azərbaycanla Özbəkistan arasında Ali Dövlətlərarası Şurasının 3-cü iclasının baş tutması ölkələrimiz arasında dostluq, qardaşlıq münasibətlərinin dərinləşməsinə böyük töhfə verəcək.

Azərbaycanla Özbəkistan arasında mövcud əlaqələr ikitərəfli əməkdaşlıqla yanaşı Mərkəzi Asiya ilə Cənubi Qafqaz və Avropanı birləşdirəcək geosiyasi və geoiqtisadi proses kimi qiymətləndirilir. Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünə tamhüquqlu üzv qəbul edilməsində Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin böyük rolu və dəstəyi olmuşdur. Bununla da Azərbaycan coğrafi cəhətdən Cənubi Qafqazda yerləşməsinə baxmayaraq Mərkəzi Asiya regionunun da bir hissəsi kimi qəbul edilir. Azərbaycan və Özbəkistanın qardaşlıq və strateji müttəfiqlik səviyyəsinə yüksəlməsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev arasında səmimi dostluq və etimad xüsusi rol oynayır. İki dövlət Liderləri arasında olan bu münasibət dövlətlərimiz və xalqlarımız arasında əlaqələrin inkişafına da böyük təkan verir.

2024-cü ildə imzalanmış Müttəfiqlik Münasibətləri haqqında Müqavilə siyasi, iqtisadi, təhlükəsizlik əlaqələrini ən yüksək səviyyəyə çatdırmışdır.

Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsinin yaxın vaxtlarda bir milyard dollara çatdırılması barədə qərar olduqca önəmli bir addımdır.

Prezident cənab İlham Əliyev mətbuata bəyanatla çıxışında iki dövlət arasında enerji, nəqliyyat, bank sektoru, avtomobil sənayesi, turizm və bir sıra digər sahələrdə əməkdaşlığın daha da genişləndiriləcəyini vurğuladı. SOCAR-ın Özbəkistanda yeni layihələrdə iştirakının artırılmasını xüsusi qeyd etmək lazımdır. Enerji sahəsində əməkdaşlıq da olduqca əhəmiyyətli addımdır. Azərbaycanla Özbəkistan arasında neft-qaz kəşfiyyat layihələrinin son mərhələyə çatması olduqca strateji bir hadisədir və gələn il istismar quyularının qazılması haqqında qərar iki dövlət arasında enerji əməkdaşlığının mühüm göstəricisidir. Bu həm də Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə enerji əlaqələrinin dərinləşməsinə də böyük töhfə verəcək.

Xəzər dənizində birgə donanmanın istifadəyə verilməsinin sürətləndirilməsi, eləcə də Azərbaycan-Özbəkistan dəhlizinin yaradılması haqqında razılaşma olduqca mühüm əhəmiyyət daşıyır. Özbəkistan işğaldan azad edilmiş torpaqlarımızda yenidənqurma işlərində də olduqca fəal iştirak edir. Füzulidə 960 yerlik məktəbin və Xankəndində tikiş fabrikinin Özbəkistan dövləti tərəfindən tikilməsi dostluq və qardaşlığın bariz nümunəsidir. Azərbaycanla Özbəkistan arasında sıx siyasi-iqtisadi, eləcə də qardaşlıq əlaqələri iki dövlətlə yanaşı Türk dünyasının inteqrasiyasına böyük təkan verir.

Kamilə Əliyeva

Bakı Dövlət Universitetinin kafedra müdiri, professor






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    August 2026    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31