Ermənistanda Azərbaycanlı Qəbiristanlıqlarının Dağıdılması ilə Bağlı hesabat ictimaiyyətə təqdim olundu
Bir neçə gün bundan öncə Gülüstan sarayında Prezident Administrasiyası və Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə “Ermənistanda azərbaycanlılara məxsus qəbiristanlıqların sistemli şəkildə dağıdılmasının nəticələri və beynəlxalq hüquqi məsuliyyət” adlı Hesabat və materialların I cildi ictimaiyyətə təqdim olundu. Tədbirdə Prezident Administrasiyasının "Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev də tutarlı mesajlarla çıxış etdi. Əslində bu təkcə hesabat deyildi — bu, bir tarixi ədalət aktı, bir kollektiv yaddaş çağırışı və bir daha xatırlatma idi: bizim köklərimiz təkcə torpaqda deyil, yaddaşdadır, ruhi varlığımızdadır.
Hər bir xalq üçün qəbiristanlıqlar sadəcə daş, torpaq və məzar yeri deyil — onlar milli kimliyin arxetipləridir, tarixlə gələcək arasında susqun, lakin canlı körpülərdir. Ermənistanda azərbaycanlılara məxsus qəbiristanlıqların sistemli şəkildə dağıdılması, dini-mədəni abidələrin məhv edilməsi, təkcə bir xalqın keçmişini yox etmək cəhdi deyil — bu, bir milləti tarixdən silmək üçün aparılan məqsədli soyqırım siyasətidir.
Bu təkcə vandallıq deyil — bu beynəlxalq cinayətdir.
Mədəni irsə qarşı yönəlmiş bu barbarlıq yalnız etnik nifrətin nəticəsi deyil, həm də beynəlxalq hüquqa zidd olan mütəşəkkil cinayətdir.
Beynəlxalq humanitar hüquqa görə, mülki əhaliyə məxsus dini və mədəni obyektlərin qəsdən məhv edilməsi müharibə cinayətidir və daimi hüquqi məsuliyyət daşıyır. Təqdim olunan hesabat, Ermənistanın mədəni vandalizm siyasətinin sənədləşdirilmiş sübutudur. Bu, gələcək hüquqi proseslər üçün həm dəlil bazası, həm də Azərbaycanın haqlı mövqeyinin əsas dayağı olacaq.
Biz tez-tez deyirik: “Biz Qayıdacağıq!”
Bu söz təkcə fiziki qayıdış və torpağa sahiblik demək deyil. Bu sözün altında özünü tanımaq, tarixi unutdurmamaq və milli yaddaşı bərpa etmək çağırışı dayanır.
Əgər qəbiristanlıqlar dağıdılıbsa belə — onların ruhu oradadır.
Əgər abidələr yerlə-yeksan edilibsə — xatirə diridir.
Əgər evlərimiz daş üstündə daş qoyulmadan uçurulubsa — bizim qayıdış iradəmiz bu dağıntılardan daha möhkəmdir. Gülüstan sarayında təqdim olunan I cild — bir yaddaş kitabıdır. O, təkcə keçmişi sənədləşdirmir, həm də gələcək üçün məsuliyyət daşıyır. Bu kitabda adı keçən hər bir kənd, hər bir qəbiristanlıq, hər bir abidə — Azərbaycan xalqının ruhuna yazılmış çağırışdır.
Biz qayıdacağıq.
Çünki bu qayıdış sadəcə torpağa deyil — ədalətə, tarixə və şəxsiyyətimizə qayıdışdır.
Kamilə Əliyeva
Bakı Dövlət Universitetinin kafedra müdiri, professor