FHN həftəsonu çimərliklərə üz tutan vətəndaşlara müraciət edib
İsti yay günlərində əhalinin xüsusilə həftəsonunda istirahət üçün kütləvi üz tutduqları məkanlardan biri də su hövzələridir. Lakin təəssüflə qeyd edilməlidir ki, Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılan kütləvi maarifləndirmə işlərinə baxmayaraq, bəzi vətəndaşlar tərəfindən müvafiq təhlükəsizlik qaydalarına əməl olunmaması sonda acı nəticələrə səbəb olur.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) müraciətində bildirilib.
“Qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək çimərliklərlə bağlı təhlükəsizlik qaydalarına əməl etməyin vacibliyini bir daha xatırladır. Aşağıda qeyd olunanlar qadağandır:
- Çimərlik kimi nəzərdə tutulmamış ərazilərdə, o cümlədən kanal, çay, arx və digər su hövzələrində çimmək;
- Çimmə zonasının işarələnmiş sərhədlərindən kənara üzmək;
- Küləkli havada dənizə girmək;
- Çimərlikdə gecələmək;
- Sərxoş halda çimərlikdə olmaq;
- Suda kobud hərəkətlər etmək;
- Xilasetmə texnikasından başqa digər qayıq və kiçik gəmilərlə çimərliyə daxil olmaq.
Yadda saxlayın:
- Çimərlikdə uşaqlar nəzarətsiz qalmamalı, xəbərdaredici nişan və lövhələrin göstərişlərinə, xilasedicilərin çağırış və tələblərinə sözsüz əməl edilməlidir!
- Qızmar günəş altında fasiləsiz dayanmaq, hava qaraldıqdan sonra suya daxil olmaq təhlükəlidir!
Qaydalara biganəlik – həyatımıza təhlükədir!
Təhlükə zamanı 112-yə zəng edin”, - deyə müraciətdə qeyd olunub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: