BDU-nun tələbələri üçün infosessiya təşkil edilib
Bakı Dövlət Universitetinin (BDU) Karyera və məzunlarla iş mərkəzinin və “Bakcell” şirkətinin birgə təşkilatçılığı ilə tələbələr üçün infosessiya təşkil edilib.
BDU-nun İctimaiyyətlə əlaqələr və informasiya şöbəsindən bildirilib ki, infosessiyanın keçirilməsində məqsəd tələbələri şirkətin təcrübə proqramı haqqında məlumatlandırmaq, onları bu prosesdə aktiv iştiraka təşviq etmək, gənc mütəxəssislərin karyera inkişafına dəstək olmaqdır.
“Bakcell”in Satış departamentinin rəhbəri Anar Verdiyev bildirib ki, Təhsilin İnkişaf Fondu ilə “Bakcell” arasında bağlanmış əməkdaşlıq müqaviləsinə əsasən, tələbələrə 5GB həcmində internet paketinin verilməsi, həmçinin universitetlərdə təcrübə proqramları haqqında təbliğat fəaliyyətinin genişləndirilməsi nəzərdə tutulub. Tələbələrə təcrübə proqramının şərtləri, müraciət qaydaları və seçim meyarları haqqında geniş təqdimat edilib. Həmçinin bu proqramın onların peşəkar bacarıqlarının inkişafında oynadığı rol, praktiki biliklər qazanmaq imkanları və gələcək karyera perspektivləri barədə ətraflı izah verilib.
Sonda tələbələrin sualları cavablandırılıb.