Naxçıvan Ali Məclisinin payız sessiyasının növbəti iclası keçirilib
Oktyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədovun sədrliyi ilə yeddinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 2025-ci il payız sessiyasının növbəti iclası keçirilib.
Ali Məclisin mətbuat xidmətindən bildirilib ki, Ali Məclis sədrinin birinci müavini Bəxtiyar Məmmədov iclasın gündəliyinə “Naxçıvan Muxtar Respublikasının 2023-cü il 1 avqust tarixli 26-VI QN nömrəli Qanunu ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Daxili Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun layihəsi (birinci oxunuş), “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin komitələri haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Naxçıvan Muxtar Respublikası Qanununun layihəsi (birinci oxunuş) və cari məsələlərin daxil edildiyini bildirib.
Gündəlik təsdiq olunduqdan sonra müzakirəyə çıxarılan birinci məsələ ilə bağlı Ali Məclis sədrinin birinci müavini qeyd edib ki, deputatların Ali Məclisin plenar iclaslarında iştirakı ilə bağlı məsuliyyətinin və intizamın artırılması məqsədilə “Naxçıvan Muxtar Respublikasının 2023-cü il 1 avqust tarixli 26-VI QN nömrəli Qanunu ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Daxili Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında” Naxçıvan Muxtar Respublikasının Qanun layihəsi hazırlanıb və deputatlara paylanılıb. Layihə Hüquq siyasəti komitəsinin iclasında müzakirə olunub.
Ali Məclisin Hüquq siyasəti komitəsinin sədri Əjdər Əliyev qanun layihəsi barədə məlumat verib və komitənin rəyini diqqətə çatdırıb.
Bildirilib ki, Ali Məclisin protokol qaydasında qəbul edilən qərarı ilə layihə birinci oxunuşda qəbul olunur, söylənilmiş təkliflər və iradlar nəzərə alınmaqla onun üzərində iş davam etdirilir.
Sonra “Naxçıvan Muxtar Respublikasının 2023-cü il 1 avqust tarixli 26-VI QN nömrəli Qanunu ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Daxili Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
Gündəlikdə duran ikinci məsələ ilə əlaqədar Bəxtiyar Məmmədov diqqətə çatdırıb ki, Ali Məclisin Daxili Nizamnaməsinə əsasən Ali Məclisdə uyğunlaşdırma məqsədilə hazırlanmış, həmçinin texniki xarakter daşıyan dəyişiklikləri nəzərdə tutan qanun layihələrinə bir oxunuşda baxılır. Qanun layihəsi Hüquq siyasəti komitəsinin iclasında müzakirə edilib.
Qanun layihəsi barədə Hüquq siyasəti komitəsinin sədri Əjdər Əliyev məlumat verdikdən və komitənin rəyini diqqətə çatdırdıqdan sonra “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin komitələri haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Naxçıvan Muxtar Respublikasının Qanunu səsə qoyularaq qəbul edilib.
Cari məsələlərin müzakirəsi zamanı deputat Canməmməd Canməmmədov vətəndaş müraciətlərinə dair deputatlar tərəfindən dövlət orqanlarına göndərilən sorğuların cavablandırılması məsələsinə toxunub.
Bildirilib ki, bəzi dövlət qurumları tərəfindən deputat sorğularına gec və mahiyyətə uyğun olmayan cavablar verilir.
İclasda məsələnin aidiyyəti üzrə araşdırılacağı qeyd olunub.
Bununla da Ali Məclisin payız sessiyasının iclası başa çatıb.