Xorvatiya dron istehsalında lider mövqeyə sahib olmaq niyyətindədir
Xorvatiyanın Xarici və Avropa İşləri Nazirliyi “dron koalisiyasına” üzv olmaq niyyətindədir.
Bununla bağlı nazir Cordan Radman X platformasında bildirib. Daha əvvəl müdafiə naziri İvan Anuşiç qeyd edib ki, Zaqreb Avropa İttifaqında pilotsuz uçuş aparatlarının (PUA), xüsusən FPV dronlarının istehsalında lider mövqelərdən birini tutmaq istəyir. Onun sözlərinə görə, ABŞ, Fransa, Hindistan və Səudiyyə Ərəbistanı artıq Xorvatiyanın “Orqa” şirkəti ilə FPV-dronların təmin edilməsinə dair müqavilələr bağlayıblar. Qeyd edilir ki, “Orqa” dronlarında Çinə aid komponentlər yoxdur və bütün hissələr Avropa İttifaqı ölkələrində istehsal olunur. Xorvatiyanın bu addımı PUA sahəsində Avropada əməkdaşlığın gücləndirilməsi və regional təhlükəsizliyin artırılması istiqamətində stratejiyönümlü qərar kimi dəyərləndirilir.
Qeyd edək ki, “Dron koalisiyası” 2024-cü ildə Birləşmiş Krallıq və Latviya tərəfindən Ukrayna üçün PUA tədarükü və hazırlanması məqsədilə yaradılıb. Sonradan bu birliyə Avstraliya, Almaniya, Danimarka, Kanada, Litva, Niderland, Norveç, Polşa, Ukrayna, İsveç və Estoniya da qoşulub.