Səyyar Gənclər Xidməti Şəkidə gənclərin fəal iştirakı ilə başa çatıb
Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, “Gənc Könüllülər” İctimai Birliyi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin tərəfdaşlığı ilə həyata keçirilən “Səyyar Gənclər Xidməti” layihəsi ölkənin müxtəlif regionlarında gənclərin inkişafına töhfə verməkdə davam edir.
Gənclər Fondunun mətbuat xidmətindən bildirilib ki, xidmətin növbəti hədəfi oktyabrın 13-17-də Şəki gəncləri olub. “Suveren dövlət, vətənpərvər gənclik” devizi ilə reallaşan layihə gəncləri dövlət dəstəyi mexanizmləri ilə daha yaxından tanış etmək, onların ictimai fəallığını artırmaq, dövlət gənclər siyasətinə dair biliklərini genişləndirmək məqsədi daşıyıb.
Layihənin Şəkidəki açılış mərasimində çıxış edən Şəki Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Sadiq Yusifov və “Gənc Könüllülər” İctimai Birliyinin sədri Ayxan Allahverdiyev Səyyar Gənclər Xidmətinin gənclərin şəxsi və peşəkar inkişafının artırılması, o cümlədən dövlətçilik və vətənpərvərlik dəyərlərinə bağlılığının möhkəmləndirilməsi istiqamətindəki faydalılığından bəhs ediblər.
Beş gün müddətində Şəki gəncləri xidmət çərçivəsində yaradılmış “Vətənpərvər gənclik”, “Yaradıcı gənclik”, “Suveren gənclər”, “Rəqəmsal düşüncə”, “Təhsil və karyera” və “Əyləncə” adlı zonalara yaxınlaşaraq intellektual oyunlar, viktorinalar, debat sessiyaları və master-klaslar vasitəsilə öz potensiallarını nümayiş etdiriblər.
Səyyar Gənclər Xidməti tərəfindən təşkil edilən sessiyalar zamanı gənclərə sağlam həyat vərdişlərinin formalaşdırılması, narkomaniyanın fəsadları və onunla mübarizə yolları, rəqəmsal savadlılığın əhəmiyyəti, eləcə də yaradıcı düşüncə tərzinin inkişafı kimi aktual mövzularda zəruri bilik və bacarıqlar aşılanıb. Gənclər maarifləndirici sessiyalar zamanı mütəxəssislərlə birbaşa ünsiyyət quraraq öz suallarını ünvanlamaq imkanı əldə ediblər. Bununla yanaşı, Vətən müharibəsi iştirakçıları ilə görüşlər zamanı gənclər onların döyüş xatirələrini öz dillərindən eşidərək vətənpərvərlik ruhunu daha dərindən hiss ediblər.
Xatırladaq ki, cari il avqustun 5-də start verilən “Səyyar Gənclər Xidməti” layihəsi indiyədək Cəbrayıl, Ağdam, Tərtər, Goranboy, Göygöl, Daşkəsən, Gədəbəy, Qax, Zaqatala və Balakən rayonlarında uğurla icra edilib.