Ali Məclisin 2025-ci il payız sessiyasının Zəfər Gününə həsr olunmuş iclası keçirilib




Noyabrın 7-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədovun sədrliyi ilə yeddinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 2025-ci il payız sessiyasının Zəfər Gününə həsr olunmuş iclası keçirilib.
Bu barədə Azturkxeber.az-a Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən məlumat verilib.
Ali Məclis sədrinin birinci müavini Bəxtiyar Məmmədov bildirib ki, sabah Vətən müharibəsində əldə etdiyimiz şanlı qələbənin 5-ci ildönümüdür. 5 il bundan öncə noyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ordumuz 44 günlük Vətən müharibəsini tarixi zəfərlə başa çatdırmışdır. Şanlı Zəfər və antiterror tədbirləri nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edilmişdir.
Sonra xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və müstəqilliyimiz, ərazi bütövlüyümüz uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Ali Məclis sədrinin birinci müavini iclasın gündəliyinə 8 Noyabr – Zəfər Gününün 5-ci ildönümü ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Bəyanatının, “Naxçıvan Muxtar Respublikasının 2023-cü il 1 avqust tarixli Qanunu ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Daxili Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun layihəsinin (ikinci oxunuş), “Normativ hüquqi aktlar haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Naxçıvan Muxtar Respublikası Qanununun layihəsinin (birinci oxunuş) və cari məsələlərin müzakirəsinin daxil edildiyini diqqətə çatdırıb.
Gündəlik təsdiq olunduqdan sonra 8 noyabr – Zəfər Günü ilə əlaqədar deputatlardan Gülşad Rüstəmova, Emin Şıxəliyev və Məmməd Məmmədov çıxış edib, fikirlərini bölüşüblər.
İclasda Ali Məclisin deputatı Əziz Qasımov Zəfər Gününün ildönümü ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Bəyanatını səsləndirdikdən sonra Bəyanat səsə qoyularaq qəbul edilib.
Gündəlikdə duran ikinci məsələ ilə bağlı Ali Məclis sədrinin birinci müavini Bəxtiyar Məmmədov bildirib ki, qanun layihəsi Ali Məclisin 17 oktyabr 2025-ci il tarixli plenar iclasında müzakirə edilib, təkliflər və iradlar nəzərə alınmaqla onun üzərində iş davam etdirilməklə Ali Məclisin protokol qaydasında qərarı ilə birinci oxunuşda qəbul edilib.
Qanun layihəsinin ikinci oxunuşda müzakirəsi ilə əlaqədar Hüquq siyasəti komitəsinin sədri Əjdər Əliyev məlumat verdikdən sonra “Naxçıvan Muxtar Respublikasının 2023-cü il 1 avqust tarixli Qanunu ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Daxili Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında” Naxçıvan Muxtar Respublikasının Qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul olunub.
İclasın gündəliyində duran üçüncü məsələnin müzakirəsi ilə əlaqədar Bəxtiyar Məmmədov qeyd edib ki, “Normativ hüquqi aktlar haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Naxçıvan Muxtar Respublikası Qanununun layihəsi hazırlanıb və deputatlara paylanılıb. Layihə Hüquq siyasəti komitəsinin iclasında müzakirə edilib.
Qanun layihəsi barədə Hüquq siyasəti komitəsinin sədri Əjdər Əliyev məlumat verib, komitənin rəyini bildirdikdən sonra “Normativ hüquqi aktlar haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Naxçıvan Muxtar Respublikasının Qanun layihəsi birinci oxunuşda qəbul olunub.
Cari məsələlərin müzakirəsi zamanı Ali Məclis sədrinin birinci müavini vurğulayıb ki, ötən plenar iclasda deputat Canməmməd Canməmmədov vətəndaş müraciətlərinə dair deputatlar tərəfindən dövlət orqanlarına göndərilən sorğuların bəzi hallarda gec və ya mahiyyətə uyğun olmayan şəkildə cavablandırılması məsələsinə toxunmuşdu. Qaldırılan məsələ Ali Məclisin Aparatı tərəfindən araşdırılıb, müvafiq sorğularla bağlı məlumat təqdim olunub. Müəyyən edilib ki, cari ildə 10 deputatın 8 dövlət orqanına və 2 təşkilata ünvanlanmış 15 sorğu məktubundan 5-i cavablandırılmayıb, 7-si gecikmə ilə cavablandırılıb, 3 məktuba isə ötəri cavab verilərək qaldırılan məsələlər həllini tapmayıb. Qeyd olunan hallarla bağlı Ali Məclisin Aparatı tərəfindən aidiyyəti qurumlarla əlaqələndirmə aparılaraq məsələlər müsbət həllini tapıb, deputat sorğularının cavablandırılmasına dair qanunvericiliyin tələbləri diqqətə çatdırılıb.
Deputatlardan bir daha xahiş olunur ki, bu kimi məsələlərdə Ali Məclisin Aparatına dərhal məlumat verilsin, yaxud plenar iclasda diqqətə çatdırılsın.
Cari məsələlərin müzakirəsi zamanı deputat Rafiq Novruzov 2026-cı il üçün Naxçıvan Muxtar Respublikası büdcəsi layihəsinin Ali Məclisə gec daxil olması məsələsinə toxunub: “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin payız sessiyasının qanunvericilik işləri planında nəzərdə tutulan məsələlərdən biri də 2026-cı il üçün Naxçıvan Muxtar Respublikası büdcəsinin təsdiq olunmasıdır. Azərbaycan Respublikasında vahid büdcə təsnifatının tərkib hissəsi olaraq Naxçıvan Muxtar Respublikasının büdcəsi müzakirə və təsdiq üçün müvafiq olaraq oktyabr ayının 15-dək Ali Məclisə təqdim olunmalıdır. Lakin 2026-cı il üçün Naxçıvan Muxtar Respublikası büdcəsinin layihəsi qanunda nəzərdə tutulan müddətdən 15 gün gecikmə ilə - oktyabr ayının 30-da Ali Məclisə təqdim olunmuşdur. “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 29.2-ci maddəsinin tələblərinə əsasən Naxçıvan Muxtar Respublikasının büdcəsi dekabr ayının 25-dən gec olmayaraq təsdiq olunmalıdır. Qeyd edim ki, 2025-ci ilin büdcə layihəsi də ötən il gecikmə ilə, daha dəqiq desək dekabr ayının 10-da Ali Məclisə təqdim olunmuşdu. Sözsüz ki, bu gecikmələr büdcə layihəsi ilə bağlı geniş müzakirə və təhlillərin aparılmasında müəyyən çətinliklər yaratmaqla yanaşı, tələskənliyə yol verilməsinə də səbəb olur. Halbuki büdcə layihəsində proqnoz göztəriciləri Ali Məclisin komitələrində geniş və əhatəli müzakirə olunmalıdır. Ona görə də büdcə layihəsinin Ali Məclisə vaxtında təqdim olunmaması başadüşlən deyil. Xahişim odur ki, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti və yaxud Maliyyə Nazirliyi tərəfindən büdcə layihəsinin gecikdirilməsi məsələsinə aydınlıq gətirilsin”.
Bəxtiyar Məmmədov bildirib ki, “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq cari ilin oktyabr ayının 15-dək növbəti il üzrə Naxçıvan Muxtar Respublikası büdcəsinin layihəsi Ali Məclisin müzakirəsinə və təsdiqinə təqdim edilməlidir. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinə 24 oktyabr 2025-ci il tarixdə büdcə layihəsinin ən qısa müddətdə Ali Məclisə təqdim edilməsi ilə bağlı məktub ünvanlanıb. Bundan sonra, yəni oktyabrın 30-da növbəti ilin büdcə layihəsi Ali Məclisə daxil olub. Hesab edirəm ki, “Naxçıvan Muxtar Respublikasının 2026-cı il büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikasının Qanun layihəsi komitə və plenar iclaslarda səmərəli müzakirə olunacaq. Deputatlardan xahiş olunur ki, büdcə layihəsinin müzakirəsində aktiv iştirak etsinlər.
Bununla da Ali Məclisin növbəti plenar iclası başa çatıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: