azturkxeber.az
http://azturkxeber.az

Azərbaycanın dövlət müstəqilliyinin bərpasından 34 il ötür

18-10-2025

Azərbaycanın dövlət müstəqilliyinin bərpasından 34 il ötür

Bu il müstəqil Azərbaycan dövləti öz tarixinin ən şərəfli səhifələrindən biri olan dövlət müstəqilliyinin bərpasının 34-cü ildönümünü qeyd edir.

34 il əvvəl Azərbaycan Respublikasının Ali Soveti Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul edib. Oktyabrın 8-də işə başlayan növbədənkənar sessiya məsələni dörd gün ərzində müzakirə etsə də, qərarın verilməsini bir həftə sonraya saxlayıb. Nəhayət, 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında sənəd qəbul edilib. Bununla da xalqımızın azadlıq arzusu reallığa çevrilib. Bu mühüm tarixi daha dəqiq ifadə etmək məqsədilə 2021-ci il oktyabrın 15-də Prezident İlham Əliyevin təşəbbüsü ilə “Müstəqillik Günü haqqında” yeni qanun qəbul edildi. Qanuna əsasən, 28 May “Müstəqillik Günü”, 18 Oktyabr isə “Müstəqilliyin Bərpası Günü” kimi təsbit olundu.

Müstəqilliyinin ilk illərində Azərbaycan ciddi siyasi və iqtisadi çətinliklərlə üz-üzə qaldı. Ölkədə xaos, idarəolunmazlıq və vətəndaş qarşıdurması müstəqilliyin taleyini sual altına alırdı. Lakin Azərbaycan xalqı bu sınaqdan da üzüağ çıxmağı bacardı, öz iradəsini, birliyini və qətiyyətini ortaya qoyaraq gələcəyinə sahib çıxdı. Məhz xalqın təkidli tələbi ilə 1993-cü ildə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev qısa müddətdə ölkədə sabitlik yaratdı, dövlətçiliyin əsaslarını möhkəmləndirdi, Azərbaycanın müstəqilliyini əbədi və dönməz etdi. Baxmayaraq ki, Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı 1991-ci il oktyabrın 18-də qəbul edilmişdi, ölkənin real müstəqillik yoluna çıxması məhz Ümummilli Liderin siyasi iradəsi və uzaqgörənliyi nəticəsində mümkün oldu. Ulu Öndərin zəngin siyasi təcrübəsi, yüksək idarəçilik bacarığı, Vətənə olan tükənməz sevgisi Azərbaycanın dövlət müstəqilliyini təhlükədən qurtardı. Ulu Öndər ölkədə xaos və anarxiyanı, cəmiyyətdə hökm sürən iqtisadi, siyasi, mənəvi və psixoloji gərginliyi aradan qaldırdı. Müstəqil Azərbaycan Respublikası möhkəm əsaslar üzərində yeni inkişaf xəttini tutdu.

Azərbaycanı müsəlman Şərqində ilk demokratik respublika olan Xalq Cümhuriyyətinin varisi elan edən Ümummilli Lider Heydər Əliyev “müstəqilliyi qorumaq onu əldə etməkdən qat-qat çətindir” məntiqi ilə nəhəng dövlət quruculuğu işlərinə başladı. Ulu Öndərin yorulmaz səyləri nəticəsində qısa müddətdə Azərbaycanın səsi ən nüfuzlu beynəlxalq təşkilatların kürsüsündən gəldi. Müstəqilliyin əvəzsiz nemət olduğunu və xalqın tarixi taleyində çox önəmli rol oynadığını böyük qürur hissi ilə bəyan edən Heydər Əliyev Azərbaycanın müstəqilliyini əbədi və dönməz etdi.

Əsl müstəqillik isə öz sərvətlərinin tam sahibi olmaqdır. 1994-cü il sentyabrın 20-də Heydər Əliyevin müəllifi olduğu nəhəng neft müqaviləsi - “Əsrin kontraktı” imzalandı. Bununla da Azərbaycan ilk dəfə olaraq öz sərvətlərinin sahibi kimi çıxış etdi. Dünyanın aparıcı dövlətlərinin ən qabaqcıl şirkətlərinin bu kontraktda iştirakı isə ölkəmizin regionda əhəmiyyətini və nüfuzunu artırdı. Azərbaycan iri regional layihələrə, Avropa və bütövlükdə dünya enerji təhlükəsizliyi sisteminə qoşuldu. 1993-cü ildən başlayaraq dövlət müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində görülən işlər və atılan məqsədyönlü addımlar Azərbaycanın bugünkü uğurları üçün ən etibarlı təməl oldu. Bir sözlə, əgər Azərbaycanın müstəqilliyi tarixi zərurətdən irəli gələn hadisə idisə, bu müstəqilliyin əbədiliyi və dönməzliyi Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır.

Ulu Öndər Heydər Əliyevin dövlət müstəqilliyimizin qorunması və möhkəmləndirilməsi istiqamətində müəyyən etdiyi strateji xətt onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz bu uzaqgörən və milli maraqlara əsaslanan siyasət sayəsində Azərbaycan regionda söz sahibi olan sabit və güclü bir dövlətə çevrilib. Ulu Öndərin çoxşaxəli fəaliyyətinin nəticələrinə əsaslanaraq Prezident İlham Əliyev ölkəmizə rəhbərliyi dövründə siyasi, iqtisadi, sosial, hərbi sahələrdə böyük tərəqqiyə və inkişafa nail olub. Azərbaycan yerləşdiyi bölgədə cərəyan edən strateji, siyasi və iqtisadi proseslərin gedişinə təsir göstərməyə qadir ölkəyə çevrilib. Milli maraqlara uyğun olaraq beynəlxalq birliyin əksər üzvləri ilə qarşılıqlı faydalı əməkdaşlıq həyata keçirilir. Dövlətimizin başçısının müəyyənləşdirdiyi uğurlu inkişaf strategiyası nəticəsində Azərbaycan iqtisadiyyatı inkişaf sürətinə görə dünyada ən yüksək yerlərdə dayanır.

Ölkəmizə yeni can verən Ümummilli Liderin ən böyük arzusu işğal altında olan torpaqlarımızın azad edilməsi, ərazi bütövlüyümüzün bərpası idi. Ulu Öndərimizin bu arzusunu da Prezident İlham Əliyev reallaşdırdı. 2020-ci ildə 44 günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı şanlı Qələbə nəticəsində işğala son qoyuldu, düşmən torpaqlarımızdan qovulub çıxarıldı, ərazi bütövlüyümüz bərpa edildi. Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılmış tarixi Qarabağ Zəfəri xalqımızın qəhrəmanlıq tarixinə əbədi həkk olunub. Qarabağın tacı, döyünən ürəyi olan Şuşanın fəthi tariximizə Zəfər Günü kimi yazıldı. Bundan iki gün sonra isə işğalçı Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur oldu. Beləliklə, BMT Təhlükəsizlik Şurasının 27 il kağız üzərində qalmış qətnamələrini Azərbaycan özü icra etdi.

Artıq işğaldan azad olunmuş ərazilərimizə həyat yenidən qayıdır. Azad edilmiş torpaqlarımızda genişmiqyaslı bərpa və yenidənqurma işləri həyata keçirilir. Prezident İlham Əliyevin birbaşa rəhbərliyi və nəzarəti ilə icra olunan bu proses çərçivəsində Böyük Qayıdış Proqramı uğurla reallaşdırılır. Görülən bütün işlər Azərbaycan xalqının həyat səviyyəsini daha da yaxşılaşdırmaq, sabahını daha firavan etmək məqsədi daşıyır. İşğaldan azad olunmuş ərazilərdə infrastruktur obyektləri ilə paralel olaraq, yaşayış kompleksləri, məktəb binaları tikilib istifadəyə verilir, yenilərinin təməli qoyulur. Hər daşında tarix, hər küçəsində qəhrəmanlıq izi olan bu torpaqlara həyat yenidən qayıdır, bu dəfə qalıcı, əbədi və möhkəm təməllər üzərində.

Görülən işlər Azərbaycan dövlətinin gücünü, qüdrətini, iqtisadi imkanlarını nümayiş etdirir. Təbii ki, ölkəmizin qüdrətini nümayiş etdirən daha bir hadisə 2023-cü il sentyabrın 19-20-də baş verdi. Azərbaycan Silahlı Qüvvələrinin Qarabağın qeyri-qanuni erməni silahlı birləşmələrindən təmizlənməsi və ərazilərimizdəki qondarma rejimin ləğv edilməsi istiqamətində başlatdığı lokal xarakterli antiterror tədbirləri qısa müddətdə böyük uğurla nəticələndi. Qeyri-qanuni erməni silahlı birləşmələrinin tərk-silah olunması, qondarma rejimin özünü buraxdığını elan etməsi ilə Azərbaycan bütün ərazilərində suverenliyini bərpa etdi. Beləliklə, bu gün Azərbaycanın üçrəngli Dövlət Bayrağı ölkəmizin bütün şəhər və rayonlarında qürurla dalğalanır. Müdrik, uzaqgörən və qətiyyətli Liderin rəhbərliyi ilə möhtəşəm nailiyyətlərə imza atan xalqımız 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfərlə bütün dünyaya bir daha nümayiş etdirdi ki, Azərbaycanın müstəqilliyi sarsılmazdır, əbədidir və dönməzdir!






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2025    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031