azturkxeber.az
http://azturkxeber.az

FIFA agenti: AFFA-nın qəbul etdiyi son qərarlar nəticəsində futbolun əhatəsi regionlara doğru genişlənəcək

28-02-2025

FIFA agenti: AFFA-nın qəbul etdiyi son qərarlar nəticəsində futbolun əhatəsi regionlara doğru genişlənəcək


“AFFA tərəfindən qəbul edilən son qərarların futbolumuzun inkişafına təkan verəcəyi şübhəsizdir. Lakin bir qədər zamana ehtiyacımız var”.

Bu sözləriaçıqlamasında FIFA agenti Səid Bağırov AFFA İcraiyyə Komitəsinin qərarları barədə danışarkən deyib.

Onun sözlərinə görə, düşünülmüş, planlı dəyişiklik bir çox halda uğur gətirir: “Məsələ bu prosesə başlamaqda idi və AFFA da bunu etdi. Əsas odur ki, başlanıldı və bununla da futbolun əhatəsi regionlara doğru genişlənəcək. Əlbəttə ki, hər bir yenilik özü ilə müəyyən çətinlikləri də gətirir. Məsələn, öncə infrastruktur problemləri, futbol sahəsində çalışacaq insan resursu çatışmazlığı, bölgələrdəki uşaq futbolunun hazırkı vəziyyəti və sairə. Bütün bunlar birdən-birə deyil, mərhələli şəkildə baş verəcək. Liqalar arasında yerdəyişmələrin bu şəkildə müəyyənləşdirilməsi daha ədalətli oldu. Premyer Liqada sonuncu yeri tutan komanda aşağı dəstəyə düşəcək, burada isə ilk 3 yeri tutan klublar Premyer Liqaya vəsiqə qazanacaq. Xüsusilə qeyd edək ki, bu, ilk növbədə, I Liqada mübarizəni daha da gücləndirəcək. Çünki 3 klubun Premyer Liqaya vəsiqə şansı yaranacaq. Onu da nəzərə alaq ki, yüksək liqaya yüksəlmək üçün digər ən əsas şərt lisenziya məsələsidir. Bu çox həssas və çətin məsələ olduğundan ümid edirik ki, I Liqa başa çatdığı zaman Premyer Liqaya yüksələcək kollektivlər lisenziyalarını da həll etmiş olacaqlar".

FIFA agenti qeyd edib ki, komandaların sayının artırılması ölkə futboluna marağı gücləndirəcək: “2025/2026-cı illər mövsümündən klublar 3 dövrəli sistemlə oynayacaq. Bu, ümumilikdə oyun sayını azaldır, 33 tur olacaq. Lakin öncəki illərdə bu say 36 idi. Ölkədə futbolun ümumi ab-havasını dəyişəcək komandalar əsasən region klublarıdır. Məhz bu qərarla liqaya maraq daha da artacaq, Premyer Liqada komanda sayının artması futbolumuza yeni azarkeşlər də qazandıracaq. Xarici təcrübə bunu göstərir ki, əgər siz futbolunuza azarkeş qazandıra bilsəniz, onlar da sizə pul qazandıracaqlar. Bununla azarkeşlər oyunlara bilet alıb, klublara xeyir verə bilərlər. Bu dəyişiklik, həmçinin I və II liqalarda səviyyənin artmasına səbəb olacaq. Legioner limitinin ləğvindən sonra Premyer Liqada legioner sayının artacağına görə buradan da yerli oyunçulardan aşağı dəstədə çıxış edən kollektivlərə gedənlər olacaq. Bu isə oyunların səviyyəsinə, gücünə təsir edəcək. Əgər qərarların tətbiqi dəqiq həyata keçirilərsə, yaxın bir neçə ildə futbolumuzun keyfiyyətində müsbət dəyişikliklər hiss olunacaq. Həmçinin II Liqadan 4 komandanın I Liqaya yüksəlmək imkanı var. Bu da öz növbəsində II Liqada mübarizəni daha da gücləndirəcək”.

AFFA-nın qəbul etdiyi son qərarların ümumilikdə Azərbaycan futbolunun inkişafı üçün atılmış çox önəmli addımlar olduğunu diqqətə çatdıran S.Bağırov bildirib ki, klublar arasında rəqabətin artırılması və eyni zamanda, ciddi tələblərin qoyulması və prosesə nəzarət edilməsi ölkə futbolunda müsbət nəticəsini yaxın illərdə göstərəcək: "Hər bir klub stadionun azarkeşləri tərəfindən dolmasını istəməlidir. Belə olan halda sponsorlar da rahat cəlb edilə bilər, hətta xarici oyunçuların seçimi tribunası dolu olan klublardan yana olar. Burada klublar öz texniki imkanlarını və insan resurslarını da diqqətlə seçməli, həmçinin daha yaradıcı yanaşmalar tətbiq etməlidirlər ki, öz klub idarəçilik ənənələrini inkişaf etdirsinlər”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    February 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
2425262728