Fahrettin Altun: “İslam qarşıtlığı bütün dünyada yüksələn yeni bir irqçilik növüdür"
Prezidentin İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun bildirib ki, İslam qarşıtlığı bu gün bütün dünyada getdikcə artan yeni bir irqçilik forması kimi ortaya çıxır.
Altun bu fikirləri İslam elmləri tarixini ömrünə adayan və 2018-ci ildə vəfat edən professor Fuat Sezginə həsr olunmuş və Prezidentin İctimaiyyətlə Əlaqələr İdarəsi tərəfindən hazırlanmış “Fuat Sezginin İrsi: Elm Diplomatiyası ilə Körpülər Qurmaq” adlı kitabın təqdimat mərasimi və panelində səsləndirib.
Açılış nitqində Altun bildirib ki, Fuat Sezginin apardığı mübarizənin və elmi fəaliyyətlərinin dünyada daha yaxşı anlaşılmasına töhfə verməyi hədəfləyirlər. O, Fuat Sezginin “nə komanda vardı, nə pul – heç nə yox idi, sadəcə qərarlılıq vardı” fikirlərini xatırladaraq onun uğurlarının arxasında möhkəm iradənin dayandığını vurğulayıb.
Altun deyib:
“Fuat Sezginin 93 illik ömrü, siyasi təzyiqlərə, ideoloji basqılara rəğmən elm və həqiqət uğrunda qətiyyətlə apardığı mübarizə ilə doludur. O, İslam elmlərinin gerçək mahiyyətini tanıtmaq və İslam sivilizasiyasının dünya elminə verdiyi böyük töhfələri üzə çıxarmaq üçün çalışmışdır. Sezginin bu fəaliyyəti həm də İslam dünyasına itirdiyi özünəinamı, hörməti və dəyəri qaytarmaq məqsədi daşıyırdı.”
Altun əlavə edib ki, Sezgin İslamın, elmin, mədəniyyətin və texnologiyanın tarixi ilə İslam dünyasının yenidən əlaqə qurması üçün çalışmış, bunu isə oryantalistlərin ekzotik baxışı ilə deyil, tarixi və ictimai reallıqlar kontekstində həyata keçirmişdir.
“Qlobal ədalət problemi yaşayırıq”
Altun çıxışında bu gün dünyada ciddi bir “qlobal ədalət” problemi yaşandığını və bu ədalətsizliyin 19-cu əsrdən bəri davam edən Qərb müstəmləkə sistemindən qaynaqlandığını bildirib. O qeyd edib ki, bu vəziyyəti bəsləyən ideoloji dayaqlar arasında Qərbin etnosentrizmi və İslam dünyasında yaranmış aşağılıq kompleksi ön plandadır. Bu asimmetrik hisslərin İslam dünyasının istismar edilməsinə zəmin yaratdığını vurğulayıb.
Altun deyib ki, Fuat Sezginin elmi səyləri bu çarpıq düşüncə sistemini tənqid edib və dəyişməyə çalışıb. Sezgin, İslam dünyasının 17-18-ci əsrlərdən etibarən hərbi, siyasi və iqtisadi səbəblərlə durğunluğa düçar olduğunu qəbul etsə də, bu halın İslam sivilizasiyasının elmi nailiyyətlərini kiçiltməyə əsas olmadığını göstərib.
O qeyd edib:
“İslam elmləri tarixi insanlığın elmi irsinin əsas sütunlarından biridir. Fuat Sezgin bu həqiqəti əsərlərində bütün detalları ilə ortaya qoyub.”
Altun, həmçinin bildirib ki, Türkiyənin modernləşmə prosesində elitar təbəqə tez-tez “İslam tərəqqiyə mane olurmu?” sualına cavab axtarıb, lakin bu prosesdə İslam elminin zəngin irsini yetərincə tanımadığı üçün özünəinam problemi yaşayıb.
Altun sözlərinə belə davam edib:
“Bugünkü İslam dünyası ədalətsizliyə qarşı mübarizə aparmaq istəyirsə, ilk növbədə aşağılıq kompleksi ilə mübarizə aparmalı və öz kökləri ilə sağlam əlaqə qurmalıdır. Fuat Sezginin varlığı və əsərləri bu yolda bizə işıq tutur.”
“İslamofobiya - yeni bir irqçilik növü”
Altun çıxışında bildirib ki, bu gün İslamofobiya adı altında ortaya çıxan və əslində “İslam qarşıtlığı” olan bu fenomen, bütün dünyada yüksələn yeni bir irqçilik növünə çevrilmişdir. Bu irqçilik forması İslamı fanatizmlə, radikalizm və geridəqalmışlıqla eyniləşdirən bir yanaşmanı əks etdirir.
O vurğulayıb ki, Sezginin əsərləri bu yanlış və ayrı-seçkilikçi yanaşmalarla özünəinamla mübarizə aparmaq üçün mühüm bir bələdçidir.
Altun əlavə edib ki, keçmişdə Türkiyə Fuat Sezgini layiqincə dəyərləndirməmiş, 27 May çevrilişindən sonra onu universitetdən uzaqlaşdırmışdı. Lakin Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə formalaşan Yeni Türkiyə, Sezgini sahiblənmiş, onun elmi fəaliyyətlərini dəstəkləmiş və 2019-cu ili “Fuat Sezgin İli” elan etmişdir.
Tədbirə Fuat Sezgin İslam Elmləri Tarixi Araşdırmaları Vəqfinin (İBTAV) Mütevelli Heyəti üzvü Bilal Ərdoğan, Anadolu Agentliyinin rəhbəri Serdar Karagöz, alimlər, yazarlar və fikir adamları da qatılıb.
Altun çıxışından sonra “Sivilizasiyanın Mirası: İslam Elmləri Tarixindən Nümunələr” və “Elmə Həsr Olunmuş Bir Ömür” adlı sərgilərə baxış keçirib və daha sonra təşkil olunan paneli izləyib.