Milli Kitabxanada “Xalq artisti Vasif Adıgözəlov – 90” adlı kitab sərgisi açılıb
Milli Kitabxanada Xalq artisti, professor, Dövlət mükafatı laureatı, "Şöhrət" və "İstiqlal" ordenli, unudulmaz bəstəkar Vasif Adıgözəlovun anadan olmasının 90 illik yubileyi münasibətilə “Xalq artisti Vasif Adıgözəlov – 90” adlı kitab sərgisi açılıb.
Sərgidə bəstəkarın operaları, simfonik poemaları, mahnı və romansları, kamera-instrumental əsərləri, musiqili komediyalara, dram tamaşalarına və kinofilmlərə yazılmış musiqi notları, həyat və yaradıcılığı haqqında kitablar, "Yaradıcı həyatın anları" fotoalbomu və s. Azərbaycan və müxtəlif dillərdə ədəbiyyatlar nümayış olunur.
Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli siması, Xalq artisti, Dövlət mükafatı laureatı Vasif Adıgözəlov 1935-ci il iyul ayının 28-də Bakıda Şuşalı ustad xanəndə Zülfü Adıgözəlovun ailəsində dünyaya göz açıb.
İlk musiqi təhsilini konservatoriyanın nəzdindəki 10 illik musiqi məktəbində piano sinfində alıb. 1953-cü ildə Azərbaycan Dövlət Konservatoriyasına daxil olub. Bəstəkarlıq üzrə Qara Qarayevin, fortepiano üzrə Simuzər Quliyevanın sinfində təhsilini davam etdirib. 1959-cu ildə həmin təhsil ocağını iki ixtisas üzrə bitirib. 1958-ci ildən əmək fəaliyyətinə başlayan sənətkar müxtəlif mədəniyyət ocaqlarında məsul vəzifələrdə çalışıb.
Vasif Adıgözəlovun əsərləri nəinki ölkəmizin, dünyanın bir çox yerlərində, o cümlədən Almaniya, Bolqarıstan, Çexiya, Meksika, Kosta-Riko, Venesuela, Kuba, Türkiyə, İran və keçmiş SSRİ Respublikalarının musiqi ictimaiyyətinə yaxşı tanışdır.
Bəstəkar 2 operanın - "Ölülər" və "Natəvan", 6 musiqili komediyanın - o cümlədən "Nənəmin şahlıq quşu", bəstəkar Ramiz Mustafayevlə birgə yazdığı "Hacı Qara", "Boşanaq - evlənərik", "Aldın payını, çağır dayını", həmçinin "Odlar yurdu", "Qarabağ şikəstəsi", "Çanaqqala-1915", "Qəm karvanı" oratoriyalarının, 3 simfoniyanın, "Segah" muğam-simfoniyasının, "Mərhələlər", "Afrika mübarizə edir" simfonik poemalarının, 5 instrumental konsertin, çoxlu sayda kamera-instrumental əsərlərin, 100-ə qədər mahnı və romansın, dram tamaşalarına və kinofilmlərə yazılmış musiqinin müəllifidir.
Bəstəkarın əməyi hər zaman yüksək qiymətləndirilərək ən yüksək fəxri adlara, orden və medallara layiq görülüb.