azturkxeber.az
http://azturkxeber.az

Gülbəniz Qənbərova FAO-nun “Aqrar-ərzaq sistemləri və kənd yerlərinin inkişafında 100 Qadın Qəhrəmanı” siyahısına seçilib

19-08-2026

Azərbaycanlı qadınların aqrar sahənin inkişafında və kənd icmalarının rifahının yüksəldilməsində mühüm rolunu nümayiş etdirən daha bir əlamətdar uğur əldə olunub.

Azturkxeber.az xəbər verir ki, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) tərəfindən Gülbəniz Qənbərova “FAO 100 Women Heroes in Agrifood Systems and Rural Development” – “Aqrar-ərzaq sistemləri və kənd yerlərinin inkişafında 100 Qadın Qəhrəmanı” təşəbbüsünün ilk seçilmiş iştirakçıları sırasında yer alıb.

FAO-nun Baş direktoru Qu Dongyu tərəfindən kənd təsərrüfatı naziri Məcnun Məmmədova ünvanlanan rəsmi məktubda bildirilib ki, Gülbəniz Qənbərovanın seçilməsi son dərəcə rəqabətli qlobal seçim prosesi nəticəsində baş tutub. Təşəbbüs çərçivəsində dünyanın 131-dən çox ölkəsindən 600-dən artıq namizəd irəli sürülüb. Bu namizədlər arasında Gülbəniz Qənbərova aqrar-ərzaq sistemlərinin gücləndirilməsi və kənd icmalarının həyat şəraitinin yaxşılaşdırılmasına verdiyi töhfələr, eləcə də liderlik, fədakarlıq və innovativ yanaşmaları ilə fərqlənib.

FAO-nun qiymətləndirməsinə əsasən, Gülbəniz Qənbərovanın fəaliyyəti qadınların ərzaq təhlükəsizliyinin təmin olunması, kənd yerlərinin inkişafı, ətraf mühitin dayanıqlılığının gücləndirilməsi, icmaların dayanıqlığının artırılması və iqtisadi imkanların genişləndirilməsi istiqamətlərində oynadığı transformativ rolu nümayiş etdirir.

Bu beynəlxalq tanınma yalnız Gülbəniz Qənbərovanın fərdi nailiyyətinin deyil, eyni zamanda Azərbaycanın aqrar-ərzaq sistemlərində qadınların lider, innovator, sahibkar, fermer və dəyişiklik agentləri kimi rolunun dəstəklənməsinə verdiyi önəmin beynəlxalq səviyyədə yüksək qiymətləndirilməsinin göstəricisidir. FAO məktubunda bu nailiyyətin Azərbaycan üçün qürur mənbəyi olduğu və bütün dünyada qadınlar və gənclər üçün ilhamverici nümunə təşkil edəcəyi vurğulanır.

Təşəbbüs 2026-cı ilin “Qadın Fermerlər Beynəlxalq İli” çərçivəsində qadınların aqrar-ərzaq sistemlərinin daha səmərəli, inklüziv, dayanıqlı və davamlı qurulmasına verdiyi mühüm töhfələri diqqətə çatdırmaq məqsədi daşıyır.

Gülbəniz Qənbərovanın bu nüfuzlu beynəlxalq təşəbbüsə seçilməsi Azərbaycanın aqrar sektorunda qadınların əməyinin və liderliyinin qlobal səviyyədə tanınması baxımından mühüm hadisədir.

Mükafatlandırma mərasimi 12–16 oktyabr tarixlərində İtaliyanın Roma şəhərində, FAO-nun Baş Qərargahında keçiriləcək Dünya Ərzaq Forumunun (World Food Forum) əsas tədbiri çərçivəsində keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, bu uğur Azərbaycan qadınının aqrar sahədə bilik, liderlik, innovasiya və fədakarlıqla yaratdığı dəyərin beynəlxalq səviyyədə daha bir parlaq göstəricisidir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    August 2026    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31