Qarabağ Dirçəliş Fondu “Rebuild Karabakh - 2025” sərgisində iştirak edir
Oktyabrın 14-də Bakıda “Xəzər İnşaat Həftəsi” çərçivəsində təşkil olunan 5-ci yubiley Azərbaycan Beynəlxalq Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı Sərgisi (Rebuild Karabakh – 2025) öz işinə başlayıb.
Qarabağ Dirçəliş Fondu hər il olduğu kimi bu il də işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq layihələri, Fondun fəaliyyəti və vətəndaşlar arasında ianə mədəniyyətinin təşviqi ilə bağlı geniş auditoriyanı məlumatlandırmaq və daha çox insanın bu mühüm missiyada iştirakını təmin etmək məqsədilə “Rebuild Karabakh - 2025” sərgisində iştirak edir.
14-16 oktyabr tarixlərini əhatə edən sərginin ilk günündə QDF-in stendini ziyarət edən şəxslərə Fondun fəaliyyəti, işğaldan azad edilmiş ərazilərin bərpasına maliyyə dəstəyinin göstərilməsi ilə bağlı həyata keçirdiyi layihələr və tədbirlər haqqında geniş məlumat verilib, Fondun fəaliyyətinə həsr olunan xüsusi videoçarxlar nümayiş olunub.
Fondun İdarə Heyətinin sədri Rəhman Hacıyev QDF-in stendini ziyarət edən Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırov, Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini İlqar İsbatov və digər rəsmi şəxslərə Fondun həyata keçirdiyi layihələr və tədbirlər haqqında geniş məlumat verib.
Məlumat üçün bildirək ki, sərginin ilk günündə Fondun təşkilatçılığı ilə “Qarabağın dirçəlişi və Azərbaycanın yeni inkişaf modeli” mövzusunda panel görüşü keçirilib.
Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini İlqar İsbatov, “Caspian Event Organisers” şirkətinin baş direktoru Fərid Məmmədov, “Tabaterra” Qapalı Səhmdar Cəmiyyətinin direktoru Elman Cavanşir və “PMD Group” MMC-nin Daşınmaz əmlakın inkişafı üzrə direktoru Kamil Əliyevin iştirak etdiyi görüşdə işğaldan azad edilmiş ərazilərdə yeni şəhərsalma prinsipləri, regionun Azərbaycan və dünya iqtisadiyyatına inteqrasiyası, dövlət-özəl tərəfdaşlığının praktik nümunələri və gələcək mərhələdə qarşıya çıxan əsas çağırışlar müzakirə edilib.
Qeyd edək ki, Sərgidə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM), Mədəniyyət Nazirliyi və Qarabağ Dirçəliş Fondunun birgə layihəsi olan “Dağıdılmış irs: səssiz şahidlər” fotoalbomu da sərgilənib. Qeyd edək ki, işğal dövründə mədəni irsimizin məhv edilməsinə həsr olunan fotoalbomun hazırlanmasında müxtəlif arxivlərdə, o cümlədən Karabakh.Center layihəsinin arxivi və məşhur fotoqraf Reza Deqatinin şəxsi fotoarxivində olan fotolardan istifadə olunub.
Qeyd edək ki, Fondun əsas stendi ilə yanaşı Bakı Ekspo Mərkəzinin foyesində işğaldan azad edilmiş ərazilərdə ekoloji tarazlığın bərpasına diqqət çəkmək və ağacəkmə aksiyalarını təşviq etmək məqsədilə xüsusi stend də quraşdırılıb. Bu istiqamətdə töhfə vermək istəyən hər kəs stendə yaxınlaşaraq ianə edə və bu mühüm missiyanın iştirakçısına çevrilə bilər.
Qeyd olunmalıdır ki, Qarabağ Dirçəliş Fondu tərəfindən Vətən müharibəsində qazandığımız tarixi qələbənin əbədiləşdirilməsi məqsədilə Prezident İlham Əliyevin sərəncamına əsasən təsis olunan Zəfər Gününə həsr edilən xüsusi “Zəfər ianə sertifikatı” hazırlanıb.
Sərgi çərçivəsində ziyarətçilər işğaldan azad edilən ərazilərdə aparılan bərpa-quruculuq işlərini əks etdirən “Faciədən Zəfərə” fotosərgisi ilə tanış olmaq imkanı əldə ediblər.
Doğma Qarabağımızın bərpası istiqamətində görülən işlərlə yaxından tanış olmaq, eyni zamanda bu işə öz töhfəsini vermək istəyən hər kəsi “Rebuild Karabakh – 2025” sərgisini, o cümlədən Qarabağ Dirçəliş Fondunun stendini ziyarət etməyə dəvət edirik.