azturkxeber.az
http://azturkxeber.az

Antarktidadakı qaz emissiyaları alimləri narahat edib

18-10-2025

Antarktidadakı qaz emissiyaları alimləri narahat edib

Alimlər Antarktida sahillərində onlarla yeni sualtı qaz mənbəyini qeydə alıblar. Bu hadisə əvvəllər son dərəcə nadir müşahidə olunan təbiət hadisəsi hesab edilirdi. “Nature Communications Earth & Environment” (NCE&E) jurnalında dərc olunan elmi məqalədə bildirilir ki, Ross dənizinin sahilyanı zonasının dibindən metan qabarcıqları və digər flüidlər (mayelər və qaz qarışıqları) səthə çıxır.

Elmi ədəbiyyatda “sip” adlandırılan bu sahələr onilliklər ərzində mütəmadi tədqiq edilən, lakin indiyədək aktivlik əlamətləri göstərməyən bölgələrdə formalaşıb. Tədqiqatçılar sipləri 5 metrdən 240 metrədək dərinliklərdə aşkar ediblər.

Qazın çıxış yerlərində ağ mikrob örtükləri (mikrobial matlar) yaranıb, buz təbəqəsinin altında isə metan qabarcıqları toplanır. Alimlərin qeyd etdiyinə görə, bu qabarcıqlar qısa müddətdə atmosferə daxil ola bilər. Bəzi ərazilərdə dəniz orqanizmlərinin yaşaya bilmədiyi “ölü zonalar” müəyyən edilib, bu isə qaz emissiyasının artıq yerli ekosistemə təsir göstərdiyini göstərir.

Mütəxəssislər hesab edirlər ki, yeni siplərin yaranması iqlim istiləşməsi və buzlaqların əriməsi ilə bağlı ola bilər. Buz kütlələrinin həcmi azaldıqca, dəniz dibindəki qaz yataqlarına olan hidrostatik təzyiq aşağı düşür, nəticədə onların hermetikliyi pozulur və qlobal istiləşməni gücləndirən güclü istixana qazı olan metan atmosferə çıxır.

Tədqiqat müəlliflərinin fikrincə, bu kəşf qütb regionlarında qaz mübadiləsi prosesləri barədə mövcud elmi təsəvvürləri dəyişir və beynəlxalq səviyyədə təcili monitorinqin aparılmasını zəruri edir.

Alimlər xəbərdarlıq edirlər ki, əgər bu proses geniş miqyas alsa, təhlükəli “əks effekt” mexanizmini işə sala bilər, yəni buzlaqların əriməsi metan emissiyasını sürətləndirər, metan isə öz növbəsində qlobal istiləşməni daha da gücləndirər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2025    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031