azturkxeber.az
http://azturkxeber.az

Milli Məclisin sədri Sahibə Qafarova İstanbulda Qadın Parlamentarilər Forumunda çıxış edib

15-04-2026

Parlamentlərarası İttifaqın Türkiyənin İstanbul şəhərində keçirilən 152-ci Assambleyası çərçivəsində 41-ci Qadın Parlamentarilər Forumu keçirilib.

Azturkxeber.az xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Əvvəlcə Forumun sədri Sintia Lopez çıxış edərək, Milli Məclisin sədri Sahibə Qafarovanı və tədbirdə iştirak edən digər parlament spikerlərini salamlayıb, Forumda iştiraklarına görə təşəkkürünü bildirib.

Sonra Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş, Parlamentlərarası İttifaqın prezidenti Tulia Akson, Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonq çıxış edərək Forumun əhəmiyyətini vurğulayıblar və tədbirin işinə uğurlar arzulayıblar.

Milli Məclisin sədri Sahibə Qafarova çıxış edərək, Qadın Parlament Sədrlərinin 2025-ci ildə keçirilmiş 15-ci Zirvə Toplantısının hesabatını təqdim edib. Azərbaycan parlamentinin spikeri bildirib ki, bu təqdimat münaqişələrin, gərginliklərin, qeyri-müəyyənliklərin və artan bərabərsizliklərin hökm sürdüyü bir dövrdə xüsusilə böyük əhəmiyyət daşıyır. Onun sözlərinə görə, parlamentarilər mövcud problemlərin həllinin bir hissəsi olmalıdır, çünki bu gün dünya sülhün təmin olunması üçün dialoqun və inklüzivliyin gücünə ehtiyac duyur.

Spiker qeyd edib ki, təqdim olunan hesabat qadın parlament sədrləri tərəfindən qəbul olunmuş bəyannamədir. O vurğulayıb ki, sənəd parlamentləri bir araya gətirməyə, sülh, həmrəylik və inklüzivlik naminə birgə fəaliyyətə çağırır.

Sahibə Qafarova bildirib ki, fəaliyyət üçün çağırışlar heç də həmişə sabit və dinc dövrlərdə ortaya çıxmır, əksinə, daha çox böhran, münaqişə və geriləmə dövrlərində yaranır. Onun sözlərinə görə, dünyanın bir çox regionlarında zorakılığın, müharibənin və təhlükəsizlik problemlərinin qadınlara və qızlara, onların gələcəyinə göstərdiyi ağır təsirlər gender bərabərliyi, qadınların və qızların müdafiəsi sahəsində səylərin daha da gücləndirilməsini və sürətləndirilməsini zəruri edir. O, sənəddə dünya üzrə mövcud vəziyyətlə bağlı dərin narahatlığın, münaqişə və müharibə bölgələrində yaşayan qadın və qızlarla həmrəyliyin ifadə olunduğunu diqqətə çatdıraraq, Forum iştirakçılarını bu həmrəyliyi bölüşməyə çağırıb.

Eyni zamanda, hesabatda beynəlxalq humanitar hüquqa və insan hüquqlarına tam hörmət göstərilməsi, münaqişələrin sülh yolu ilə danışıqlar vasitəsilə həlli ilə bağlı çağırışlar, eləcə də gender bərabərliyini nəzərə alan diplomatiyanın inkişaf etdirilməsinə, inklüziv sülh proseslərinin təşviqinə, qadınların diplomatiya və xarici siyasətdə liderlik rolunun artırılmasına dair tövsiyələr yer alıb.

Milli Məclisin sədri, bu Forumda ədalətli və uzunmüddətli sülhün bərpa olunmasının, münaqişələrin qadın və qızlara təsirlərinin müzakirə olunacağını nəzərə alaraq, Forum iştirakçılarını qadın spikerlər tərəfindən irəli sürülən tövsiyələri bu müzakirələrə daxil etməyə çağırıb.

Daha sonra Forum digər parlament sədrlərinin və parlamentarilərin çıxışları və mövzu ətrafında aparılan müzakirələrlə davam edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
27282930