azturkxeber.az
http://azturkxeber.az

Ombudsman yanında “Psixi sağlamlıq və insan hüquqları” sahəsində İşçi Qrupun ilk iclası keçirilib

09-10-2025

10 oktyabr – Ümumdünya Psixi Sağlamlıq Günü ərəfəsində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) yanında “Psixi sağlamlıq və insan hüquqları” sahəsində İşçi Qrupun ilk iclası keçirilib.

İclasda Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman), Psixi sağlamlıq və İnsan hüquqları sahəsində İşçi Qrupun rəhbəri Səbinə Əliyeva, İşçi Qrupun üzvləri - Azərbaycan Tibb Universitetinin rektoru, tibb elmləri doktoru, professor Gəray Gəraybəyli, Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Məlahət İbrahimqızı, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun kafedra müdiri, tibb elmləri doktoru, professor Teymur Qafarov, Azərbaycan Psixiatriya Assosiasiyasının Prezidenti, tibb elmləri doktoru, professor Nadir İsmayılov, Azərbaycan Respublikası Əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri Jalə Əhmədova, Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan Nümayəndəliyinin təmsilçisi Elturan İsmayılov, Respublika Narkoloji Mərkəzinin direktoru Fəzayıl Sadıqov, Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov, psixiatr və ekspertlər, vətəndaş cəmiyyəti institutlarının, o cümlədən media subyektlərinin nümayəndələri iştirak ediblər.

Ombudsman Səbinə Əliyeva iclasda açılış nitqi ilə çıxış edərək psixi sağlamlıq hüququnun tibbi yardım almaq, psixi sağlamlıq problemləri olan insanların stiqma, stereotiplər və ayrı-seçkilikdən qorunmaq, təhlükəsiz və inklüziv cəmiyyətdə yaşamaq imkanını əhatə etdiyini bildirib.

İnsan hüquqları ilə bağlı beynəlxalq sənədlərdə psixi sağlamlıq hüququ anlayışının geniş istifadə olunduğunu qeyd edən Müvəkkil bu istiqamətdə mövcud beynəlxalq rəhbər prinsiplərdən yararlanaraq ölkəmizdə psixi sağlamlıq sahəsində hüquqi bazanın və praktik tədbirlərin gücləndirilməsinin əhəmiyyətini vurğulayıb.

Ombudsman əhalinin psixi sağlamlıq hüququnun qorunması sahəsində geniş fəaliyyət həyata keçirdiyini, qanunvericilikdə malik olduğu mandat çərçivəsində psixiatriya müəssisələrinə mütəmadi olaraq başçəkmələrin keçirildiyini, vəziyyətin təkmilləşdirilməsi, əhalinin hüquqlarının daha səmərəli müdafiəsi ilə bağlı müvafiq dövlət qurumlarına təkliflər verdiyini diqqətə çatdırıb.

Müvəkkil“Psixi sağlamlıq və insan hüquqları” sahəsində İşçi Qrupunun öz fəaliyyətinə psixi sağlamlıq sahəsində ixtisaslaşmış mütəxəssisləri cəlb etməklə, bu sahədə yarana biləcək problemlərin aradan qaldırılmasında müəyyən təkliflərin hazırlanması, dövlət qurumları ilə əməkdaşlığın gücləndirilməsi baxımından mühüm bir platforma olduğunu bildirib.

Sonra tədbirdə psixi sağlamlıq sahəsində insan hüquqlarının qorunması istiqamətində Ombudsman təsisatının fəaliyyətinin əhəmiyyəti vurğulanıb, bu sahədə əməkdaşlığın gücləndirilməsinin vacibliyi diqqətə çatdırılıb. Çıxışlarda cəmiyyətin maarifləndirilməsi, stiqmanın aradan qaldırılması, tibbi xidmətə əlçatanlığın yüksəldilməsi üzrə işlərin görülməsi, həmçinin ölkədə psixi sağlamlığın təmini sahəsindəki mövcud problemlərin həlli istiqamətində təklif və tövsiyələr səsləndirilib.

Sonda iclasın yekunları ilə bağlı qərarlar qəbul edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2025    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031