DSX Sərhəd Mühafizəsinin 107 illik yubileyi münasibətilə təbriklərə görə təşəkkür edib

Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasının 107-ci ildönümü münasibətilə dövlət qurumlarından, ictimaiyyət nümayəndələrindən, media təmsilçilərindən və vətəndaşlarımızdan daxil olan çoxsaylı təbriklər, səmimi arzular və xoş sözlər sərhədçilər tərəfindən böyük minnətdarlıq və qürur hissi ilə qarşılanıb.
Sərhədçi əməyinə verilən yüksək dəyər, göstərilən diqqət və mənəvi dəstək sərhədçilər üçün xüsusi əhəmiyyət daşıyır. Bu diqqət üzərimizə düşən məsuliyyəti daha da artırır, xidmət vəzifələrimizi yüksək peşəkarlıq, qətiyyət və fədakarlıqla yerinə yetirməyə ruhlandırır.
Sərhədçilər üçün ən böyük şərəfin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında, üçrəngli Zəfər Bayrağımızın kölgəsində müstəqil dövlətimizə və doğma xalqımıza sədaqətlə xidmət etmək, dövlət sərhədlərimizin etibarlı mühafizəsini təmin etməklə ölkəmizin təhlükəsizliyinə layiqli töhfə vermək olduğu bildirilib.
Qeyd olunub ki, 107 illik şərəfli sərhədçilik tarixinin formalaşdırdığı zəngin ənənələrə, şəhidlərimizin müqəddəs xatirəsinə və xalqımızın etimadına sadiq qalaraq bundan sonra da Vətənin keşiyində ayıq-sayıq dayanacaq, dövlət sərhədlərimizin mühafizəsi və müdafiəsi naminə üzərimizə düşən vəzifələri şərəf və ləyaqətlə yerinə yetirəcəyik.
Sonda Dövlət Sərhəd Xidməti (DSX) əlamətdar gündə onu təbrik edən, xoş arzuları və səmimi sözləri ilə mənəvi dəstək göstərən hər kəsə dərin təşəkkürünü və ehtiramını bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: