Naxçıvanda keçirilən sərgi-satış yarmarkasında 214 müəllifin 15,2 min manat dəyərində əl işləri satılıb
“Konstitusiya və Suverenlik İli” çərçivəsində Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında keçirilən məhdud fiziki imkanlı şəxslərin və istedadlı qadınların rəsm və əl işlərindən ibarət sərgi-satış yarmarkasının bağlanış tədbiri olub.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bildirilib ki, tədbirdə komitə sədri Ramilə Seyidova sərgi-satışda zövqlə hazırlanmış əl işlərinin qonaqlar tərəfindən maraqla qarşılandığını deyib.
Komitə sədri qeyd edib ki, yarmarkada ümumilikdə 261 müəllifin 11 min 738 əl işi sərgilənib, 214 müəllifin 15 min 220 manat dəyərində 1508 əl işi satılıb. Bu da ötən illə müqayisədə 2 min 255 manat dəyərində çox əl işi deməkdir. Bu, həm gözəl nəticə və üstünlükdür, həm də məhdud fiziki imkanlı şəxslərin və istedadlı qadınların ailə büdcəsinə təsir edən mühüm amildir.
Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini, nazir vəzifəsinin səlahiyyətlərini müvəqqəti icra edən Fərid Bağırzadə çıxış edərək bildirib ki, “Konstitusiya və Suverenlik İli” ilə əlaqədar bir çox tədbirlər həyata keçirilib. Məhdud fiziki imkanlı şəxslərin və istedadlı qadınların rəsm və əl işlərindən ibarət sərgi-satış yarmarkası da bu tədbirlərdən biridir. Sərgi-satış yarmarkası sayəsində məhdud fiziki imkanlı şəxslər və istedadlı qadınlar üçün əlavə gəlir mənbəyi formalaşır, onların cəmiyyətə inteqrasiyası üçün yeni imkanlar yaranır.
Sərgi iştirakmısı Teyfə Qasımova bildirib ki, sərgi-satış yarmarkası həm ailə büdcələrinə dəstək olur, həm də qadınların iqtisadi fəallığının artırılmasına imkan yaradır.
Sonda sərgi-satış yarmarkasında fəal iştirak edən şəxslərə komitənin “Təşəkkürnamə”ləri təqdim edilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:







