Şəhid-jurnalist Məhərrəm İbrahimova həsr olunan “Jurnalist ömrünün əbədiyyət nəğməsi” kitabının təqdimatı keçirilib
Hər ömür bir nəğmədir, dünyaya “salam” verəndən ona “əlvida” deyənə qədər bu nəğmə yazılır. Kiminin nəğməsinin ömrü qısa, kimininki uzun olur. Elə nəğmə də olur ki, o, həmişə səslənir, əbədiyyət ömrü qazanır. 3-cü dərəcəli “Vətənə xidmətə görə” medalına layiq görülmüş Məhərrəm İbrahimov bu dünyaya cəmi 39 il qonaq olsa da, onun ömür nəğməsi əbədi olaraq eşidiləcək...
Bu fikirlər iyulun 17-də Mətbuat Şurasında şəhid-jurnalist Məhərrəm İbrahimova həsr olunan “Jurnalist ömrünün əbədiyyət nəğməsi” kitabının təqdimat mərasimində səslənib.
Mərasimdə çıxış edən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, deputatlar - Vüqar Rəhimzadə, Rizvan Nəbiyev, Azər Allahverənov, Pərvin Kərimzadə, Nigar Məmmədova uzun müddət cəbhə bölgəsinə ezamiyyətlərə gedən, təmas xəttində mətbuat nümayəndələri üçün təşkil olunan təlimlərdə iştirak edən, 44 günlük müharibə zamanı ən qaynar nöqtələrdən xəbərlər, reportajlar hazırlayan Məhərrəm İbrahimovun peşəkar hərbi jurnalist kimi fəaliyyətindən bəhs edib, bu sahədə onun göstərdiyi fədakarlıqdan danışıblar. Diqqətə çatdırılıb ki, kitabda Vətən müharibəsində qazanılan Zəfərdən sonra Ermənistanın müharibə cinayətləri, mülki əhalini hədəfə alması, işğaldan azad edilmiş ərazilərdə erməni faşistlərinin viran qoyduğu qədim yurd yerlərinin dəhşətli mənzərəsi barədə mərhum jurnalistin birbaşa hadisə yerindən hazırladığı materiallar, informasiyalar da yer alıb və bunlar çox dolğun təsir bağışlayır.
Qeyd olunub ki, Məhərrəmin ömür nəğməsinin ilk notları Göyçə mahalının Çəmbərək rayonunun Ardanış kəndində yazılmağa başlayıb. Tale elə gətirib ki, o, ilk dəfə addım atdığı, ayaq tutub yeridiyi, uşaqlıq illərini keçirdiyi doğma ata ocağına həsrət qalıb. Erməni quldur birləşmələrinin əsassız torpaq iddiası minlərlə soydaşımız kimi onların da ailəsinin həmin ərazilərdən qovulub çıxarılması ilə nəticələnib. Bu nisgil bütün ömrü boyu Məhərrəmin ürəyində göynərtili iz qoyub. Onun ömür nəğməsi Bakıda davam edib: ailəsi ilə birlikdə Binəqədi rayonunda məskunlaşıb. Lakin Vətən həsrəti, doğulub ilk dəfə qədəm basdığı ata yurdunun həsrəti heç vaxt onu tərk etməyib. M. Ə. Rəsulzadə qəsəbəsində 100 nömrəli orta məktəbi, sonralar Ali İctimai-Siyasi Kollecin Jurnalistika fakültəsini bitirib. Ali təhsilini başa vurduqdan sonra Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında xidmət edib.
Bu nəğmənin nəqarəti AZƏRTAC Dövlət İnformasiya Agentliyində davam edib. 22 yaşında burada işə başlayan Məhərrəmin ömrünün 17 ili həmin təşkilatla bağlı olub. Ömür nəğməsinin son notları isə 2021-ci il iyunun 4-də çalınıb: həmin gün xidməti vəzifəsini yerinə yetirərkən çəkiliş qrupunun üzvləri ilə birlikdə Kəlbəcər rayonunun Susuzluq kəndinə gedən yolda tankəleyhinə minaya düşüb. Dörd il əvvəl baş verən bu faciə hərbi jurnalist Məhərrəm İbrahimovun həyat və cəbhə hekayələri kitabının başlıca mövzusudur.
Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı, Mətbuat Şurasının sədr müavini Səadət Məmmədova, Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli, "Real TV"nin rəhbəri Mirşahin Ağayev, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu, Əməkdar jurnalist Elşad Eyvazlı, AZƏRTAC-ın əməkdaşı Süleyman Qaradağlı erməni qəddarlığının və mina terrorunun geniş ictimaiyyətə çatdırılması, hərbi jurnalistika üzrə ixtisaslaşan tələbə və gənclərin formalaşması sahəsində kitabın oynayacağı müsbət roldan bəhs ediblər.
Məhərrəmin həmyerliləri adından çıxış edən professorlar Məcid Məsimov, Məhəmməd Kərimov və başqaları jurnalist ömrünün əbədiyyət nəğməsinin ayrı-ayrı çalarlarını yada salıblar.
Mərasimin yekununda çıxış edən kitabın müəllifi, şəhid-jurnalistin qardaşı Əsgər İbrahimov iştirakçılara təşəkkür edib və minnətdarlığını çatdırıb.
Qeyd edək ki, “Jurnalist ömrünün əbədiyyət nəğməsi” kitabının rəyçisi siyasi elmlər üzrə fəlsəfə doktoru Rizvan Nəbiyev, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid və texnika elmləri üzrə fəlsəfə doktoru Hümbət Hüseynovdur.