QDİƏT PA-nın Gürcüstanda keçirilən komitə iclasında süni intellektin rolu müzakirə olunub
Gürcüstanda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) Hüquq Məsələləri və Beynəlxalq Əməkdaşlıq Komitəsinin 66-cı iclası keçirilib.
Sessiya Qara dəniz regionunda dayanıqlı sosial-iqtisadi inkişafa nail olunmasında süni intellektin rolunun müzakirəsinə həsr olunub.
Parlament Assambleyasına üzv olan dövlətlərin qanunverici orqanları süni intellektin rolu və əhəmiyyəti ilə bağlı hüquqi məsələləri müzakirə edib, mövcud təcrübədən danışıblar.
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının Baş katibi Asəf Hacıyev, Assambleyanın vitse-prezidenti Sofiya Vultepsi çıxış edərək süni intellektin tətbiqində müəyyən alətlərin və hüquqi normaların hazırlanmasının vacibliyini qeyd ediblər.
Baş katib qeyd edib ki, Qara dəniz regionu süni intellektin inkişafı üçün regional mərkəzə çevrilə bilər. Süni intellekt sahəsində birgə təşəbbüslər kibertəhlükəsizliyi yaxşılaşdıracaq, rəqəmsal ticarəti və dayanıqlı sənayeləri təşviq edəcək ki, bu da son nəticədə insanlara fayda verəcək
QDİƏT PA-da Gürcüstan parlamentinin daimi nümayəndə heyətinin rəhbəri İrakli Mezurnişvili məruzə ilə çıxış edərək bildirib ki, Qara dəniz regionu süni intellekt sahəsində əməkdaşlıq üçün böyük potensiala malikdir.
Onun sözlərinə görə, ölkələrimiz iqtisadi transformasiya və rəqəmsal infrastruktur problemlərindən tutmuş təhsil və idarəetmə islahatlarına qədər oxşar problemlərlə üzləşirlər. Regional əlaqəni, dayanıqlı resursların idarə edilməsini və innovasiyaya əsaslanan artımı təkmilləşdirməklə süni intellekt bizə bu problemləri daha effektiv həll etməyə kömək edə bilər.
Parlament Assambleyası Komitəsinin iclasında altı ölkənin - Gürcüstan, Yunanıstan, Rumıniya, Türkiyə, Bolqarıstan və Azərbaycanın parlament üzvləri yekun qətnamənin hazırlanması üçün Baş Assambleyaya təqdim olunacaq tövsiyə layihələrini müzakirə ediblər.
Komitənin növbəti iclasının keçirilməsi ilə bağlı da qərarlar qəbul edilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:

