azturkxeber.az
http://azturkxeber.az

Milli Kitabxana tərəfindən ”Əcəmi Naxçıvani. Biblioqrafiya” kitabı çap olunub

13-05-2026

Əcəmi Naxçıvani Azərbaycan mədəniyyəti tarixində parlaq mərhələ sayılan Atabəylər dövrünün görkəmli simalarından biridir. Bu dövr yalnız siyasi sabitliyi ilə deyil, həm də elm, incəsənət və memarlığın sürətli inkişafı ilə seçilmişdir.
 Atabəylər dövlətinin himayəsi altında formalaşan zəngin mədəni mühit bir sıra dahi şəxsiyyətlərin yetişməsinə şərait yaratmış, onların yaradıcılığı isə sonrakı əsrlərə dərin təsir göstərmişdir. Məhz belə bir mühitdə fəaliyyət göstərən Əcəmi Naxçıvani öz bənzərsiz memarlıq üslubu ilə Azərbaycan və ümumilikdə Yaxın Şərq memarlıq tarixində silinməz iz qoymuşdur.
Böyük sənətkarın günümüzə qədər gəlib çatan Möminə Xatun türbəsi, Yusif-Küseyr türbəsi və digər möhtəşəm memarlıq abidələri yalnız dövrünün deyil, bütün zamanların nadir incilərindən hesab olunur. Bu abidələrdə tətbiq edilən həndəsi ornamentlər, kufi xəttatlıq naxışları, kompozisiya bütövlüyü və estetik zəriflik Əcəmi məktəbinin yüksək sənətkarlıq səviyyəsini nümayiş etdirir. Onun yaratdığı memarlıq nümunələri Naxçıvan-Marağa memarlıq məktəbinin əsasını təşkil etmiş, bu məktəb sonrakı dövrlərdə region memarlığının inkişafına mühüm təsir göstərmişdir. Əcəmi Naxçıvaninin əsərləri həm də mühəndislik baxımından mükəmməlliyi ilə seçilir və bu gün də alimlər tərəfindən tədqiq olunmaqdadır.
Əcəmi Naxçıvaninin 850 illik yubileyinin Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1976-cı ildə təntənəli şəkildə qeyd edilməsi onun zəngin yaradıcılığına verilən yüksək qiymətin bariz nümunəsidir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev memarın 900 illiyinin keçirilməsi haqqında sərəncam imzalamışdır. Parisdə UNESCO-nun mənzil-qərargahında təşkilatın yubileylər proqramına daxil edilmiş memar Əcəmi Naxçıvaninin anadan olmasının 900 illiyinə həsr edilmiş sərginin açılış mərasimi olmuşdur.
İndiyə kimi Əcəmi Naxçıvaniyə həsr olunmuş biblioqrafik göstərici tərtib edilməmişdir. Bunu nəzərə alaraq Azərbaycan Milli Kitabxanası tərəfindən “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyası çərçivəsində Əcəmi Naxçıvaniyə həsr olunmuş əhatəli biblioqrafik vəsait hazırlanmışdır. Bu fundamental vəsait 1927-2026-cı illəri əhatə edir və görkəmli memarın zəngin irsini, həyat və fəaliyyətini əks etdirən materialları özündə cəmləşdirir. Biblioqrafik göstəricidə Azərbaycan və xarici dillər üzrə olan materiallar müvafiq bölmələrdə təqdim olunmuş, xronoloji ardıcıllıq və əlifba prinsipləri əsasında qruplaşdırılmışdır.
Göstəricinin sonunda müəlliflərin əlifba göstəriciləri verilmişdir. Bundan əlavə, biblioqrafiyada memarın yaradıcılığı haqqında xarici ölkə kitabxanalarında mühafizə olunan materiallar da öz əksini tapmışdır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2026    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031