“Dövlət-özəl tərəfdaşlıq çərçivəsində Aqronomların Naxçıvan Forumu” keçirilib
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi və
Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin birgə təşkilatçılığı ilə
Naxçıvan şəhərində Biznes Mərkəzində “Dövlət-özəl tərəfdaşlıq çərçivəsində
Aqronomların Naxçıvan Forumu” keçirilib.
Forumun məqsədi dövlət-özəl tərəfdaşlığı çərçivəsində aqrar sektorda davamlı inkişafın
təmin edilməsi, innovativ texnologiyaların tətbiqi, aqronomların peşəkarlığının artırılması
və müasir çağırışlara uyğun əməkdaşlıq imkanlarının müzakirəsi olub.
Tədbirdə dövlət və özəl sektorun nümayəndələri, aqronomlar, alimlər, fermerlər və aqrar
sahənin digər mütəxəssisləri iştirak edərək aqronomiyanın mövcud vəziyyəti və inkişaf
perspektivləri ilə bağlı fikir mübadiləsi aparıblar.
Forumun açılışında çıxış edən Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı naziri
Rafail Quliyev bildirib ki, son illərdə dövlətin aqrar sektora göstərdiyi dəstək, innovativ
texnologiyalara çıxış imkanlarının genişləndirilməsi məhsuldarlığın artımına mühüm
təsir göstərib. Forumun nəticələrinin isə aqronomların peşəkar inkişafına, yeni
əməkdaşlıq imkanlarının yaranmasına və kənd təsərrüfatının davamlı inkişafına töhfə
verəcəyi vurğulanıb.
Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov çıxışında qeyd edib ki, əsas
məqsəd müasir texnologiyaların tətbiqi ilə aqronomların bilik və bacarıqlarının
artırılmasına, fermerlərin isə innovativ həllərə çıxış imkanlarının genişləndirilməsinə
dəstək verməkdir. Onun sözlərinə görə, müasir kənd təsərrüfatında uğur qazanmaq
üçün aqronomlar yalnız elmi biliklərə deyil, həm də praktik təcrübəyə və innovativ
texnologiyaları tətbiq etmək bacarığına sahib olmalıdırlar. Aqrar İnnovasiya Mərkəzinin
fəaliyyəti də bu istiqamətdə strategiya və resursların düzgün yönləndirilməsini təmin
edir.
Rəsmi açılış mərasimində Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər
Agentliyinin (AXA) sədri Sərdar Hacıyev, Aparatın Bitkiçiliyin təşkili və monitorinqi
şöbəsinin müdiri Seymur Səfərli də çıxış ediblər.
Forum üç panel sessiyasından ibarət olub. Birinci sessiyada kənd təsərrüfatında dövlət
dəstəyi mexanizmləri, subsidiyalara əlçatanlıq, fermerlərin sertifikatlı toxumlarla təmin
olunması, aqronomların müasir bilik və bacarıqlara yiyələnməsi, heyvandarlıq və
balıqçılıqda elmi yeniliklər, intensiv suvarma sistemlərinin tətbiqi kimi mövzular müzakirə
edilib. Sessiyada Kənd Təsərrüfatı Nazirliyinin müvafiq qurumları, Naxçıvan Kənd
Təsərrüfatı Elmi Tədqiqat İnstitutu, Heyvandarlıq və Balıqçılıq Elmi Tədqiqat İnstitutu,
Azərbaycan Mikromaliyyə Assosiasiyası, “Agrosystems” və “SHABRAN-D” şirkətinin
mütəxəssisləri iştirak ediblər.
İkinci sessiyada toxumçuluq sektorunun inkişafı, beynəlxalq standartlara
uyğunlaşdırılması, payızlıq taxıl səpinlərinin təşkili, sertifikatlı toxumların istifadəsinin
stimullaşdırılması, baytarlıq tədqiqatlarında innovativ yanaşmalar və özəl şirkətlərin
aqrar bazardakı rolu müzakirə olunub. Sessiyada AXA, Naxçıvan Muxtar
Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçilik şöbəsi, Baytarlıq Elmi Tədqiqat
İnstitutu, “AgroDairy” və “EMA Agro” şirkətlərinin mütəxəssisləri iştirak ediblər.
Üçüncü sessiyada isə Naxçıvan Muxtar Respublikasında aqrar siyasətin həyata
keçirilməsi, risklərin idarə olunması, sahibkarlığın inkişafı, yerli istehsalın
stimullaşdırılması, meyvə tinglərinin yetişdirilməsində yeni texnologiyaların tətbiqi və
fermerlərin sertifikatlı toxumlarla təminatı müzakirə olunub. Bu sessiyada Naxçıvan
Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin Aqrar siyasət və risklərin idarə
olunması şöbəsi, Yerli qurumlarla və sahibkarlarla iş sektoru, “AGROVİT”, “Grand Agro
in Vitro”, “Zirvə Agro” şirkətlərinin nümayəndələri çıxış ediblər.
Forumun yekununda qeyd olunub ki, “Dövlət-özəl tərəfdaşlıq çərçivəsində Aqronomların
Naxçıvan Forumu” aqrar sektorda bilik və təcrübə mübadiləsinə, yeni təşəbbüslərin
formalaşmasına və kənd təsərrüfatının davamlı inkişafına mühüm töhfə verəcək.