Bakıda aqrar sahədə fəaliyyət göstərən sahibkarlarla görüş olub
Bakıda aqrar sahədə fəaliyyət göstərən sahibkarlarla işgüzar görüş keçirilib.
Bu barədə Kənd Təsərrüfatı Nazirliyinin (KTN) İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən məlumat verilib.
Bildirilib ki, tədbirdə KTN-nin və tabeli qurumlarının, eləcə də Qida Təhlükəsizliyi Agentliyinin rəhbər şəxsləri, aqrar sektorda fəaliyyət göstərən 50-yə yaxın yerli və xarici şirkətin nümayəndələri, sahibkar və ekspertlər iştirak edib.
Görüşdə kənd təsərrüfatının inkişafı ilə bağlı strateji hədəflər, bu sahədə özəl sektorun rolu və aqrar sahədə yeni Dövlət Proqramının icrası istiqamətində nəzərdə tutulan tədbirlər müzakirə olunub.
Kənd təsərrüfatı nazirinin müavinləri Seymur Səfərli və Zaur Əliyev, Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Rəşad Hüseynov “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”nda aqrar sahənin inkişafı istiqamətində qarşıda duran əsas prioritetlər və Dövlət Proqramında nəzərdə tutulan hədəflər barədə tədbir iştirakçılarına ətraflı məlumat veriblər. Bildirilib ki, Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş Dövlət Proqramı aqrar sahədə məhsuldarlığın, əlavə dəyərin və ixracyönümlülüyün artırılmasını, dayanıqlı və rəqabətqabiliyyətli aqrar sektorun formalaşdırılmasını hədəfləyir. Qeyd edilib ki, proqram 5 prioritet istiqaməti, 16 fəaliyyət istiqamətini, 86 tədbiri və 23 hədəf indikatorunu əhatə edir.
Proqram aqrar sahədə innovativ yanaşmaların genişləndirilməsi, emal sənayesinin inkişafı, əlavə dəyər zəncirinin gücləndirilməsi və fermerlərin iqtisadi imkanlarının artırılmasına xidmət edir. Vurğulanıb ki, qarşıya qoyulan hədəflərə nail olmaq üçün dövlət dəstəyi mexanizmləri daha da təkmilləşdiriləcək, innovativ yanaşmalar və rəqəmsal həllərin tətbiqi genişləndiriləcək. Dövlət Proqramının uğurlu icrası ölkənin ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinə, regionların sosial-iqtisadi inkişafına və aqrar sektorun yeni inkişaf mərhələsinə keçidinə mühüm töhfə verəcək.
Təqdimatlardan sonra Davos formatında mövzu ətrafında müzakirələr aparılıb. Özəl sektor nümayəndələri aqrar sahədə həyata keçirdikləri fəaliyyətlər, layihələr və gələcək planlar barədə məlumat veriblər. Tədbirdə iş adamlarının sualları cavablandırılıb, onların səsləndirdiyi rəy və təkliflər qeydiyyata alınıb. Sonda şirkətlər arasında yeni biznes əlaqələrinin qurulması məqsədilə B2B görüşlər keçirilib.
Qeyd edək ki, işgüzar görüş Kənd Təsərrüfatı Nazirliyi, “Biznes TV” və "Fayda" İş Adamları Platformasının birgə təşkilatçılığı ilə reallaşıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:


