Mədəniyyət və təhsil sahələrinin inteqrasiyasına dair müzakirə aparılıb
Mədəniyyət və Elm və Təhsil nazirlikləri arasında əməkdaşlıq çərçivəsində yaradılmış birgə işçi qrupunun növbəti görüşü keçirilib.
Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Mədəniyyət Nazirliyinin nəzdində fəaliyyət göstərən Mədəni və Yaradıcı Sənayelərin İnkişaf Mərkəzində keçirilən görüşdə mədəniyyət nazirinin müavini Səadət Yusifova, elm və təhsil nazirinin müavini Həsən Həsənli, həmçinin hər iki nazirliyin nümayəndələri iştirak ediblər.
Görüşdə mədəniyyət və təhsil sahələrinin inteqrasiyası, institusional əməkdaşlığın gücləndirilməsi, birgə fəaliyyətin prioritet istiqamətləri müzakirə olunub. Həmçinin işğaldan azad olunmuş ərazilərdə mədəniyyət və təhsil infrastrukturunun əlaqələndirilməsi, yaradıcı təlim mühitinin formalaşdırılması, mədəniyyət təhsili üzrə kurikulumun təkmilləşdirilməsi və istedadlı şagirdlərin inkişafı məsələlərinə xüsusi diqqət yetirilib.
Sonda iştirakçılar birgə fəaliyyətin daha səmərəli həyata keçirilməsi və müvafiq istiqamətlər üzrə icra mexanizmlərinin hazırlanması barədə razılığa gəliblər.