azturkxeber.az
http://azturkxeber.az

Hikmət Hacıyevin Dilican səfəri regional dialoq baxımından diqqət çəkir

14-06-2026


Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev Ermənistanın Dilican şəhərində Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüş keçirib. Görüşlə bağlı yayılan qısa rəsmi məlumat regional dialoq prosesinin davam etdirilməsi baxımından diqqət çəkən məqam kimi qiymətləndirilir.

Azturkxeber.az xəbər verir ki, beynəlxalq münasibətlər üzrə ekspert Əziz Əlibəyli bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

Ekspert qeyd edir ki, Dilican şəhəri tarixi, coğrafi və mədəni baxımdan Cənubi Qafqazın önəmli məkanlarından biridir. Uzun illər ərzində şəhər Ermənistanın turizm və mədəniyyət simvollarından biri kimi təqdim olunub. Sovet dövrünün məşhur "Mimino" filmində Dilicanın təbii sərvətləri və mənzərələri xüsusi vurğulanaraq regionun tanıdılmasına xidmət edib.

Paylaşımda Dilicanın Azərbaycan tarixi və mədəniyyəti ilə bağlı məqamlarına da toxunulur. Bildirilir ki, Azərbaycan dramaturgiyasının banilərindən olan Nəcəf bəy Vəzirov XIX əsrdə Dilican bölgəsində meşəbəyi vəzifəsində çalışıb. Həmin dövrdə topladığı müşahidələr sonradan Azərbaycan realist dramaturgiyasının formalaşmasına təsir göstərib.

Eyni zamanda, bölgənin Azərbaycan xalqının tarixi yaddaşında yer tutan Qaçaq Kərəmin fəaliyyəti ilə də əlaqələndirildiyi vurğulanır.

Müəllifin fikrincə, Hikmət Hacıyevin Dilicana səfəri yalnız diplomatik görüş kimi deyil, həm də regionda birbaşa dialoq mexanizmlərinin inkişafının göstəricisi kimi dəyərləndirilə bilər. Qeyd olunur ki, Azərbaycan və Ermənistan arasında aparılan danışıqlarda tərəflərin vasitəçilər olmadan birbaşa təmasları regional sülh gündəliyinin mühüm elementlərindən biridir.

Paylaşımda həmçinin Azərbaycanın Qazax rayonunun Ermənistan tərəfindən hələ qaytarılmamış anklav kəndləri məsələsinə diqqət çəkilir və sərhəd delimitasiyası prosesinin davam etdiyi vurğulanır.

Ekspert hesab edir ki, Dilicanda keçirilən görüş tərəflər arasında etimadın möhkəmləndirilməsi və regional əməkdaşlığın inkişafı baxımından əhəmiyyətli addım kimi qiymətləndirilə bilər.

Görüşün yekununda növbəti təmasın Azərbaycanda keçirilməsinin planlaşdırıldığı bildirilib. Bununla da Azərbaycan-Ermənistan dialoqunun davam etdirilməsi istiqamətində yeni mərhələnin əsaslarının formalaşdığı qeyd olunur.

Əziz Əlibəyli

Beynəlxalq münasibətlər üzrə ekspert






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2026    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930