Kuala-Lumpur şəhərində “Minalardan azad dünya yolunda - Azərbaycan nümunəsi” adlı beynəlxalq seminar keçirilib
Malayziyanın paytaxtı Kuala-Lumpur şəhərində Malayziyanın İnsan Hüquqları Komissiyası (SUHAKAM) və Azərbaycan Respublikasının Malayziyadakı Səfirliyinin birgə təşkilatçılığı ilə “Minalardan azad dünya yolunda - Azərbaycan nümunəsi” mövzusunda beynəlxalq seminar keçirilib.
Beynəlxalq seminarda Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının rəhbəri Aydın Səfixanlı “Minaların insan hüquqlarına təsiri” mövzusunda onlayn formatda çıxış edib.
Aparat rəhbəri öz çıxışında minaların insan hüquqlarına təsirini beynəlxalq humanitar hüquq və beynəlxalq hüquq normaları baxımından təhlil edərək bu sahədə mövcud normaların tələblərini diqqətə çatdırıb. Vurğulayıb ki, minalar təkcə silahlı münaqişə zamanı deyil, müharibədən sonrakı dövrlərdə də mülki əhali üçün ən böyük təhlükələrdən biri olaraq qalır. Bu təhlükə insanların yaşamaq hüququna, fiziki və psixoloji sağlamlığına, azad hərəkət etmək hüququna, sağlam ətraf mühitdə yaşamaq hüququna, təhsil və əmək hüquqlarına birbaşa təsir göstərir. Ermənistanın həyata keçirdiyi mina terroru insanların həyat və sağlamlıqlarına, ətraf mühitə zərər yetirməklə bərabər, beynəlxalq humanitar hüququn və beynəlxalq insan hüquqları hüququnun kobud şəkildə pozulması ilə müşayiət olunur.
Humanitar minatəmizləmənin Azərbaycan dövlətinin əsas prioritet vəzifələri sırasında olduğu, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA-nın) bu istiqamətdə mühüm fəaliyyət həyata keçirdiyi, Ermənistanın düzgün mina xəritələrini təqdim etməməsinin yaratmış olduğu çətinliklər seminar iştirakçılarının diqqətinə çatdırılıb.
Bildirilib ki, Azərbaycan Ombudsmanı mina qurbanlarının hüquqlarının müdafiəsi, onların sosial reinteqrasiyası və tibbi-psixoloji dəstəklə təmin olunması istiqamətində ardıcıl və sistemli fəaliyyət həyata keçirir, beynəlxalq təşkilatlara ünvanlanan hesabatlar, bəyanatlar və xüsusi məruzələr vasitəsilə Ermənistanın mina terroru nəticəsində baş verən insan hüquqları pozuntuları diqqətə çatdırılır.
Nəzərə çatdırılıb ki, minalarla çirklənmiş ərazilərdə bərpa və yenidənqurma işlərinin aparılması, otuz il müddətində hüquqları pozulmuş 800 mindən çox keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması prosesi ciddi şəkildə gecikir. Bu isə həmin insanların fundamental insan hüquqlarının pozulması ilə nəticələnir.
Çıxışının sonunda Aparat rəhbəri beynəlxalq təşkilatların Ermənistanın mina terroruna, insan hüquq və azadlıqlarını pozması faktlarına biganə qalmaması, Azərbaycanın minatəmizləmə sahəsində həyata keçirdiyi fəaliyyətə dəstəyin verilməsi, eləcə də ölkəmizə dəqiq mina xəritələrinin təqdim olunması üçün ciddi səylərin göstərilməsi ilə bağlı çağırışlar edib.