azturkxeber.az
http://azturkxeber.az

Bölgələrdə dabaq xəstəliyinin SAT-1 serotipinə qarşı peyvəndləmə tədbirləri davam edir

11-12-2025

Dabaq xəstəliyinin SAT-1 serotipi ilə bağlı yoluxma riskləri nəzərə alınaraq, cari ilin təsdiq edilmiş “Epizootik tədbirlər planı”ndan kənar olaraq, bu serotipə qarşı əlavə peyvənd vasitələri alınıb.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən bildirilib ki, noyabr ayından etibarən peyvənd vasitələri ölkəyə gətirilərək bölgü əsasında rayonlara, xüsusilə sərhəd rayonlarına çatdırılıb və “soyuq zəncir” rejiminə əməl olunmaqla peyvəndləmə tədbirləri həyata keçirilir. Profilaktik tədbirlər dabaq xəstəliyinin SAT-1 serotipinin ölkə ərazisində yayılmasının və heyvandarlıq sahəsində itkilərin qarşısının alınmasına xidmət edir.

Qeyd edək ki, dabaq iti yoluxucu virus mənşəli xəstəlik olub və bütün cütdırnaqlı heyvanlarda, xüsusən iri və xırdabuynuzlu heyvanlarda rast gəlinir. Virus ağız boşluğunda, süd vəzilərində və dırnaqlar arasında ağrılı yaralar yaradır, yüksək hərarətə səbəb olur və heyvanlar qidalanmadan qaldığı üçün məhsuldarlıq kəskin şəkildə aşağı düşür. Yoluxma əsasən xəstə heyvanla birbaşa təmas, virusla çirklənmiş yem-su, inventar,qulluq vasitələri, personalın geyimləri və hava-damcı yolu ilə yayıla bilər.

Dabaq həm də transsərhəd xəstəlikdir — virus külək vasitəsilə quruda, hətta dənizlər üzərindən belə kilometrlərlə məsafəyə yayıla və qonşu dövlətlərin ərazisindən ölkəmizə keçə bilər. Həmçinin tranzit və digər nəqliyyat vasitələri ilə yayıla bilər. Heyvan sahiblərinin nəzərinə çatdırırıq ki, heyvanlarınızı mütləq peyvəndləməyə cəlb edin və baytar həkimlərinin peyvəndləmə aparması üçün lazımi şərait yaradın. Bununla bağlı heyvanların vaxtında və düzgün peyvənd olunması üçün Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Mərkəzinin rayon idarələrinə müraciət etməyiniz tövsiyə olunur.

Hazırda bölgələrdə dabaq xəstəliyinin SAT-1 serotipinə qarşı peyvəndləmə tədbirləri davam etdirilir. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi tərəfindən hər il iki dəfə olmaqla iri və xırdabuynuzlu heyvanlarda profilaktika məqsədilə peyvəndləmə tədbirləri həyata keçirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    December 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
293031