Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Coşqun Yılmaz Milli Kitabxananı ziyarət edib




27 oktyabr tarixində Türkiyə Respublikasının mədəniyyət və turizm nazirinin müavini Coşqun Yılmaz və onu müşayiət edən nümayəndə heyəti Azərbaycan Milli Kitabxanasını ziyarət edib.
Azturkxeber.az xəbər verir ki, görüş zamanı Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərindən, mədəniyyət və kitabxana sahəsində əməkdaşlığın genişləndirilməsi, birgə layihələrin həyata keçirilməsi imkanlarından bəhs olunub.
Qonaqları salamlayan professor Kərim Tahirov iki ölkənin ortaq tarixi və mədəni irsinə əsaslanan əlaqələrin əhəmiyyətini vurğulayıb. O, kitab mübadiləsi, milli ədəbiyyatın qarşılıqlı təbliği, nadir nəşrlərin və əlyazmaların tədqiqi istiqamətində əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini qeyd edib.
Professor Kərim Tahirov, həmçinin dahi Azərbaycan şairi Məhəmməd Füzulinin “Hədiqətüs-süəda” əsərinin orijinal əlyazma nüsxəsinin Milli Kitabxanaya hədiyyə edilməsindən bəhs edərək, bunun milli ədəbi-mədəni irsimizin qorunması baxımından mühüm əhəmiyyət daşıdığını bildirib. Görüş zamanı qonaqlara qədim əlyazma “Qurani-Kərim” nüsxələri də nümayiş etdirilib.
Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Coşqun Yılmaz iki ölkə arasında mədəni əməkdaşlığın inkişafını yüksək qiymətləndirərək, kitabxanaların və əlyazma fondlarının ortaq irsin qorunmasında mühüm rol oynadığını vurğulayıb. O, bu sahədə qarşılıqlı təcrübə mübadiləsinin və birgə təşəbbüslərin əhəmiyyətini qeyd edib.
Sonda qonaqlar Milli Kitabxananın fəaliyyəti ilə yaxından tanış olub, kitabxananın müxtəlif şöbələrini, oxu zalını, həmçinin Nadir kitablar və kitabxana muzeyi şöbəsini ziyarət ediblər. Qonaqlara kitabxananın zəngin fondu, müasir informasiya xidmətləri, elektron resursları və rəqəmsallaşdırma istiqamətində həyata keçirilən layihələr haqqında ətraflı məlumat verilib. Nadir kitablar və kitabxana muzeyi şöbəsində mühafizə olunan qiymətli nəşrlər, qədim əlyazmalar və milli-mədəni irsimizi əks etdirən nadir kitab nümunələri qonaqların xüsusi marağına səbəb olub. Burada onlara Məhəmməd Füzulinin “Hədiqətüs-süəda” əsərinin orijinal əlyazma nüsxəsi, ilk mətbu orqanımız olan “Əkinçi” qəzetinin, “Molla Nəsrəddin” jurnalının orijinal nüsxələri, Türklər haqqında 16-cı əsrdə çap olunmuş nədir nüsxələr nümayiş etdirilib və bu qiymətli nümunələrin tarixi-mədəni əhəmiyyəti haqqında məlumat verilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: