azturkxeber.az
http://azturkxeber.az

Azərbaycan “WorldSkills Shanghai 2026” beynəlxalq yarışında “Medal of Excellence” qazanıb

28-09-2026

Çin Xalq Respublikasının Şanxay şəhərində 22–27 sentyabr tarixlərində keçirilən “WorldSkills Shanghai 2026” – 48-ci Dünya Bacarıqlar Yarışında Azərbaycan komandası kibertəhlükəsizlik istiqaməti üzrə “Medal of Excellence” mükafatına layiq görülüb.

Azturkxeber.az xəbər verir ki, beynəlxalq yarışda 70 ölkə və regiondan 1400-dən çox iştirakçı 64 bacarıq üzrə texniki bilik və praktiki səriştələrini nümayiş etdirib. Yarış 6 əsas sektor üzrə təşkil olunub.

Azərbaycan yarışda 7 bacarıq istiqaməti üzrə təmsil olunub. “WorldSkills Azerbaijan” komandasının üzvləri qaynaq, avtomobil texnologiyaları, dəmiryol nəqliyyatı texnologiyaları, elektronika, veb texnologiyaları, aşpazlıq və kibertəhlükəsizlik bacarıqları üzrə mübarizə aparıblar.

Yarışın açılış mərasimində Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru, “WorldSkills Azerbaijan” platformasının rəsmi nümayəndəsi İlqar Bayramlının rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti iştirak edib.

Kibertəhlükəsizlik bacarığı üzrə Azərbaycanı Əli Məhərrəmli və Yusif Kazımlı təmsil edib. Komanda 702 bal toplayaraq “Medal of Excellence” mükafatına layiq görülüb. Rəsmi nəticələrə əsasən, bu göstərici ilə Azərbaycan komandası Avstraliya (698), Koreya (696), Braziliya (684), Tailand (682), Hindistan (681), Malayziya (680) və Yaponiya (673) komandalarını geridə qoyub.

Bu nəticə Azərbaycanın “WorldSkills” tarixində ikinci “Medal of Excellence” uğurudur. Ölkəmiz bundan əvvəl 2022-ci ildə aşpazlıq bacarığı üzrə “Medal of Excellence” mükafatına layiq görülüb.

Kibertəhlükəsizlik istiqaməti üzrə namizədlərin seçimi və hazırlığı Azərbaycan Kibertəhlükəsizlik Mərkəzində təşkil olunub. Seçim prosesi “Capture The Flag” (CTF) formatında keçirilən mərhələləri əhatə edib. Final seçim mərhələsində iştirakçıların müdafiə və insidentlərə reaksiya, həmçinin hücum metodları və sistem boşluqlarının istismarı üzrə texniki bilik və praktiki bacarıqları qiymətləndirilib.

Bundan başqa, “WorldSkills Shanghai 2026” – 48-ci Dünya Bacarıqlar Yarışında “Elektronika” bacarığı üzrə yarışan Orxan Mustafayev “Best of Nation” medalına, Zarina Təhməzova isə “Best CCD – Medal of Excellence” mükafatına layiq görülüb.

Qeyd edək ki, Azərbaycan peşə bacarıqlarının inkişaf etdirilməsi, peşə təhsilinin qlobal standartlara uyğunlaşdırılması, gənclərin beynəlxalq arenada tanıdılması və məzunların əmək bazarına inteqrasiyasına dəstək məqsədilə 2020-ci ildə “WorldSkills International” təşkilatına 85-ci həqiqi üzv kimi qəbul olunub.

2023-cü ildə “WorldSkills Azerbaijan” İctimai Birliyi milli platforma kimi fəaliyyətə başlayıb.

“WorldSkills” hərəkatı peşə bacarıqlarının inkişafı, təhsil və əmək bazarı arasında əlaqələrin gücləndirilməsi, gənclərin müasir peşələr üzrə hazırlanması və beynəlxalq bacarıq standartlarının təhsil sisteminə inteqrasiyası baxımından mühüm platformadır.

“WorldSkills Shanghai 2026” yarışında Azərbaycanın əldə etdiyi “Medal of Excellence” ölkəmizdə peşə bacarıqlarının inkişafı və gənclərin beynəlxalq bacarıq yarışlarında iştirakının genişləndirilməsi istiqamətində həyata keçirilən fəaliyyətin nəticələrindən biridir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2026    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930