Qarabağ Dirçəliş Fondu “Rebuild Karabakh - 2025” sərgisində uğurla iştirak edib
14-16 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində keçirilən 5-ci yubiley Azərbaycan Beynəlxalq Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı Sərgisi (“Rebuild Karabakh – 2025”) yekunlaşıb.
Qarabağ Dirçəliş Fondu (QDF) artıq beşinci dəfə qatıldığı sərgidə uğurla iştirak edib.
Qarabağ Dirçəliş Fondunun stendini ziyarət edən qonaqlara Fondun fəaliyyəti, işğaldan azad edilmiş ərazilərdə icra olunan və maliyyə dəstəyi göstərilən layihələr, eləcə də həyata keçirilən müxtəlif təşəbbüslər barədə ətraflı məlumat təqdim edilib. Ziyarətçilərə, həmçinin Fondun fəaliyyətini əks etdirən videoçarxlar nümayiş olunub.
Eyni zamanda Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Mədəniyyət Nazirliyi və Qarabağ Dirçəliş Fondunun birgə əməkdaşlığı ilə hazırlanmış, Azərbaycanın mədəni irsinə vurulan zərbələri və dağıntıları əks etdirən, tanınmış fotoqraf Reza Deqatinin müəllifi olduğu “Dağıdılmış irs: səssiz şahidlər” fotoalbomu ziyarətçilərə təqdim edilib.
Bir neçə ildir Fondun stendində ziyarətçilərin böyük marağına səbəb olan “Qarabağın inciləri” pazl oyunu bu il də təqdim olunub. Qarabağın möhtəşəm abidələrinin rəsmlərindən ibarət olan bu oyun təkcə əyləncə deyil, həm də mədəni irsin virtual bərpasını simvolizə edən və maarifləndirici məna daşıyan bir layihədir. Müxtəlif yaş qruplarından olan iştirakçılar arasında xüsusi rəğbət qazanan oyunun sonunda ən çox xal toplayan 30 nəfərə sülhü və dayanıqlılığı təcəssüm etdirən zeytun tingi hədiyyə edilib.
Qeyd edək ki, Fondun əsas stendi ilə yanaşı Bakı Ekspo Mərkəzinin foyesində işğaldan azad edilmiş ərazilərdə ekoloji tarazlığın bərpasına diqqət çəkmək və ağacəkmə aksiyalarını təşviq etmək məqsədilə quraşdırılan xüsusi stendə də böyük maraq olub. Stenddə ziyarətçilər işğaldan azad edilən ərazilərdə aparılan bərpa-quruculuq işlərini əks etdirən “Faciədən Zəfərə” fotosərgisi ilə tanış olmaqla yanaşı, Fonda ianə edərək Zəfər Gününə həsr edilən xüsusi “Zəfər ianə sertifikatı” əldə ediblər.
Sərginin ilk günündə Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini İlqar İsbatov, “Caspian Event Organisers” şirkətinin baş direktoru Fərid Məmmədov, “Tabaterra” MMC-nin direktoru Elman Cavanşir və “PMD Group” MMC-nin Daşınmaz əmlakın inkişafı üzrə direktoru Kamil Əliyevin iştirakı ilə keçirlən panel müzakirəsi “Qarabağın dirçəlişi və Azərbaycanın yeni inkişaf modeli” mövzusuna həsr olunub. Spikerlər tərəfindən işğaldan azad edilmiş ərazilərdə yeni şəhərsalma prinsipləri, regionun Azərbaycan və dünya iqtisadiyyatına inteqrasiyası, dövlət-özəl tərəfdaşlığının praktik nümunələri və gələcək mərhələdə qarşıya çıxan əsas çağırışlar müzakirə edilib.
15 oktyabr tarixində “Qarabağın dirçəlişi müasir kommunikasiya və hekayəçilik müstəvisində” mövzusunda təşkil olunan ikinci panel müzakirəsində isə işğaldan azad edilmiş ərazilərdə intellektual ekosistemin qurulması, eləcə də Qarabağın azad edilməsi və bərpa olunması mövzularının yerli və qlobal auditoriya üçün anlaşılan, təsirli və zəngin məzmunlu bir narrativ çərçivəsində təqdim edilməsi ətrafında geniş fikir mübadiləsi aparılıb.
Qarabağ Dirçəliş Fondu və Medianın İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə keçirilən müzakirədə Medianın İnkişafı Agentliyinin icraçı direktorunun müavini Natiq Məmmədli, britaniyalı tədqiqatçı və yazıçı (Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bioqrafiyasının müəllifi) Qrem Vilson, Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının üzvü Şəfəq Mehrəliyeva və Azərbaycan Dövlət İnformasiya Agentliyinin fotomüxbiri Vüqar İbadov iştirak ediblər.
Qeyd edək ki, “Rebuild Karabakh” Qarabağın bərpasına həsr olunmuş yeganə və ilk ixtisaslaşmış sərgi olmaqla yanaşı, bir çox dövlət qurumları və nazirliklər tərəfindən dəstəklənən özəl sektor-dövlət tərəfdaşlığını möhkəmləndirmək üçün cəlbedici və səmərəli biznes platforma rolunu oynayır.
Sərginin keçirilməsində məqsəd işğaldan azad olunduqdan sonra Qarabağdakı müsbət dəyişikliklərə, bərpa və yenidənqurma işlərinə diqqət çəkmək, biznesin bu ərazilərin inkişafında və infrastrukturunun bərpasında iştirakını, buraya investisiya qoyuluşunu təşviq etməkdir.