Qərbi Azərbaycana Qayıdış İnsan Hüquqları və Beynəlxalq Əhəmiyyəti: -KAMİLƏ ƏLİYEVA
Türkiyənin Ankara şəhərində keçirilən “Qərbi Azərbaycana Qayıdış İnsan Hüquqlarının Aliliyinin Mühüm Şərti Kimi” mövzusunda beynəlxalq konfrans, əslində, təkcə bir xalqın haqq səsinin eşidilməsi deyil, həm də beynəlxalq hüququn, ədalətin və tarixi ədalətsizliyə son qoyulması çağırışıdır. Bu tədbir, yüz minlərlə azərbaycanlının yaddaşında sağalmaz yaralar buraxmış deportasiyaların, zorakılığın və kütləvi insan hüquqları pozuntularının dünya ictimaiyyəti qarşısında bir daha gündəmə gətirilməsi baxımından böyük əhəmiyyət kəsb edir.
Azərbaycan Respublikası Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin çıxışı da bu baxımdan olduqca dəyərli idi. İlk öncə Ədalət Vəliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin konfrans iştirakçılarına müraciətini səsləndirdi. O bir daha xatırlatdı ki, Qərbi Azərbaycanlıların qayıdış hüququ – hansısa siyasi ambisiyadan yox, insan hüquqlarının, mülkiyyət toxunulmazlığının və doğma torpaqlara bağlılığın fundamental hüququ kimi tanınmasından irəli gəlir.
Tarixə nəzər saldıqda görürük ki, XX-ci əsrin müxtəlif mərhələlərində, xüsusilə 1948–1953-cü illərdə və 1987–1989-cu illərdə Ermənistan tərəfindən həyata keçirilən sistemli deportasiyalar nəticəsində yüz minlərlə azərbaycanlı doğma yurdlarından qovulmuş, onların evləri dağıdılmış, qəbirlər təhqir olunmuş, mədəni irsləri silinmişdir. Bu, sadəcə etnik təmizləmə deyil, açıq-aşkar bir xalqın tarixdən silinməsi cəhdidir.
Ermənistan dövləti bu cinayətləri illərlə danmış, beynəlxalq ictimaiyyəti aldatmağa çalışmış və “demokratiya” adı altında əslində monoetnik bir dövlət yaratmışdır. BMT-nin İnsan Hüquqları üzrə Ümumdünya Bəyannaməsinə, Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktına, Avropa İnsan Hüquqları Konvensiyasına əsasən hər bir insanın doğma torpağına qayıtmaq hüququ vardır. Amma Ermənistan bu hüququ tanımır, əksinə, bu qayıdış ideyasını siyasi təhdid kimi təqdim etməyə çalışır. Halbuki, Azərbaycan Qərbi azərbaycanlıların qayıdışını sülh, dialoq və hüquqi çərçivədə həll olunmalı məsələ kimi görür.
Bu konfrans onu da göstərdi ki, artıq bu məsələ təkcə Azərbaycanla Ermənistan arasında olan ikitərəfli problem deyil, bu məsələ beynəlxalq miqyasda insan hüquqlarının kobud pozulması kimi dəyərləndirilməlidir. Dünya dövlətləri və beynəlxalq təşkilatlar, əgər doğrudan da ədalətdən və hüquqdan danışırlarsa, Ermənistanın etnik təmizləmə siyasətini açıq şəkildə qınamalı və Qərbi azərbaycanlıların qayıdış hüququnu dəstəkləməlidirlər.
Baxmayaraq ki, Ermənistan bu gün də özünü beynəlxalq aləmdə sülh tərəfdarı kimi təqdim etməyə çalışır, reallıqda isə bu ölkə regionda sülhə qarşı başlıca maneədir. Onların əsas məqsədi – Azərbaycanla uzunmüddətli sülh müqaviləsindən yayınmaq, revanşist əhval-ruhiyyəni saxlamaq və Qərbi Azərbaycan mövzusunu unutdurmaqdır. Amma nə Azərbaycan dövləti, nə də xalqı bu tarixi ədalətsizliyi unutmayacaq.
Konfransda Azərbaycan və Türkiyədən 250-yə yaxın iştirakçının, Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin birinci müavini, sədr müavinlərinin, TBMM üzvlərinin, dövlət qurumlarının, elm və iş adamlarının, qeyri-hökumət təşkilatlarının, media nümayəndələrinin iştirakı onu göstərdi ki, artıq dünya ictimaiyyətində bu məsələyə maraq artır. Bu, bizim haqlı mövqeyimizi daha güclü şəkildə təqdim etməyimiz üçün bir fürsətdir. Azərbaycan dövləti bu istiqamətdə bütün hüquqi və diplomatik vasitələrlə fəaliyyətini davam etdirəcək və Qərbi azərbaycanlıların sülh yolu ilə, təhlükəsiz şəkildə doğma torpaqlarına qayıdışı təmin olunacaq.Bu
konfrans bir çağırış idi – həm beynəlxalq ictimaiyyətə, həm Ermənistana, həm də bütün Qərbi azərbaycanlılara. Çağırış ondan ibarətdir ki, haqq geri qayıdır. Qayıdış – ədalətə qayıdışdır, insan hüquqlarına qayıdışdır, tarixin bərpasıdır.
Kamilə Əliyeva
Bakı Dövlət Universitetinin kafedra müdiri,professor