Milli Məclisin plenar iclasında 7 məsələ müzakirə edilib YENİLƏNİB
Oktyabrın 17-də Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin payız sessiyasında növbəti plenar iclası keçirilib.
Parlamentin sədri iclasın tarixi bir günün ildönümü ərəfəsində keçirildiyini deyib. O bildirib ki, 34 il əvvəl - 1991-ci il oktyabrın 18-də Azərbaycan Ali Soveti dövlət müstəqilliyimizin bərpasını elan edib. Bir əsr ərzində ikinci dəfə xalqımız müstəqil dövlətini qurmaq imkanına nail olub. 1993-cü ilin iyun ayında dünya miqyaslı siyasi və dövlət xadimi Heydər Əliyevin hakimiyyətə qayıtması tariximizin dönüş nöqtəsi oldu. Heydər Əliyev təkcə ölkəni fəlakətdən xilas etmədi, həm də onu yenidən qurdu.
Sahibə Qafarova çıxışında Milli Məclis sədrinin başçılığı ilə nümayəndə heyətinin oktyabrın 13-14-də Pakistana işgüzar səfəri barədə məlumat verib.
Sonra cari məsələlərlə bağlı müzakirələr aparılıb. Deputatlar 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə təbriklərini çatdıraraq, bu tarixi günün mahiyyəti və əhəmiyyəti ilə bağlı fikirlərini bölüşüblər.
Daha sonra parlamentin sədri Sahibə Qafarova gündəlik barədə məlumat verib, ilk iki məsələnin beynəlxalq sənədlərin təsdiqi ilə bağlı olduğunu və bu qanun layihələrinin bir oxunuşda baxılaraq qəbul ediləcəyini bildirib.
İclasda İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Zaur Şükürov “Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi”nin təsdiq edilməsi haqqında qanun layihəsini təqdim edib. O bildirib ki, Azərbaycan ilə BƏƏ arasında iqtisadi və ticarət əlaqələrinin inkişaf etdirilməsi məqsədilə bağlanmış Saziş bu il iyulun 9-da Əbu-Dabi şəhərində imzalanıb.
Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında münasibətlərin inkişafının xüsusi önəm daşıdığını söyləyib, təqdim olunan Sazişin iki ölkə arasında iqtisadi əlaqələrin genişləndirilməsi və uzunmüddətli strateji tərəfdaşlığın dərinləşdirilməsi baxımından mühüm əhəmiyyətini qeyd edib və sənəd barədə rəhbərlik etdiyi komitənin müsbət rəyini açıqlayıb.
Sonra deputat Zaur Şükürov “Dəniz Naviqasiya Avadanlıqları üzrə Beynəlxalq Təşkilat haqqında Konvensiya”ya qoşulmaq barədə qanun layihəsinə dair məlumat verib.
Səməd Seyidov məsələyə dair Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin rəyini nəzərə çatdırıb. Qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq qəbul edilib.
Sonra Sahibə Qafarova bildirib ki, gündəliyin növbəti beş məsələsi birinci oxunuşda olan qanun layihələridir. O, birinci məsələnin “Məhkəmələr və hakimlər haqqında” və “Məhkəmə-Hüquq Şurası haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi olduğunu qeyd edib. Parlamentin sədri nəzərə çatdırıb ki, məsələ ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin sədr müavini Çingiz Əsgərov iclasda iştirak edir.
Daha sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov bu qanun layihəsi barədə məlumatı diqqətə çatdırıb. O, layihənin ölkə Prezidenti tərəfindən qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisin müzakirəsinə təqdim edildiyini söyləyib. Qeyd edib ki, layihə məhkəmə hakimiyyətinin müstəqilliyi, habelə məhkəmə hakimiyyətinin özünüidarə orqanı kimi Məhkəmə-Hüquq Şurasının statusu və səlahiyyətləri nəzərə alınmaqla hakimin xidməti vəsiqəsinin təsvirinin və nümunəsinin təsdiq edilməsi, xidməti vəsiqələrin təqdim olunmasının vahid formada Məhkəmə-Hüquq Şurası tərəfindən həyata keçirilməsi məqsədilə hazırlanıb.
İclasda çıxış edən Ali Məhkəmənin sədr müavini Çingiz Əsgərov məsələ barədə fikirlərini açıqlayaraq bildirib ki, bu qanun layihəsinin qəbulu ölkəmizdə ədalət mühakiməsinin təkmilləşdirilməsinə və məhkəmə hakimiyyətinin müstəqilliyinin təmin edilməsinə mühüm töhfə verəcək.
Sonra Nizami Səfərov “Dövlət qulluğu haqqında” Qanunda dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihəsindən bəhs edib. Bildirilib ki, sənəd ölkə Prezidenti tərəfindən qanunvericilik təşəbbüsü qaydasında təqdim olunub. Layihə dövlət qulluğuna qəbul sahəsində yaranan münasibətlərin daha dəqiq və aydın tənzimlənməsini nəzərdə tutur.
İclasda İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında”, “Dövlət rüsumu haqqında”, “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” və “Standartlaşdırma haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsinin (birinci oxunuş) mahiyyəti haqqında danışıb.
Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü Naqif Həmzəyev məsələ ilə əlaqədar bu komitənin rəyini səsləndirib.
Sonra Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) təqdim edib. Komitə sədri qeyd edib ki, qanun layihəsi ixtisaslaşmış hərbi qulluqçuların bilik və bacarıqlarından ölkəmizin müdafiəsində daha səmərəli və uzunmüddətli istifadəsinin təmin edilməsi, gizirlərin və miçmanların həqiqi hərbi xidmətkeçməsi qaydalarının və bir sıra normaların təkmilləşdirilməsi məqsədilə hazırlanıb.
İclasda Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nurlan Həsənov “Yol hərəkəti haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) təqdim edib. O bildirib ki, qanun layihəsinin əsas məqsədi moped nəqliyyat vasitələrinin istismarına dair tənzimləmələrin təkmilləşdirilməsi ilə bağlıdır.
Müzakirələrdən sonra qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq birinci oxunuşda qəbul edilib.