Qəhvəyi mərmər bağacığı ilə bağlı mübarizə tədbirləri davam edir
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən qəhvəyi mərmər bağacığı ilə bağlı monitorinq və mübarizə tədbirləri elmi əsaslara uyğun şəkildə, zərərvericinin biologiyasına uyğun olaraq mərhələli şəkildə davam etdirilir. Payız mövsümündə qışlamaya üstünlük verdiyi üçün bu zərərverici əsasən yaşayış evlərində, ictimai-iaşə obyektlərində, təsərrüfat tikililərində və digər qapalı məkanlarda müşahidə olunur.
Bu barədə agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.
Bildirilib ki, qəhvəyi mərmər bağacığı Gürcüstanın Azərbaycanla həmsərhəd bölgələrində geniş yayılıb və beynəlxalq mənbələrə əsasən, 2016-cı ildə həmin ölkədə fındıq istehsalına 53-69 milyon ABŞ dolları həcmində iqtisadi ziyan vurub. Gürcüstanda aparılan elmi müşahidələr və mübarizə tədbirləri göstərir ki, zərərverici sentyabrın sonlarından etibarən qışlama üçün sığınacaq axtarmağa başlayır. Bu da onun Azərbaycan ərazilərinə doğru miqrasiyasını sürətləndirir. Son günlər ölkənin müxtəlif bölgələrindən ictimai-iaşə obyektlərində, yaşayış evlərində, təsərrüfat tikililərində, anbarlarda və digər qapalı məkanlarda bu zərərvericiyə daha tez-tez rast gəlinməsi də bununla bağlıdır.
Qəhvəyi mərmər bağacığı payız dövründə fizioloji aktivliyini itirir, qidalanmır və bitkilər üçün birbaşa təhlükə yaratmır. Lakin qapalı məkanlarda çoxsaylı toplanması onun populyasiyasının qorunub saxlanmasına və növbəti vegetasiya dövrlərində ciddi iqtisadi risklərin yaranmasına səbəb olur.
Bu baxımdan sahibkarların, fermerlərin və vətəndaşların öz evlərində və təsərrüfat sahələrində aktiv müşahidə aparmaları, zərərvericini fiziki üsullarla toplamaqla məhv etmələri xüsusilə vacibdir. Təkcə dövlət qurumlarının səyləri ilə bu zərərverici ilə mübarizəni tam nəzarətdə saxlamaq mümkün deyil. Cəmiyyətin iştirakı olmadan geniş yayılmanın qarşısını almaq çətinləşir, bu isə növbəti mövsümlərdə kənd təsərrüfatına ciddi ziyan vura bilər. Zərərvericinin qapalı məkanlarda çoxalmasının qarşısı vaxtında alınmasa, onun təbiətə qayıtdıqdan sonra sürətlə çoxalması və məhsuldarlığa mənfi təsir göstərməsi qaçılmazdır. Odur ki, hər kəsin bu prosesə məsuliyyətlə yanaşması, sadə və səmərəli tədbirlərlə (məsələn, toplayıb məhv etməklə) iştirakı vacib hesab olunur.
AQTA həmin istiqamətdə monitorinq, elmi qiymətləndirmə və maarifləndirmə tədbirlərini mərhələli şəkildə davam etdirir və zərərvericinin yayılma arealına uyğun olaraq əlavə mübarizə mexanizmləri tətbiq edir.