“Yüksəliş” müsabiqəsində BMU məzunlarının uğuru: 28 yarımfinalçı, 13 finalçı, 2 qalib
Bakı Mühəndislik Universitetinin (BMU) iki məzunu altıncı “Yüksəliş” müsabiqəsinin qalibləri sırasında yer alıb.
Universitetdən bildirilib ki, final mərhələsində iştirak edən 129 namizəd arasından ən yüksək nəticə göstərən 20 qalibdən biri Hikmət Əliyev olub. O, bakalavriat təhsilini BMU-da maliyyə ixtisası üzrə başa vurub, magistratura təhsilini isə Azərbaycan Dövlət İqtisad Universitetində alıb. Hazırda “PAŞA Sığorta” ASC-də Risklərin idarə edilməsi departamentinin direktoru vəzifəsində çalışır.
Müsabiqənin digər qalibi Mətanət Rzazadə bakalavriat təhsilini Azərbaycan Dövlət İqtisad Universitetində, magistratura təhsilini isə BMU-da maliyyə menecmenti ixtisası üzrə alıb. O, həmçinin Rumıniyanın Babeş-Bolyai Universitetində maliyyə və bank işi ixtisası üzrə təhsil alıb. Hazırda Azərbaycan Respublikasının Mərkəzi Bankının Bank fəaliyyətinə nəzarət departamentində bölmə rəhbəri işləyir.
Qeyd olunub ki, bu, BMU məzunlarının “Yüksəliş” müsabiqəsində qazandığı ilk uğur deyil. Universitetin məzunları əvvəlki mövsümlərdə də qaliblər sırasında yer alıblar.
Bu il müsabiqənin yarımfinal mərhələsində BMU-nun 28 məzunu iştirak edib. Onlardan 16 nəfəri bakalavriat, 12 nəfəri isə magistratura təhsilini universitetdə başa vurub. Final mərhələsinə yüksələn 13 məzundan 7-si bakalavriat, 6-sı isə magistratura məzunudur. Finalçılardan 2 nəfər müsabiqənin VI mövsümünün qalibi adına layiq görülüb.
Müsabiqənin mərhələlərini uğurla keçən BMU məzunları intellektual bacarıqları, analitik düşüncə qabiliyyətləri və idarəçilik potensialları ilə seçiliblər.
Universitetdə tətbiq olunan müasir təhsil yanaşmaları, praktik bilik və bacarıqlara əsaslanan tədris proqramları, eləcə də tələbələrin liderlik və şəxsi inkişafını dəstəkləyən akademik mühit məzunların peşəkar fəaliyyətlərində uğur qazanmalarına mühüm töhfə verir. İnnovativ düşüncə tərzi, interaktiv tədris üsulları və layihəəsaslı öyrənmə yanaşmaları onların əmək bazarında rəqabətqabiliyyətli mütəxəssis kimi formalaşmasına şərait yaradır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: