Milli Kitabxanada “26 avqust – Laçın şəhəri Günü” adlı virtual və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub


26 avqust 2026-cı il tarixində Milli Kitabxanada, Azərbaycan Ordusunun Laçın şəhərində avqustun 26-da yerləşməsi ilə bağlı “26 avqust – Laçın şəhəri Günü” adlı virtual və ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.
Azturkxeber.az xəbər verir ki, sərgilərdə rəsmi sənədlər, fotolar, Laçın şəhəri haqqında, eləcə də Vətən müharibəsi və Böyük Zəfəri əks etdirən Milli Kitabxananın fondunda mühafizə olunan kitablar, məqalələr və s. materiallar Azərbaycan, rus, ingilis dillərində nümayiş olunur.
Virtual sərgi ilə tanış olmaq istəyənlər https://anl.az/el/vsb/26_avqust_Lachin/index.htm linkindən istifadə edə bilərlər.
Laçının azad edilməsi Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin siyasi liderliyi, sərkərdəlik qabiliyyəti və Azərbaycan Ordusunun Vətən müharibəsindəki uğurlu hərbi əməliyyatları nəticəsində mümkün olub.
2022-ci il avqustun 26-da Laçın şəhərində Azərbaycanın Dövlət Bayrağı ucaldılıb. Əlamətdar günün bu tarixdə qeyd olunması Azərbaycan Ordusunun Laçın şəhərində avqustun 26-da yerləşməsi ilə əlaqədardır.
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev "Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında" 31 iyul 2023-cü il tarixində Sərəncam imzalayıb. Sərəncama əsasən, “26 avqust– Laçın Şəhəri Günü” elan edilib.
26 avqust -Laçın Şəhər Günü yalnız şəhərin azad edilməsinin xatırlanması deyil, həm də Azərbaycan dövlətçiliyinin, milli birliyin və tarixi ədalətin simvoludur. Bu günün qeyd olunması Azərbaycan xalqının milli iradəsini, dövlətin gücünü və tarixi ədalətin bərpasını əks etdirir.
Laçının azad olunması həm milli yaddaşımızda, həm də dövlətçilik salnaməmizdə strateji əhəmiyyətə malik dönüş nöqtəsidir.
Hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə Laçın rayonunda genişmiqyaslı bərpa və yenidənqurma işləri həyata keçirilir. Yol-nəqliyyat infrastrukturu, enerji layihələri, sosial obyektlər və beynəlxalq hava limanının inşası bölgənin inkişaf potensialını daha da artırır. “Böyük Qayıdış” proqramı çərçivəsində sakinlərin mərhələli şəkildə doğma yurdlarına qayıtması isə dövlətimizin uzunmüddətli inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Laçının dirçəlişi Azərbaycanın güclü və suveren dövlət siyasətinin bariz göstəricisidir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: