Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva illik məruzə ilə çıxış edir

Hörmətli xanım Sədr,
Hörmətli deputatlar,
Hər birinizi salamlayır və Ombudsmanın “Azərbaycan Respublikasında insan
hüquqlarının qorunması haqqında” 2025-ci il üzrə məruzəsinin qısa icmalını diqqətinizə
çatdırmaq istərdim.
Azərbaycan Respublikası Konstitusiyasının qəbulunun 30-cu və Vətən
müharibəsində qələbəmizin 5-ci ildönümü münasibətilə 2025-ci ilin “Konstitusiya və
Suverenlik İli” elan edilməsi rəmzi xarakter daşımaqla yanaşı, dövlətçilik ənənələrimizin
möhkəmləndirilməsi, hüquqi dövlət quruculuğunun yeni mərhələyə yüksəldilməsi
baxımından strateji əhəmiyyət kəsb etmiş, qanunun aliliyinin və suverenlik dəyərlərinin
təbliği və təşviqinə xidmət etmişdir.
Qeyd olunmalıdır ki, ötən il ölkəmiz üçün bir sıra mühüm ictimai-siyasi, sosial və
institusional islahatlara əsaslanan proseslərlə yadda qalan olmuşdur. Müasir çağırışlar,
qlobal və regional reallıqlar fonunda ölkəmizin beynəlxalq əlaqələrinin daha da
genişləndirilməsi, dövlət idarəçiliyinin müasirləşdirilməsi, sosial rifahın yüksəldilməsi və
dayanıqlı inkişafın təmin olunması istiqamətində kompleks tədbirlər həyata keçirilmişdir.
Torpaqlarımızın işğaldan azad edilməsi ilə başlanan, dövrün irimiqyaslı bərpa-
quruculuq layihələri ilə səciyyələnən, dayanıqlı sülhə, tərəqqiyə əsaslanan və bir çox ölkələr
üçün nümunə olan yeni inkişaf mərhələsində görülən işlər olduqca təqdirəlayiqdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə
təsdiq edilmiş Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində işğaldan azad edilmiş
ərazilərimizin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi, geniş miqyaslı
müasir infrastruktur layihələrinin həyata keçirilməsi, iqtisadi fəaliyyətin bərpası və sosial
xidmətlərə əlçatanlığın təmin olunması istiqamətində davam etdirilən tədbirlər 30 ildən çox
doğma yurdlarından didərgin düşmüş soydaşlarımızın öz doğma yurdlarına təhlükəsiz və
ləyaqətli qayıdışına, bununla da pozulmuş fundamental hüquqlarının bərpasına imkan
yaratmışdır.
Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti, Heydər Əliyev Fondunun
prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və bilavasitə rəhbərliyi ilə işğaldan azad
olunmuş torpaqlarımızda dağıdılmış tarixi, mədəni və dini obyektlərin bərpası və yenidən
inşası istiqamətində kompleks tədbirlər davam etdirilməkdədir.
Ölkə Prezidentinin yürütdüyü uğurlu xarici siyasət Azərbaycanın regional sülh və
təhlükəsizlik gündəminin ardıcıl şəkildə irəli aparılması üçün əlverişli zəmin yaratmış, siyasi-
hüquqi sabitlik və güclənmiş suverenlik amili Azərbaycan və Ermənistan arasında sülh
prosesinin yeni mərhələyə keçməsini təmin edən başlıca faktorlardan olmuşdur. Amerika
Birləşmiş Ştatlarının Vaşinqton şəhərində iki ölkə arasında Birgə Bəyannamənin
imzalanması uzun illər insan hüquqlarının pozulmasına səbəb olmuş münaqişənin
bitməsinə, regionda sülh və sabitliyin bərqərar olmasına, dövlətlərarası münasibətlərin, o
cümlədən iqtisadi əməkdaşlığın genişlənməsinə və nəqliyyat-kommunikasiya əlaqələrinin
inkişafına əsaslı şərait yaratmışdır.
Türkdilli ölkələrlə əlaqələrin inkişaf etdirilməsi Türk dünyası daxilində iqtisadi
inteqrasiyanın, enerji və nəqliyyat sahəsində dost və qardaş ölkələr arasında əməkdaşlığın
dərinləşməsinə və regionumuzun dayanıqlı inkişafına, habelə koordinasiyalı təhlükəsizlik
siyasətinin formalaşdırılmasına xidmət etmiş, insan hüquq və azadlıqlarının qorunması və
təşviqi üçün daha əlverişli regional mühitin formalaşmasına töhfə vermişdir.
Qlobal və regional miqyasda əldə edilən mühüm nailiyyətlər, habelə müasir
tendensiyalar və çağırışlar Ombudsmanın insan hüquq və azadlıqlarının təmin olunması
üzrə fəaliyyətinin daha da təkmilləşdirilməsi, təsisatın institusional potensialının
gücləndirilməsi üçün əlverişli zəmin yaratmışdır.
Ötən il Ombudsman Konstitusiya Qanunu ilə müəyyən edilmiş səlahiyyətlər
çərçivəsində insan hüquq və azadlıqlarının müdafiəsi, hüquq pozuntularının qarşısının
alınması, habelə hüquq mədəniyyətinin inkişaf etdirilməsi istiqamətində həyata keçirdiyi
çoxşaxəli fəaliyyətini dövlət qurumları, vətəndaş cəmiyyəti institutları, media subyektləri və
beynəlxalq təşkilatlarla əməkdaşlıq şəraitində davam etdirmişdir.
Nəzərinizə çatdırmaq istərdim ki, 2025-ci ildə Ombudsmanın ünvanına 42.685
müraciət daxil olmuşdur. 7/24 rejimində fəaliyyət göstərən Ombudsmanın “916” Çağrı
Mərkəzi tərəfindən 14.718 zəng qəbul edilmişdir.
İl ərzində Ombudsman, onun Aparatı və regional mərkəzləri tərəfindən ümumilikdə
9.060 nəfər şəxs qəbul edilmişdir.
Ombudsmana ünvanlanan müraciətlərin araşdırılması məqsədilə aidiyyəti dövlət
qurumlarına, idarə, müəssisə və təşkilatlara sorğular ünvanlanmış, bir çox hallarda nöqsan
və çətinliklərin aradan qaldırılması və pozulmuş hüquqların bərpası üzrə zəruri tədbirlər
görülmüş, təklif və tövsiyələr verilmişdir. Bununla yanaşı, Ombudsmanın səlahiyyətlərinə aid
olmayan məsələlərlə bağlı ərizəçilərə həm qəbul zamanı, həm də rəsmi məktub vasitəsilə
hüquqi məsləhətlər, insan hüquq və azadlıqlarının müdafiəsi formaları, üsulları, habelə
müxtəlif hallarla bağlı aidiyyəti orqanlara müraciət etmələri barədə izahatlar verilmişdir.
Ötən ilin mühüm hadisələrindən olan “Azərbaycan Respublikasında növbəti
bələdiyyə seçkiləri”ndə vətəndaşların seçki hüququnun təmini vəziyyəti Ombudsman
tərəfindən diqqətdə saxlanılmış, paytaxtda və regionlarda seçki hüququ ilə bağlı
maarifləndirmə tədbirləri təşkil olunmuşdur.
Ombudsman Aparatının və regional mərkəzlərin əməkdaşları tərəfindən 38 şəhər və
rayonda, o cümlədən muxtar respublikada 101 seçki dairəsi üzrə 708 seçki məntəqəsində
müstəqil olaraq, öz təşəbbüsləri əsasında müşahidələr aparılmışdır. Seçki günü seçki
hüquqlarının pozulması ilə bağlı Ombudsmanın ünvanına hər hansı bir şikayət və ya
müraciət daxil olmamışdır.
Son illər informasiya texnologiyalarının sürətlə inkişafı, xüsusən də süni intellektin
bütün sahələr üzrə geniş tətbiqi informasiya əldə etmək hüququnun reallaşdırılmasına
əhəmiyyətli dərəcədə təsir göstərməkdədir. Bu hal xüsusən fərdi məlumatların, habelə
qanunla əldə olunmasına məhdudiyyət qoyulan digər məlumatların mühafizəsi ilə bağlı
hüquqi tənzimləmələrin təkmilləşdirilməsini və yeni təhlükəsizlik mexanizmlərinin tətbiqini
zəruri edir.
Qeyd olunanları nəzərə alaraq, bu sahədə prioritet istiqamətlərin müəyyən edilməsi,
normativ-hüquqi bazanın təkmilləşdirilməsi, rəqəmsal texnologiyalardan, süni intellektdən
düzgün istifadə və nəzarət tədbirlərinin gücləndirilməsi, rəqəmsal savadlılıq və məlumat
təhlükəsizliyi mədəniyyətinin inkişaf etdirilməsi üzrə maarifləndirici proqramların həyata
keçirilməsi olduqca əhəmiyyətlidir.
İnformasiya əldə etmək hüququnun daha səmərəli təmin edilməsi məqsədilə
“İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununda fiziki şəxslərə
özləri barədə fərdi məlumatların təbii inhisar subyektlərindən informasiya sorğusu əsasında
əldə etmək imkanını məhdudlaşdıran normaya müvafiq dəyişiklər edilməsi ilə həmin
məhdudiyyətin aradan qaldırılması məqsədəmüvafiqdir.
Rəqəmsallaşdırma və süni intellektin bütün sahələrdə olduğu kimi, əmək hüququnun
həyata keçirilməsi və müdafiəsi mexanizmlərinə də təsirini nəzərə alaraq, texnoloji
dəyişikliklərə hazırlıq məqsədilə regionlar üzrə əmək bazarının öyrənilməsi, işçilərin
hüquqlarının qorunmasına yönəlmiş kollektiv tədbirlər planının hazırlanması, süni intellektin
tətbiqi nəticəsində ixtisar olunacaq və ya adaptasiya çətinliyi yaşayacaq şəxslərə dəstək
mexanizmlərinin yaradılması olduqca zəruridir. Bununla əlaqədar qanunvericiliyin
təkmilləşdirilməsi əsas şərtlərdəndir.
Müvafiq icra hakimiyyəti orqanının “Əmək və Məşğulluq” altsistemi üzərindən tərtib
olunmuş göndərişlərinin əsassız olaraq icra edilməməsi hallarının aradan qaldırılması üzrə
mexanizmlərin işlənib hazırlanması və ya bu kimi hallarda şəxslərin işsizlikdən sığorta
müavinəti ilə təmin edilməsi həlli vacib məsələlərdəndir.
Vətəndaşların sosial təminat hüquqlarının daha səmərəli və effektiv qaydada
reallaşdırılması məqsədilə, özünüməşğulluğun təşkili prosesi tam başa çatanadək, yəni işsiz
şəxslərə əmlak təhvil verilənədək onların məşğulluğun digər formasından yararlanması və
ya ünvanlı dövlət sosial yardımı barədə müraciət etməsi ilə bağlı məhdudiyyətlərin aradan
qaldırılması məqsədəmüvafiqdir.
Əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilməsinin pensiyaçının
səhvindən baş vermədiyini, bu halın müvafiq qurumun fəaliyyətində olan funksional
nöqsanlarla bağlı olduğunu, habelə sonrakı tutulmaların əmək pensiyaçısının sosial
vəziyyətini ağırlaşdırdığını nəzərə alaraq, artıq ödənilmiş əmək pensiyası və əmək
pensiyasına əlavənin məbləğinin pensiyaçıdan tutulması üçün qanunvericiliklə müəyyən
edilmiş müddətin minimuma endirilməsi zəruri hesab olunur.
Şəxs müddətli həqiqi hərbi xidmətdə olduğu vaxtda onun uşaqlarına ödənilən
müavinətin məbləğinin ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumuna
uyğunlaşdırılması məqsədəmüvafiqdir.
Əvvəlki illərdə olduğu kimi, əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə həkim-
məsləhət komissiyaları tərəfindən rəsmiləşdirilmiş göndərişlərin bir çox hallarda “natamam”
hesab edilməsinin qiymətləndirmə prosesində çətinliklərə və əlillik təyinatının müəyyən
müddət gecikməsinə səbəb olduğunu nəzərə alaraq, bu prosesdə iştirak edən qurumlar
arasında koordinasiyalı və qarışılıqlı etimad prinsipinə əsaslanan fəaliyyətin təmin olunması,
qiymətləndirmə prosedurlarının sadələşdirilməsi olduqca vacibdir.
Əlilliyi olan şəxslərin hüquqlarının daha səmərəli təmin olunması məqsədilə
infrastruktur obyektlərinin, yaşayış binalarının layihələndirilməsi və tikintisi zamanı həmin
şəxslərin tələbatlarının nəzərə alınması məqsədilə layihələndirmə standartlarının
yenilənməsi, tikinti prosesində müyəssərlik tələblərinə riayət olunmasına nəzarətin
gücləndirilməsi, bu sahədə monitorinqlərin aparılması və çatışmazlıqların aradan
qaldırılması, habelə metro və digər ictimai nəqliyyatın əlçatanlıq komponentləri ilə təmin
olunması üzrə konkret fəaliyyət mexanizmlərinin hazırlanması və tətbiqi zəruridir.
Əhalinin sağlamlıq hüququnun effektiv şəkildə həyata keçirilməsi məqsədilə
regionlarda ixtisaslaşdırılmış tibbi xidmətlərin əlçatanlığının təmin edilməsi və bununla da
səhiyyə infrastrukturunun ölkə üzrə balanslı şəkildə təşkili, habelə ilkin səhiyyə xidmətlərinin
keyfiyyətinin yüksəldilməsi vacibdir.
Bununla əlaqədar, “Kənd yerlərindəki tibb müəssisələrinə tibbi kadrların cəlb
olunmasının həvəsləndirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Nazirlər
Kabinetinin müvafiq Qərarı ilə nəzərdə tutulan maliyyə təminatlarının dövrün sosial-iqtisadi
tələblərinə uyğun yenidən nəzərdən keçirilməsi də məqsədəmüvafiqdir.
Elmi araşdırmalar, habelə bu sahədə digər ölkələrin müsbət təcrübəsi nəzərə
alınmaqla şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə göstərilən illik tibbi yardımın həcminə,
inyeksiya vasitələrinin, insulin və digər şəkərsalıcı dərman preparatlarının, özünənəzarət
vasitələrinin siyahısına və miqdarına yenidən baxılması zəruridir.
Bununla yanaşı, onkoloji xəstəliklərin müalicəsində istifadə edilən dərman
preparatlarının spektrinin genişləndirilməsi və 2006-cı ildə təsdiq edilmiş “Onkoloji
xəstələrin şiş əleyhinə əsas preparatlarla təminatı üzrə Tədbirlər Proqramı”na müasir
tələblərə uyğun olaraq yenidən baxılması da məqsədəmüvafiqdir.
Ombudsman yanında Psixi sağlamlıq və insan hüquqları sahəsində İşçi Qrupun
fəaliyyəti çərçivəsində sosial şəbəkələr üzrə aparılan monitorinqlərin nəticələrindən irəli
gələrək diqqətinizə çatdırmaq istərdim ki, psixi sağlamlıq sahəsində yardım göstərmək
hüququ olmayan şəxslər tərəfindən internet üzərindən müvafiq seans və məsləhət
xidmətlərinin göstərilməsinin qarşısının alınması üzrə mexanizmlərin işlənib hazırlanması,
habelə Psixi Sağlamlıq sahəsində Milli Strategiyanın qəbul edilməsinin sürətləndirilməsi də
məqsədəmüvafiqdir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarı ilə təsdiq edilmiş
“Uşaq bağçalarının nümunəvi ştatı”na və “Körpələr evi-uşaq bağçalarının nümunəvi
ştatları”na “uşaq psixoloqu” ştatının əlavə edilməsi məsələsi aktual olaraq qalmaqdadır.
Ölkəmizdə uşaqların daha çox istifadə etdikləri sosial şəbəkə, platforma və internet
saytları, o cümlədən televiziya proqramları, filmlər və oyunlar üzrə zorakılığı təbliğ edən
halların müəyyən edilməsi və qarşısının alınması məqsədilə davamlı monitorinqlərin
aparılması, bu yaşda olan şəxslərin psixikasına, sağlamlıq durumuna və davranışına mənfi
təsir edə biləcək halların müəyyən edilməsi və məhdudlaşdırıcı tədbirlərin görülməsi,
bununla bağlı qanunvericiliyə müvafiq dəyişikliklərin edilməsi həlli vacib məsələlərdəndir.
Təhsil hüququnun ayrı-seçkiliyə yol verilmədən zamanında reallaşdırılması və
bununla da bərabərlik hüququnun təmin edilməsi məqsədilə “Hərbi vəzifə və hərbi xidmət
haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsində qiyabi təhsil alan
şəxslərə münasibətdə də çağırışa möhlət verilməsi ilə bağlı müvafiq dəyişikliyin edilməsi
təklif olunur.
Ölkə üzrə mövcud kitabxana fondlarının vahid rəqəmsal sistemə inteqrasiyasının
təmin edilməsi və bununla da mərkəzləşdirilmiş milli kitabxana platformasının yaradılması
hər bir şəxsin kitabxana resurslarına onlayn və bərabər çıxış imkanının təmin edilməsi,
habelə maliyyə və insan resurslarından daha səmərəli istifadə olunması, idarəetmə və
texniki xərclərin optimallaşdırılması baxımından əhəmiyyətli ola bilər.
Müasir informasiya texnologiyalarının istehlakçı hüquqlarına təsirinin davamlı
monitorinqinin aparılması, qanunvericiliyin, xüsusilə də “İstehlakçıların hüquqlarının
müdafiəsi haqqında”, “Elektron ticarət haqqında” Azərbaycan Respublikası qanunlarının
və digər normativ hüquqi aktların müsbət beynəlxalq təcrübə əsasında müasir tələblərə
uyğunlaşdırılması, bu sahədə maarifləndirici materialların hazırlanması və hədəf qrupları
üzrə birgə maarifləndirmə tədbirlərinin keçirilməsinə diqqət artırılmalıdır.
Yaşayış yerinin yeni mülkiyyətçisi tərəfindən həmin ünvana əvvəllər qeydiyyata
götürülmüş şəxslərin qeydiyyatdan çıxarılmasının məhkəmədənkənar sadələşdirilmiş
mexanizminin işlənib hazırlanması, bununla əlaqədar “Yaşayış yeri və olduğu yer üzrə
qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununa zəruri dəyişikliklərin edilməsi
məhkəmələrinin iş yükünün azaldılması və mülkiyyətçinin hüquqlarının daha səmərəli təmin
edilməsi baxımından olduqca vacibdir.
Borclu dövlət orqanlarına münasibətdə məhkəmə qərarlarının icrası mexanizmlərinə
yenidən baxılması və bununla bağlı qanunvericiliyə müvafiq dəyişikliklərin edilməsi aktual
məsələlərdən biri olaraq qalmaqdadır.
2025-ci ildə Ombudsman tərəfindən şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərə
müntəzəm qaydada, habelə daxil olmuş müraciətlər əsasında başçəkmələr davam
etdirilmiş, insan hüquq və azadlıqlarının daha səmərəli müdafiəsi məqsədilə səlahiyyətli
dövlət qurumlarına müvafiq təklif və tövsiyələr ünvanlanmışdır.
Törədilmiş əməlin ictimai təhlükəlilik dərəcəsi və xarakteri nəzərə alınmaqla, məhkum
edilmiş şəxslərin cəza çəkdikləri müddət ərzində ixtisas və peşə bacarıqlarına uyğun olaraq
müvafiq sahələrə cəlb olunmaları onların bilik və bacarıqlarından səmərəli qaydada istifadə
edilməsinə və həmin məhkumların islah prosesinin effektivliyinin artırılmasına xidmət edə
bilər.
Xarici ölkələrin müsbət təcrübəsi nəzərə alınmaqla, yetkinlik yaşına çatmayan,
habelə xüsusi ictimai təhlükə törətməyən və az ağır cinayət törətmiş məhkumların ali təhsil
müəssisələrinə qəbul imtahanlarında iştirak edə bilmələri üçün mexanizmin işlənib
hazırlanması həmin şəxslərin təhsil hüququnun təmini baxımından olduqca əhəmiyyətlidir.
Ombudsman il ərzində məhkumların və onların ailə üzvlərinin əfv barədə
müraciətlərini nəzərə alaraq, müntəzəm qaydada Azərbaycan Respublikasının Prezidenti
yanında Əfv Məsələləri Komissiyasına təkliflərini göndərmiş və Komissiyanın iclaslarında
iştirak etmişdir. Ombudsmanın müraciətləri əsasında ümumilikdə 900 məhkum, 2025-ci ildə
isə 21 məhkum əfv edilmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Konstitusiya və
Suverenlik İli” münasibətilə amnistiya elan edilməsinə dair təşəbbüsü dövlətin humanizm
siyasətinin ardıcıl və sistemli şəkildə davam etdirilməsinin bariz nümunəsi oldu. Bu təşəbbüs
əsasında Azərbaycan Respublikası Milli Məclisi tərəfindən qəbul edilmiş sayca 13-cü olan
Amnistiya aktı ümumilikdə 20.000-dən çox şəxsi əhatə etməklə, bu zamana qədər qəbul
edilmiş ən geniş miqyaslı amnistiya aktı kimi tarixə düşdü.
Qeyd etmək istərdim ki, şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi müəssisələrə həyata
keçirilmiş başçəkmələr zamanı rəftar, saxlanma şəraiti, sənədləşmə, tibbi xidmətin vəziyyəti,
qidanın rasionu və keyfiyyəti, hüquqların təmini vəziyyəti və s. məsələlər diqqətdə
saxlanılmış, konfidensial görüşlər keçirilmiş, əvvəlki başçəkmələr zamanı aşkar edilmiş
nöqsan və çatışmazlıqların aradan qaldırılması istiqamətində Ombudsmanın tövsiyələrinin
icra vəziyyəti yoxlanılmışdır.
2025-ci ildə Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində
ümumilikdə 355 başçəkmə həyata keçirilmişdir ki, onlardan 93-ü plandankənar olmuşdur.
Başçəkmələr zamanı ümumilikdə 3.462 nəfər qəbul edilmişdir.
Ombudsmanın Müstəqil Monitorinq Mexanizmi funksiyası çərçivəsində uşaqların,
qadınların, ahıl və əlilliyi olan şəxslərin hüquqları, onların reabilitasiyası və inklüzivlik
məsələləri, habelə bərabərlik hüququnun təmini və ayrı-seçkilik hallarının qarşısının
alınması ilə əlaqədar sistemli monitorinqlər həyata keçirilmiş, hesabatlar hazırlanmış və
mediada yaılmışdır.
Qanunvericiliyin insan hüquq və azadlıqlarının daha səmərəli təmini baxımından
təkmilləşdirilməsi məqsədilə 2025-ci ildə də Ombudsmanın normativ hüquqi aktların, o
cümlədən dövlət proqramları və fəaliyyət planları layihələrinə dair verdiyi rəy və təkliflər
nəzərə alınmışdır.
Ombudsmanın Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi ilə əməkdaşlığı
insan hüquq və azadlıqlarının səmərəli təmin olunması baxımından xüsusi önəm daşıyır. Bu
əməkdaşlıq Konstitusiyanın aliliyinin təmin edilməsi, qanunvericiliyin təkmilləşdirilməsi,
insan hüquq və azadlıqlarının pozulmasının qarşısının alınması və hüquqi müdafiə
mexanizmlərinin effektivliyinin artırılması məqsədlərinə xidmət edir. Ötən il ərzində
Ombudsman tərəfindən Konstitusiya Məhkəməsinə ünvanlanmış üç sorğu üzrə müvafiq
qərar və qərardadlar qəbul edilmişdir.
İl ərzində paytaxtda və regionlarda ictimaiyyətin, habelə dövlət qurumlarının insan
hüquq və azadlıqları sahəsində məlumatlılıq səviyyəsinin artırılması məqsədilə davamlı
olaraq maarifləndirmə tədbirləri həyata keçirilmiş, vətəndaş cəmiyyəti institutları və media
ilə qarşılıqlı əməkdaşlıq əlaqələri gücləndirilmişdir.
Nəzərinizə çatdırmaq istərdim ki, 2025-ci il ərzində Ombudsmanın fəaliyyəti ilə bağlı
Azərbaycan və ingilis dillərində 245 mətbuat açıqlaması yayımlanmış, rəsmi sosial media
hesablarında 1.733 paylaşım edilmişdir. Ombudsman fəaliyyəti haqqında yerli və xarici
mediada ümumilikdə 4.083 məlumat yayımlanmışdır.
İnsan hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı nümayiş etdirilən ikili standartlara,
ölkəmiz əleyhinə qərəzli mövqeyə, dini, etnik və milli ayrı-seçkilik elementləri daşıyan çıxış
və yazılara Ombudsman tərəfindən operativ mövqe bildirilmişdir.
İnsan hüquq və azadlıqlarının təşviqi və müdafiəsi sahəsində beynəlxalq
əməkdaşlığın gücləndirilməsinə də xüsusi önəm verilmişdir. Qeyd olunmalıdır ki,
Azərbaycan Ombudsmanı milli insan hüquqları təsisatlarının beynəlxalq və regional
şəbəkələrinin rəhbər heyətlərində yüksək səviyyələrdə təmsil olunmaqla yanaşı, onların
işlərində fəal iştirak etməkdədir.
İl ərzində beynəlxalq və regional təşkilatlarla, habelə xarici ölkələrin ombudsman və
milli insan hüquqları təsisatları ilə əməkdaşlıq əlaqələrinin gücləndirilməsi insan hüquq və
azadlıqlarının müdafiəsi sahəsində müsbət təcrübəmizin qlobal platformalarda
tanıdılmasına və nəticə etibarilə respublikamızın beynəlxalq aləmdə mövqeyinin və
nüfuzunun daha da möhkəmləndirilməsinə xidmət etmişdir.
Ombudsmanın təşəbbüsü ilə “Qanunun aliliyinin gücləndirilməsi: ombudsmanların və
milli insan hüquqları təsisatlarının rolu” mövzusunda keçirilmiş Ombudsmanların Beynəlxalq
Simpoziumu insan hüquqları sahəsində maarifləndirmə fəaliyyətinin mühüm tərkib hissəsi
olmaqla yanaşı, müsbət təcrübə mübadiləsinin və insan hüquqlarının müdafiəsi sahəsində
milli və beynəlxalq əməkdaşlığın gücləndirilməsinə əhəmiyyətli töhfə vermişdir.
Azərbaycan Respublikasının Prezidentinin Simpozium iştirakçılarına ünvanladığı
müraciəti müasir çağırışlar fonunda beynəlxalq əməkdaşlıq və birgə səylərin artırılması üzrə
gələcək prioritetlərin müəyyən edilməsi baxımından olduqca mühüm əhəmiyyət kəsb
etmişdir.
Ombudsmanların Beynəlxalq Simpoziumunun iştirakçılarının Milli Məclisin sədri
xanım Sahibə Qafarova tərəfindən qəbul edilməsi, insan hüquqları sahəsində çoxtərəfli
hüquqi dialoqun dərinləşməsi və institusional əməkdaşlığın gücləndirilməsi baxımından
mühüm təşəbbüs olmuşdur.
Ombudsman və onun nümayəndələrinin iştirak etdiyi beynəlxalq tədbirlərdə, insan
hüquqları sahəsində ixtisaslaşmış beynəlxalq təşkilatlara ünvanlanmış bəyanat, müraciət və
açıqlamalarda etnik təmizləmə siyasəti nəticəsində doğma torpaqlarından zorla qovularaq
qaçqın düşmüş yüz minlərlə azərbaycanlının fundamental hüquq və azadlıqlarının kobud
şəkildə pozulması faktları diqqətə çatdırılmışdır.
Bununla yanaşı, mina probleminə diqqət çəkilərək, işğaldan azad olunmuş ərazilərdə
basdırılmış minaların insanların həyat və sağlamlığının itirilməsinə səbəb olduğu, dəqiq
mina xəritələrinin bu günədək təqdim edilmədiyi və bu səbəbdən keçmiş məcburi
köçkünlərin doğma torpaqlarına geri qayıdışı, təhlükəsiz yaşaması üçün ciddi təhdid və
məhdudiyyətlərin yarandığı qeyd edilmişdir.
Ombudsmanın 2025-ci il üzrə Məruzəsində insan hüquqlarının qorunması sahəsində
əldə edilmiş nailiyyətlərin, mövcud çətinliklərin obyektiv təhlili təqdim edilməklə yanaşı, insan
hüquq və azadlıqlarının daha effektiv təmini və müdafiəsi, normativ hüquqi aktların
təkmilləşdirilməsi, institusional koordinasiyanın gücləndirilməsi və dövlət orqanlarının
fəaliyyətində səmərəliliyin artırılması üzrə təkliflər də irəli sürülür.
Sonda qeyd etmək istərdim ki, insan hüquqlarının təmin edilməsi yalnız hüquqi
öhdəlik deyil, həm də cəmiyyətin mövcudluğunun və davamlı inkişafının, sosial ədalətin və
insan ləyaqətinin qorunmasının əsas şərtlərindəndir. Bu baxımdan, dövlət qurumlarını, elm
və təhsil müəssisələrini, araşdırma mərkəzlərini, vətəndaş cəmiyyəti institutlarını, media
nümayəndələrini və ümumilikdə bütün cəmiyyəti insan hüquqlarının qorunması və təşviqi
istiqamətində birgə səylərin və əməkdaşlığın gücləndirilməsinə dəvət edirəm.
Diqqətinizə görə təşəkkür edirəm!
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: