Naxçıvanda bu ilin 6 ayında 114 yanğın hadisəsi qeydə alınıb - FHN-dən açıqlama
Bu ilin yanvar-iyun ayları ərzində Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə 32 min 126 zəng dахil оlub. Zənglər dərhal aidiyyəti üzrə ötürülüb.
FHN-nin mətbuat xidmətindən bildirilib ki, daxil olan zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən 114 yanğın hadisəsinə çıxış olub. 15 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. 9 müxtəlif ərazidə döyüş sursatları tapılıb və zərərsizləşdirilməsi istiqamətində müvafiq tədbirlər görülüb.
İntensiv yağışlar nəticəsində su basmış ümumilikdə 12 ünvanda suyun çəkilərək kənarlaşdırılması təmin edilib, zəruri təhlükəsizlik tədbirləri həyata keçirilib.
Yanğın təhlükəsizliyi təmin olunması məqsədilə 1077 obyektdə yoxlamalar aparılıb. 224 obyektdə texniki təhlükəsizliyə əməl olunmasına nəzarət olunub. 423 inzibati və yaşayış binasının zirzəmisində monitorinq aparılıb. Müxtəlif tikinti obyektlərində ümumilikdə 451 nəzarət funksiyası icra edilib.
Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə 8 min 37 nəfərin iştirakı ilə silsilə tədbirlər, seminarlar və məşqlər keçirilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: