Yoluxucu xəstəliklərlə bağlı maarifləndirici təlimlər keçirilir
“İnkişafa Doğru Qadın Təşəbbüsü” İctimai Birliyi tərəfindən “Gözəllik salonlarında təhlükəli yoluxucu xəstəliklərin yayılması əleyhinə təlimlər” adlı layihəyə start verilib.
Bu barədə İctimai Birlikdən məlumat verilib.
Bildirilib ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə gerçəkləşən bu layihə çərçivəsində “Bilgi” Peşə Tədris Mərkəzində “Gözəl ol və sağlam qal!” devizi altında təlim keçirilib.
Tədbirdə peşə tədris mərkəzinin nümayəndəsi Fidan Cahangirova “İnkişafa Doğru Qadın Təşəbbüsü” İctimai Birliyinin həyata keçirdiyi maarifləndirmə təşəbbüslərinin önəmini diqqətə çatdırıb.
İctimai Birliyin sədri, layihə rəhbəri Ziba Nəbiyeva deyib ki, əsas məqsəd gözəllik xidməti göstərilən məkanlarda xroniki virus hepatitləri, İnsan İmmunçatışmazlığı Virusu (İİV) və vərəm kimi təhlükəli infeksion xəstəliklərin yayılması riskini yaradan səbəblər barədə aidiyyəti peşə sahiblərini maarifləndirməkdir: “Belə məkanlarda İİV və virus hepatitlərinə yoluxma riski adətən steril olmayan alətlərlə dərini və ya selikli qişanı zədələdikdə yarana bilir. Vərəm isə hava-damcı yolu ilə yayılan xəstəlik olduğundan qapalı, yaxşı havalandırılmayan məkanlar, müvafiq baxım prosedurları zamanı qoruyucu vasitələrdən istifadə etməmək yoluxma riskini artırır. Önləyici profilaktik tədbirlər yeni yoluxmaların qarşısını almaqda mühüm rol oynayır. Belə ki, zamanında verilən bilgilər aidiyyəti peşə sahibləri ilə yanaşı, onların xidmətlərindən bəhrələnəcək yüzlərlə şəxslərin sağlamlığını qorumağa yönələn təşəbbüsdür”, - deyə Z. Nəbiyeva vurğulayıb.
O daha sonra elektron təqdimat vasitəsilə xroniki virus hepatitləri və İİV/QİÇS, xəstəliklərin kliniki gedişatı, yoluxma yolları, qorunma qaydaları və profilaktik qabaqlayıcı tədbirlər, eləcə də, gözəllik salonlarında də¬ri¬ni zə¬də¬ləyə bi¬ləcək ma¬ni¬pulya¬siya alətlərinin de¬zin¬fek-siya və ste¬ri¬li¬zasiyası, alətlərin mexaniki təmizlənmə qaydaları barədə vacib məqamları iştirakçılara çatdırıb.
Qeyd olunanlarla bağlı animasiya çarxı nümayiş olunub.
Vərəm xəstəliyinin əsas aspektləri barədə təqdimatla tibbi elmlər üzrə fəlsəfə doktoru Mətanət Qaraxanova çıxış edib. O, bu xəstəliyin zamanında aşkarlanıb, müalicəyə cəlb olunmasının vacibliyini vurğulayıb. “Vərəm xəstəsinin müalicəsini yarımçıq dayandırması həm xəstənin özünə, həm də ətrafındakılara vurduğu ən böyük zərbədir. Bu, müalicəsi mümkün olmayan vərəm formalarının yaranmasına gətirib çıxarır”, - deyə M. Qaraxanova qeyd edib.
Hava-damcı yolu ilə ötürülən infeksiyaların profilaktikası məqsədilə gözəllik xidməti göstərilən məkanların mütəmadi havalandırılması, açıq səthlərin dezinfeksiya edilməsi və işçilərin qoruyucu vasitələrdən düzgün istifadə qaydaları barədə məlumatlar təlim iştirakçılarına çatdırılıb.
Sonda verilən məlumatların mənimsənilmə səviyyəsini yoxlamaq üçün sorğu anketləri paylanıb.
İştirakçılar mövzularla bağlı maarifləndirici bukletlər və kitabçalarla təmin edilib.
Profilaktik tədbirlərin əhatə dairəsini genişləndirmək məqsədilə “Bilgi” Peşə Tədris Mərkəzinə xüsusi dizaynla hazırlanmış, viruslu hepatitlərin yoluxma yolları əks olunan divar lövhəsi, “Əllərinizi yuyun” adlı stikerlər və digər çap materialları təqdim olunub.