Nazirlik: Sosial layihə olan mənzil satışı davam edir
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən satışa çıxarılan mənzillərdən son bir ayda daha 15 mənzil satılıb. Mənzillər Bakının Ramana və Ümid qəsəbələrində, Abşeron və Samux rayonlarında yeni yaşayış binalarındadır.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, hazırda 1057 mənzilin satışı davam edir və satışdan əldə olunan vəsait ölkəmizin digər bölgələrində şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzil və fərdi evlə təminatına yönəldiləcək.
Hər biri 3 və 4 otaqlı olan mənzillərin satışı ms.sosial.gov.az portalı üzərindən onlayn qaydada həyata keçirilir. Mənzillər tam təmirlidir, istifadə olunmayıb və çıxarışlıdır. Onları banklara müraciət etməklə ipoteka krediti ilə də almaq olar.
Mənzil almaq istəyənlər həmin portala daxil olaraq mənzillərlə tanış ola, almaq istədiyi mənzili seçərək onu portaldakı “Bron et” düyməsini sıxmaqla bron edə bilər.
Mənzilləri bron etmək istəyən bunun üçün “ASAN Login”in autentifikasiya vasitələrindən (identifikasiya nömrəsi, SİMA rəqəmsal imza, ASAN imza, SİMA Token (elektron imza), BSXM Elektron imza) birinə malik olmalıdır.
Mənzili ilk bron edən həmin mənzili almaq hüququ qazanır, ondan əlavə 2 şəxsin də həmin mənzili bron etmək imkanı var. Əgər ilk bron edən mənzili almaqdan imtina edərsə, mənzili almaq hüququ onu bron edən başqasına keçir.
Mənzili bron edənlə nazirlik arasında 10 gün müddətində dəyəri tam ödənilməklə mənzilə dair notariat qaydasında təsdiq edilmiş alqı-satqı müqaviləsi bağlanır.
Bir hüquqi və ya fiziki şəxs satılan mənzillərdən istədiyi sayda mənzil ala bilər.
Mənzillərin qiyməti müstəqil qiymətləndirici tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən edilib.
Əlavə məlumat əldə etmək üçün 142-Çağrı Mərkəzinə müraciət etmək olar.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:



